İbrahim İbrahimli: «Aqoniya vəziyyətində olan hakimiyyət strateji seçim qarşısında qalıb və yanlış addımlar atır»
Vidadi Mirkamal: «Hakimiyyətdəkilərin korrupsiya əməllərinin tənqid olunması onlarda qıcıq yaradıb»
Azərbaycan-ABŞ münasibətlərinin sərtləşməsi bütün müstəvilərdə özünü göstərməkdədir. Hətta 20 Yanvar faciəsinin 25-ci ildönümündə də Azərbaycan hakimiyyəti bu faciə üzərində siyasi konyunktura qurmağa çalışdı. Amma Qərb də susqunluq nümayiş etdirmədi. ABŞ Azərbaycanın suverenliyi və müstəqilliyini birmənalı şəkildə dəstəklədiyini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiq olduğunu bəyan etdi.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində Mixail Qorbaçova ünvanladığı müraciətin ortaya çıxmasına münasibət bildirərkən dedi ki, belə bir məktubla ümumiyyətlə, tanış deyil. Mediada bu haqda irəli sürülən iddiaların tamamilə yanlış və əsassız olduğu söyləyən Hoqan ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəklədiyini vurğuladı.
20 Yanvar faciəsində Amerikanın Qorbaçova təkan verməsilə bağlı hakimiyyətyönlü media orqanlarında yayılan məlumatlara münasibət bildirən hüquqşünas Vidadi Mirkamal deyir ki, bu iddiaların indi ortaya atılması tamamilə məntiqsizdir. Vidadi Mirkamal onu da qeyd edir ki, ABŞ və Fransada erməni lobbisi uzun illərdir ki, öz mənafeləri baxımından səmərəli iş aparır: “Onlar özləri tərəfindən xeyli sayda erməni konqresmen və senator seçilməsinə nail olublar. Bunu dana bilmərik. Ermənilərin xristian dünyasında çox böyük dəstəyi olması da bizə məlumdur. Amma sual doğur ki, bu məsələ nədən 24 ildən sonra ortaya çıxıb? Ehtimal ki, hakimiyyətdəkilərin korrupsiya əməllərinin tənqid olunması bunlarda qıcıq yaradıb. Onlar tənqid edən tərəfin bizə qarşı vaxtilə müsbət addım atmadığını göstərmək istəyirlər. Bu, qara piardır. Məsələnin belə formada qoyuluşu düzgün deyil. Beynəlxalq aləm azərbaycanlıların demokratik mühitdə, insan haqlarının qorunduğu, firavan bir ortamda yaşamasını istəyir. Avropa dəyərlərinə inteqrasiya edən bir dövlət bu dəyərlərlə yaşamalıdır. Ona görə də hesab edirəm ki, bugünlərdə ABŞ-ı belə bir formada tənqid hədəfinə çevirmək qara piardan başqa bir şey deyil”.
Politoloq Ibrahim Ibrahimli də deyir ki, hakimiyyətin son dövrlərdə yeritdiyi xarici siyasətdə mənfiyə meyllənən tendensiya hiss olunmaqdadır. Onun sözlərinə görə, əslində, siyasi konyunktura üzərində qurulan balanslı siyasətin məntiqli nəticəsi elə belə də olmalıydı: “Belə siyasət qorxulu tendensiyaları üzə çıxarmalıydı və artıq hakimiyyətin xarici siyasətində bunlar üzə çıxmağa başlayır. Kuba, Iran, hətta Şimali Koreyadan belə danışıqlarla bağlı mesajlar verildiyi, bu ölkələrin ABŞ-la danışıqlara başladığı bir vaxtda hakimiyyətin Amerikaya qarşı belə sərt münasibət bəsləməsi, dirsək göstərməsi çox gülünc və ölkəmiz üçün ciddi fəsadların baş verəcəyindən xəbər verir. Hakimiyyət özünün bir sıra administrativ üzvlərini Amerikaya göndərərək orada uzun müddət bu ölkəylə dil tapmaq, anlaşmaq cəhdində bulundu. Lakin bu mümkün olmadı və Amerika dəyərləri maraqlardan üstün tutdu, Azərbaycan hakimiyyətinin təklifini qəbul etmədi. Bundan sonra Amerika-Azərbaycan münasibətlərində belə kəskin münasibətlər yarandı. Hakimiyyət bundan sonra xarici siyasətində başqa yolu tutdu. Lakin bu siyasət heç bir uğur vəd etmir və hazırda aqoniya vəziyyətində olan hakimiyyət özünün strateji seçimini etməlidir. O, seçim qarşısında tərəddüd edərək bu cür yanlış addımlar atır və xalqı çıxılmaz vəziyyətə salaraq, onu dalana dirəyir”.
Nigar