«Müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını narazılıq yaradan şəxslərə qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırırıq»
Vurğun Əyyub: «Partiya Məclisinin toplantılarına qatılmaq niyyətim yoxdur, çünki seçkilərdə şübhəli məqamlar var idi»
Müsavat partiyasının qurultayından sonra başlanan qarşılıqlı ittihamlar hələ də davam edir. Qurultayın nəticəsindən narazı qalan tanınmış müsavatçılardan biri də Vurğun Əyyub oldu. O, ötən ay keçirilən qurultayda partiya Məclisinin üzvü seçilsə də, özünü Məclis üzvü hesab etmir. Bu səbəbdən də Müsavat Məclisinin iclaslarına qatılmır. Bunu Vurğun Əyyub “report”a açıqlamasında bildirib.
Vurğun Əyyub qeyd edib ki, partiya qurultayında keçirilmiş seçkiləri legitim hesab etmir: “Partiya Məclisinin toplantılarına qatılmaq niyyətim yoxdur. Çünki seçkilərdə şübhəli məqamlar var idi. Bizim haqqımızda necə istəyirlər tədbir görsünlər”.
Müsavat başqanının müavini Osman Kazımov isə bildirib ki, partiya Nizamnaməsində qurultayda seçkili orqanlara seçilmiş şəxslərin həmin orqanlardan kənarlaşdırılması qaydası yoxdur: “Məclisin iclaslarına qatılmayanlar kənarlaşdırıla bilməzlər. Sonuncu iclasda da qərara alındı ki, Məclisin iclaslarında iki dəfədən artıq iştirak etməyənlərə xəbərdarlıq olunsun. Yəqin ki, ictimai qınaq məsələsi gündəmə gələcək. Bilirik ki, onlar Məclisin iclaslarında qəsdən iştirak etmirlər”.
O.Kazımov qeyd edib ki, Qubad Ibadoğlunun tərəfdarlarının Məclisin iclasına qatılmaması doğru addım deyil: “Onlar Məclisdə iştirak etsəydilər, yəqin ki, seçilərdilər. Özlərini haqq-ədalət carçısı hesab edən insanlar Məclisin iclaslarını boykot edirlər. Bu addımla öz tərəfdarlarının da hüquqlarını pozurlar. Onlar özləri partiyadan kənarlaşırlar”.
Müsavat Məclisindən etiraz bəyanatı
Müsavat Partiyasının Məclisi qurultayın nəticələrinə etiraz edənlərlə bağlı növbəti dəfə bəyanat yayıb. “Azadlıq”a daxil olan bəyanatda bildirilir ki, hələ Qurultay keçirilməmişdən əvvəl rayon təşkilatlarındakı konfrans və ümumi yığıncaqların protokolları hərtərəfli dəqiqləşdirmələrdən sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarında ayrı-ayrılıqda təsdiqlənib: “Qurultay nümayəndələrinin yekun siyahısı da komitənin iclasında yekdil səslə təsdiqlənib. Uzun illərdən bəri demokratik düşərgənin hakimiyyətə təklif etdiyi prinsiplərə uyğun olaraq Qurultayda paritet əsaslarla Seçki komissiyası yaradılıb. Müsavat Partiyasının qurultayı aşkar, şəffaf keçirilib. Partiyanın başqanlığına keçirilən seçkilərdə səslərin sayılması videokameraların çəkilişi, jurnalistlərin gözü qarşısında baş tutub. Bu, Azərbaycan tarixində keçirilən ilk seçkidir ki, səslərin hesablanması bilavasitə canlı yayımla internet televiziyası vasitəsilə translyasiya edilib. Paritet əsaslarla formalaşmış Seçki komissiyası seçkilərin nəticələrini yekdilliklə qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib.
Qurultayın qərarı Müsavat üzvlərinin iradəsinin ifadəsi deməkdir. Səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, eyni zamanda bəzi kənar qüvvələr Qurultayda hər hansı pozuntular barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddilar irəli sürür, Qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd edirlər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Məclisi bu iddiaları partiyanın ali orqanı olan Qurultayın qərarlarına sayğısızlıq və partiya üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir, bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir.
Müsavat Məclisi həmçinin Qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir.
Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır”.
“Müsavatın bəyanatının mənim üçün önəmi yoxdur”
“Müsavat Partiyası Məclisinin bəyanatı mənim üçün önəmli deyil” – bunu “modern.az”a açıqlamasında Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy deyib.
O, Müsavat Məclisinin bəyanatına münasibət bildirərkən qeyd edib ki, partiya saxtakarlıqlar barədə şikayəti araşdırmalıdır: “Onlar bu şikayətə cavab versinlər, sonra bəyanat haqqında danışarlar”.
Qubad Ibadoğlunun müraciətinə ilkin rəy verilib
Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Xuraman Bağırova isə “qafqazinfo”ya açıqlamasında deyib ki, Məclisin iclaslarına qatılmayanlarla bağlı Divanın iclasından sonra araşdırma aparılacaq: “Mərkəzi Nəzarət Təftiş Komissiyası Məclis iclaslarında iştirak etməyən üzvlərlə bağlı araşdırma aparmayıb. Bu məsələ öncə Divanda müzakirə olunacaq. Amma biz oktyabrın 16-da ilk iclasımızı keçirdik. Qubad Ibadoğlunun ünvanladığı arayışla bağlı ilkin rəy hazırlamışıq”.
X.Bağırova qeyd edib ki, araşdırma zamanı Qubad Ibadoğluna əlavə sorğular göndərilib: “Qubad bəy video və audio sorğuları bizə göndərmədiyi üçün əlavə suallar yarandı. Biz yenidən sorğular göndərdik. Oktyabrın 21-də Qubad Ibadoğlu MNTK-ya sorğu ilə bağlı sənəd təqdim etdi. Bundan sonra iclasımız olmadığı üçün yekun qərar verilməyib. Bu həftə yeni seçilən MNTK üzvləri görüşüb iclas keçirəcəyik. Yaxın günlərdə yekun rəy veriləcək. Bizim hələ Qubad bəyə cavab vermək üçün vaxtımız var. Ilkin rəyin məzmunu hələ mətbuata açıqlanmır. Yekun rəylə birgə Qubad Ibadoğluna təqdim ediləcək”.