Siyasi mühacirlər Brüsseldə növəbti etiraz aksiyası keçirəcəklər
Sentyabrın 24-də Avropada yaşayan azərbaycanlı mühacirlər Brüsseldə növbəti etiraz aksiyası keçirəcəklər. Etiraz aksiyasının məqsədi Azərbaycanda siyasi həbsləri və repressiyaları Avropa ictimai rəyinə duyurmaq, eləcə də Azərbaycandakı siyasi dustaqlara mənəvi dəstək verməkdir.
Aksiyaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Həsən Qafarov (Belçika) «Azadlıq» qəzetinə bildirib ki, tədbirə hazırlıqlar yaxşı gedir və effektiv bir etiraz aksiyası keçirə biləcəklər. «Buradakı etiraz aksiyalarında kütləvilikdən daha çox effekt önəmlidir. Buna baxmayaraq, biz həm kütləviliyi, həm də effektiv tərtibatı təmin etməyə çalışacağıq. Yadınızdadırsa, Strasburqda AŞ PA-nın iclas salonunda cəmi beş-altı nəfərlə keçirilən aksiyanın çox güclü effekti olmuşdu. İndi biz buna bənzər bir aksiyanı, amma daha kütləvi şəkildə Brüsseldə təşkil etmək fikrindəyik. Tədbirə qatılanlar çox olacaq. Burada müxtəlif ölkələrdən gələn mühacirlər iştirak edəcək. Fikrimcə, siyasi mühacirlər (söhbət həqiqi siyasi mühacirlərdən gedir) Azərbayycanda güclənməkdə olan repressiyaların oradakı mübarizə və əqidə dostlarımız üçün hansı ağır şərtləri yaratdığının fərqindədirlər. Buna görə də, biz repressiyaları gücləndirməkdə olan Azərbaycan hökuməti üçün öz sürprizlərimizi yaratmağı bacarmalıyıq».
Həsən Qafarov bildirib ki, etiraz aksiyasında həm Demokratik Azərbaycan Hərəkatının (DAH) üzvləri , həm də bu quruma daxil olmayan, amma davamlı siyasi aktivlik nümayiş etdirən ayrı-ayrı siyasi mühacirlər fəallıq göstərəcəklər.
azadliq.info