Hakim partiyanın müavinlərinə niyə tribuna verilmir?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin dörd müavini var: Əli Əhmədov, Akif Əlizadə, Əli Həsənov və Mehriban Əliyeva. Lakin müşahidələr göstərir ki, bu gün YAP-da siyasi açıqlamalarla çıxış edən yalnız Siyavuş Novruzovdur. Bəs digər müavinlər niyə danışmır?
YAP-dakı mənbələrdən aldığımız məlumata görə, məsələnin kökündə “köhnələrlə” “yenilər”in mübarizəsi dayanır. Burada “köhnələr” dedikdə YAP-ın yaradılmasında iştirak edən, “Əliyevçi qvardiya” kimi tanınan YAP-çılar nəzərdə tutulmur. Onları çoxdan sıradan çıxarıblar. Əli Insanov həbsdədir, Əli Nağıyev, Maksim Musayev, Əli Əlirzayev küncə sıxışdırılıb. YAP-ın adını qoyan mərhum Sirus Təbrizli də partiyadan çıxarılmışdı.
Indiki “köhnələr” “Əliyevçi qvardiya”nı sıradan çıxaran Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasıdır. “Yenilər”ə gəldikdə isə bu şəxslər hakimiyyətdə ən güclü qruplaşmalardan olan Paşayevlərə yaxın YAP-çılardır.
Paşayevlər hələ 2008-ci ildə keçirilən prezident seçkisindən sonra Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) bazasında ikinci iqtidar partiyası yaratmağı planlaşdırmışdılar. YAP-ın Ramiz Mehdiyevin nəzarətində olması və hakim partiyaya nüfuz etməyin mümkünsüzlüyü onları siyasi iddialarını gerçəkləşdirmək üçün belə addım atmağa məcbur etmişdi. Lakin Ramiz Mehdiyevin çevikliyi bu planın iflasa uğraması ilə nəticələndi. Ikinci iqtidar partiyasına çevrilmək istəyən DADP iki yerə parçalandı.
Bundan sonra Paşayevlər üçün YAP-a nəzarət uğrunda mübarizə labüdləşdi. Onlar bu iddialarını Ramiz Mehdiyevin mövqeləri bir qədər zəifləyən kimi açıq ortaya qoydular. Bu 2013-cü il prezident seçkisi ərəfəsinə təsadüf edirdi. Həmin vaxt Elşad Abdullayevin yaydığı videolardan ciddi zərbə alan Ramiz Mehdiyev əvvəlki kimi proseslərə nüfuz edə bilmirdi. Beləliklə, seçki ərəfəsi keçirilən qurultayda Paşayevlərin iki mühüm siması – Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və ölkə başçısının xanımı, deputat Mehriban Əliyeva YAP-ın rəhbərliyinə gətirildi. Bu Paşayevlərin YAP-a nəzarəti ələ keçirmək üçün ən mühüm addımlarından biri idi.
Bundan sonra hakim partiyada faktiki olaraq ikitirəlik yarandı. Mehdiyevin və Paşayevlərin tərəfdarları.
YAP-dakı mənbələr deyir ki, bu ikitirəlik hələ də davam edir. “Əli Əhmədov da qurultaydan əvvəl Paşayevlərin çətiri altına keçmişdi. Əli Həsənova gəlincə, o, Ramiz Mehdiyevə yaxın olsa da, Paşayevlərə qarşı ittifaqda iştirak etmir. Əslində ona YAP-da müavin postu verilməsi Ramiz Mehdiyevin əməyi idi. Amma o, intriqalardan kənarda qalmağı üstün tutur. Beləliklə, faktiki olaraq Ramiz Mehdiyevin YAP-ın müavinlər arasında adamı yoxdur. Ona görə, Mehdiyev icra katiblərinin müavinləri Mübariz Qurbanlı ilə Siyavuş Novruzovu önə vermişdi. Yəni, YAP-ın adından siyasi açıqlamaları verməyə məhz adıçəkilən bu şəxslər mükəlləf idi”, – deyə mənbələr bildirir.
Iddialara görə, Paşayevlər də bunun qarşısını almaq üçün Ramiz Mehdiyevə yaxın YAP-çılara kiçik vəzifələr verməklə onları partiyadan təcrid edir: “Mübariz Qurbanlının dini komitəyə sədr təyinatının səbəblərindən biri də məhz budur. Indi Siyavuş Novruzov tək qalıb, ona görə də açıqlamaları yalnız o verir. Bu aydındır ki, Mehriban Əliyevaya hətta hökumət mediasının çıxışı çətindir. Amma Akif Əlizadə və Əli Həsənovdan açıqlamalar almaq mümkündür. Lakin məqsədli şəkildə Mehdiyevin tapşırığı ilə hökumət mediası Siyavuş Novruzova yönləndirilir”.
Beləliklə, məlum olur ki, YAP-dakı ziddiyyətlər hökuməti Siyavuş Novruzovun ümidinə qoyub.
Analitik informasiya şöbəsi