“Əslində proses çoxdan başlayıb və bir məqsədə xidmət edib…”
“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb qəzetin nəşriyyata olan borclarıdır. Qəzetin nəşriyyata 20 min manatdan artıq borcu yığılıb. Qəzet borcu düşünülmüş şəkildə salındığı maliyyə böhranına görə ödəyə bilmir. Qəzetin ən böyük satıcısı “Qasid” firması ona olan 70 min manatdan artıq borcu ödəmir. KİV-ə dövlət dəstəyi fondu da qəzetin layihələrini maliyyələşdirməkdən imtina edib. Qəzet satış firmalarına yaradılan əngəllərə görə “Azadlıq”ın tirajı və deməli, gəlirləri də azalıb.
Nəşriyyatın sanksiyası artıq bu gündən qüvvəyə minib və qəzet sabah satışda olmayacaq.
Yaranmış vəziyyətlə bağlı qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bunları deyib:
“Bu gün nəşriyyat bizə xəbərdarlıq etdi ki, qəzetin nəşriyyata borcu ödənilmədiyindən «Azadlıq»ı çap edə bilməyəcək. Bizim «Azərbaycan» nəşriyyatına 20 min manatdan artıq borcumuz var. Amma bu bizim günahımızdan deyil, qəzetimizi satan «Qasid» mətbuat yayımı firmasının günahı üzündən yaranan borcdur. Bu firma illərdir bizdən qəzet alıb satır, 70 min manatdan çox pulumuzu vermir. Dəfələrlə «Qasid»in qarşısında aksiyalar keçirmişik, amma xeyri olmayıb. Nəticədə biz də nəşriyyata olan çap xərci və kommunal xidmətlərə görə borclarımızı ödəyə bilmirik.
Əslində proseslər çoxdan başlayıb. Qəzet metrodan və səyyar satışdan çıxarılıb. Bundan başqa KİV-ə Dövlət Dəstəyi Fondu bizə maliyyə yardımını dayandırıb. Bütün bunlar sonda bir məqsədə xidmət edib. Bu səbəbdən avqustun 1-dən «Azadlıq» qəzeti satışda olmayacaq.
“Azadlıq” son dövrlər bir neçə dəfə belə problemlə üzləşib, amma son anda nəşriyyata olan borcun ödənilməsi ilə qəzetin çapının dayanmasına imkan verilməyib. Bu dəfə belə bir imkandan məhrumuq. Biz iki aydır əməkdaşlarımızın maaş və qonorarını belə verə bilmirik, başqa bir çıxış yolumuz da yoxdur”.