Bir neçə gün öncə Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov diqqət çəkən açıqlama ilə çıxış edib və Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı zamanı Rusiya xalqlarını bu məclisin ətrafında birləşməyə çağırıb: “Biz bir dəfə doğma ölkəmizi dağıtmışıq. Çox təəssüf ki, SSRI adlı evimizi müxtəlif ”milli mənzillərə” böldük. Belə unikal bir ölkə bir də ələ düşməyəcək. Gəlin Rusiya Xalqları Məclisinin ətrafında birləşək və milli-mədəni muxtariyyətlərimiz üzrə hərəkət edək” – deyə Abbas Abbasov bildirib.
Abbas Abbasovun səsləndirdiyi fikirlər zərərlidir və bunu qətiyyən təqdir etmək olmaz. Bu fikirlərin Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxsin dilindən səsləndirilməsi isə ikiqat biabırçılıqdır.
Diqqət çəkən məqam ondan ibarətdir ki, bu açıqlamadan sonra mətbuat səhifələrində Abbas Abbasova qarşı kampaniya başladı və onun “Istiqlal” ordenindən məhrum edilməsi təşəbbüsü meydana çıxdı.
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, Eldar Sabiroğlu bildirib ki, Abbas Abbasov “Istiqlal” ordenindən imtina etməlidir. “Insan təkcə bu gün üçün yaşamır, o, gələcəyini də düşünməlidir. Əslində, Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini olmuş bu şəxs təpədən-dırnağa qədər Rusiyapərəst imperiya tərəfdarı olmuş adamdır. Indi də o hər şeyi aşkar şəkildə ortaya qoyur. Çox istəyirəm və yaxşı olar ki, o, ”Istiqlal” ordenindən imtina etsin. O özündə bu cəsarəti tapmırsa, o zaman “Istiqlal” ordeni Abbas Abbasovun əlindən alınsın. Bu gün Abbas Abbasov “ya müstəqil Azərbaycan dövləti, ya da SSRI-nin bərpası” seçimi qarşısında qalsa, o, imperiyanın bərpasının tərəfdarı olacaq”.
Bu açıqlamadan sonra Abbas Abbasovla bağlı məsələ uzandı və hər gün bu məsələ ilə bağlı məqalələr dərc olunur. Bir sözlə, indi hökumət Abbas Abbasovu rus sevgisinə görə cəzalandırmağa start verib.
Hökumətin bu açıqlamadan narahat olması, qeyri-səmimi görünür. Çünki, hakimiyyət komandasında rusiyapərəstələr çoxdur və zaman-zaman bunu açıq elan ediblər. Bir müddət öncə millət vəkilləri Qüdrət Həsənquliyev, Eldar Ibrahimov və digərləri açıq şəkildə Rusiya çağırışı etdilər. Putinə məktub yazmaqdan tutmuş, rus qoşunlarının Azərbaycana gətirilməsinə qədər, bütün təkliflər irəli sürüldü. Ancaq bu adamlara qarşı heç bir qınaq, töhmət, etiraz hiss olunmadı.
Digər tərəfdən, bu gün Azərbaycanda yüksək vəzifə tutan xeyli adam var ki, müstəqillik aktının əleyhinə səs veriblər. Abbas Abbasov da istiqlalın əleyhinə səs verənlərdən biridir. Istiqlalın əleyhinə səs vermiş adama niyə “Istiqlal” ordeni verilirdi ki, indi də geri alınması tələb olunsun?
Milli Məclisin komitə sədri Arif Rəhimzadə, MM-in Aqrar Siyasət komitəsinin sədri Eldar Ibrahimov, Su və Meliorasiya komitəsinin sədri Əhməd Əhmədzadə, Baş nazirin müavini Əli Həsənov və digərləri SSRI-nin saxlanmasının lehinə səs veriblər. Göründüyü kimi, istiqlalın əleyhinə səs verənlər, SSRI-yə sevgisini səsiylə isbat edənlər, bu gün yüksək vəzifə tuturlar. Necə olur ki, bu adamların antimilli addımı bugünə qədər təqdir olunur, amma Abbas Abbasovun fikirləri qəzəb doğurur və onun “Istiqlal” ordenindən məhrum edilməsi təşəbbüsü meydana çıxır?
Demək istədiyimiz odur ki, Abbas Abbasova qarşı aparılan kampaniya hakimiyyətin müstəqillik sevgisi ilə bağlı deyil.
Sadəcə olaraq hakimiyyət “mənimlə birlikdə deyilsənsə, mənim düşmənimsən” prinsipi ilə idarə edir və Abbas Abbasov da hakimiyyətin çətirindən kənarda fəaliyyət göstərdiyi üçün uzun müddətdir hədəfdədir.
Bir daha qeyd edirik ki, Abbas Abbasovun yuxarıda qeyd etdiyimiz fikirləri kəskin tənqidə layiqdir. Bu tənqidin hakimiyyət təmsilçilərinin dilindən səsləndirilməsi isə qeyri-səmimi və ifşaedicidir.