Hakimiyyətin evcik-evcik oyunu da adlandırmaq olar
Əbülfəz Qurbanlı
Gənclərlə bağlı yeni qurum yaradıldı: Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin tərkibində gənclərlə iş sektoru. Buna qədər hədəf qrupu gənclər olan daha iki dövlət qurumu vardı: Gənclər Idman Nazirliyi və Gənclər Fondu. Bundan başqa, indiyədək gənclərlə bağlı bir neçə dövlət gənclər proqramları təsdiq olunub, onlarla tədbirlər haqda qərarlar verilib.
Yəni dövlət strukturlarının yaradılmasını hakimiyyət evcik-evcik oyununa çevirib. Bu, təxminən mövcud strukturların ləğv olunmadığı halda, onların işini görən “Asan” xidmətin qurulmasına bənzəyir. Indi də gənclər sektorunda oxşar proses davam edir.
Hökumətin tərkibində 2 gənclər qurumu olduğu halda 3-cüyə ehtiyac var idimi? Azərbaycan gəncliyinin qayğıları baxımından buna ehtiyac yoxdur. Mövcud olan təsisatlar və proqramlar hansı gəncin həyatın dəyişib ki?
Mənzil, təhsil, iş, səhiyyə və başqa sahələrdə gənclərin problemi həll olundumu? Gənclərin azadlıq, seçmək və seçilmək hüququ təmin olundumu? Yüz minlərlə evsiz gənc ailə mənzillə təmin olundumu? Iş sahibi oldumu? Heç bir şey dəyişməyib, əksinə, hansı gənc ailənin kirayə evlərinin qapısın döysən, kredit əsarətində, ehtiyaclar içində olduğunu görərsiz. Təhsillə bağlı artıq yazmağa lüzum yoxdur, bir neçə aya ali məktəbə qəbullar zamanı bal faizləri hər şeyi növbəti dəfə aydın göstərəcək.
Gəncliyin 2 qrupunun durumuna acıqla toxunmuram: ölkəsində demokratik dəyərlər və ədalətli idarəçilik uğrunda savaşarkən şərlənən, repressiyalara məruz qalan müxalifətçi gənclərin və bir ovuc məmurun yağ-bal içərisində yaşayan övladlarının.
Belə bir şəraitdə nədir gənclərlə iş sektorunun yaradılmasını zəruri edən?
– Elnur Aslanovun və dostlarının vurulmasından sonra onlara yaxın olan gənclər naziri Azad Rəhimovun vurulması.
– Gənclərə dəstək yox, gənclərə nəzarət işinin Əli Həsənovun aid olduğu hakimiyyət qrupunun əlinə keçməsi.
Çox əcaibdir ki, müxalifət təşkilatlanıb meydana girəndə də (2005-ci ildə “Irəli”nin yaradılması, dövlət gənclər proqramının qəbulu, 2011-ci ildə Ilham Əliyevin “gənclərlə görüşü”, növbəti proqramın qəbulunu yada salıram) gənclərlə iş siyasi iqtidarın aləti olur, hakimiyyətiçi savaşda da.
Ilham Əliyevin azərbaycanlı gənclərə münasibəti bu formada ortaya çıxır. Buna görə də heç zaman bu ölkənin ayıq gəncliyi Əliyevləri dəstəkləməz. Aldanıb dəstəkləməsinə yol verməmək üçün qarşımızda çox böyük görəvlər durur. Ey haqqı nahaqqa qurban etməyən gənclər!
Gələcəyini alçaq sinələrdə daşınan saxta bülletenlərlə deyil, tək səsi ilə qurmaq istəyən dostlar, məsuliyyətli və ardıcıl olmaqla həmyaşıdlarımızın istifadə olunmasına, baş verənlərə biganə qalmasına yol verməyək!
Növbəti yazımda gələcək iqtidarımızda gənclər sahəsində nə etmek istədiklərimizi yazacam, təkliflərinizi gözləyirəm.