AXCP hazırda mühacirətdə olan üzvü Rəsul Mürsəlovun ailə üzvlərinə Azərbaycanda təzyiq göstərilməsi ilə bağlı bəyanat verib. Bəyamatda deyilir:
Son zamanlar Azərbaycan hökuməti çox təhlükəli və yaramaz bir praktikaya baş vurmaqdadır. Repressiyalarla təngə gətirilən və ölkədən didərgin salınan Azərbaycan vətəndaşları kütləvi şəkildə ölkəni tərk edirlər və əsasən də Avropa ölkələrinə üz tuturlar. Bunların bir çoxu o insanlardır ki, hakimiyyətin davamlı təhdid və təzyiqləri altında öz düşüncələrindən və əqidələrindən imtina etmirlər və şəxsi ləyaqətlərini qorumaq üçün mühacirətə getməkdən başqa yol tapmırlar. Aydındır ki, bu insanlar ölkəni tərk etdikdən sonra öz düşüncələrini paylaşmaqda, ifadə etməkdə daha azad şərait əldə edirlər və öz mülahizələrini sosial şəbəkələr vasitəsilə, eləcə də digər qanuni yollarla ifadə edirlər.
Azərbaycan hökuməti uzun illərdir ki, ölkədən didərgin saldığı insanları Avropada haqlamaq, onların arasından nisbətən daha zəif iradəli olanları aşkar edərək, özünün təbliğat elementlərinə çevirmək siyasəti aparıb. Bundan əlavə, hökumətin müvafiq strukturları, hətta Avropa ölkələrinə saxta mühacirlər də yerləşdirməklə bu istiqamətdəki fəaliyyətini genişləndirməyi bacarıb. İndi faktiki olaraq, belə vəziyyət yaranıb ki, dünyanın bir çox ölkələrinə səpələnən azərbaycanlılar arasında hansısa şirnikləndirici təkliflər və vədlərə görə əvvəlki siyasi baxışlarından imtina edərək repressiv rejimin təbliğatçılarına çevrilən çoxlu sayda mühacirlər peyda olub.
Amma bütün mühacirlər belə deyil. Öz əqidəsindən imtina etməyən, ölkədən didərgin salındığına görə şəxsi qəzəbini də ictimai baxışlarına əlavə edərək prinsipal mövqeyini qoruyub saxlayan, Azərbaycandakı repressiyaların və avtoritarizmin ifşası üçün əlindən gələni edən çoxlu sayda mühacirlər vardır. Azərbaycan hakimiyyətinə elə gəlir ki, bu cür insanlarla haqq-hesab çəkməyin xüsusi bir yolunu aşkar edib. Bu, həmin insanların Azərbaycandakı qohumlarının faktiki olaraq girov götürülməsi yolu ilə onlara təzyiq etməkdən ibarətdir.
Son günlərdə bu praktika mühacirətə məcbur edilən AXCP fəalı Rəsul Mürsəlovla bağlı tətbiq edilməkdədir. Ölkə mətbuatında bu barədə informasiyalar yayılmaqdadır. Rəsul Mürsəlovun az qala, bütün qohumları, ailə üzvləri Zaqatala polisi tərəfindən saxlanılmış, onlara təzyiqlər göstərilməkdədir. Hakimiyyətin rəsmi nümayəndələri mühacirətdə olan Rəsul Mürsəlovla əlaqə saxlayaraq sosial şəbəkələrdə mövcudluğuna son vermək şərti ilə qohumlarının və ailə üzvlərinin sərbəst buraxılacağı tələbi irəli sürürlər. Açıq-aşkar belə danışıqlar aparılır. Bu, dünyanın heç bir hökumətinin özünə yaraşdırmayacağı bir davranışdır. Bu, Azərbaycanı bütün dünyada rüsvay edə biləcək bir praktikadır. Bundan əlavə, bu praktikadan dərhal və birmənalı olaraq imtina edilməzsə Azərbaycandakı passiv vətəndaş qarşıdurması və qarışılıqlı nifrət Avropada yaşayan azərbaycanlılar arasında da sürətlə yayıla, dərinləşə bilər.
Azərbaycan Xalq Cəbhəsi bu misli görünməmiş inzibati təhdid və girov götürmə praktikasının dərhal dayandırılmasına çağırır, eyni zamanda Rəsul Mürsəlovun ailə üzvlərinə qarşı təzyiqlərə dərhal son verilməsini tələb edir.