Əliyevin Almaniyaya səfərinin uğur kimi təqdim edilməsinin pərdəarxası
Azərbaycan hakimiyyətilə Qərb arasında münasibətlərin gərgin olması Ilham Əliyevin komandasında narahatlıq yaradıb. Artıq iqtidar ideoloqları da bunun fərqindədirlər və bu narahatlığı aradan götürmək, mərkəzdənqaçma meyllərinin qarşısını almaq üçün səylərini gücləndiriblər. Iqtidar ideoloqları bu məsələdə əsasən Ilham Əliyevin Almaniyaya səfərindən yararlanmağa çalışırlar. Hakimiyyət daxilindən “Azadlıq”a sızan məlumata görə, iqtidarın nəzarətində olan mediada ölkə başçısının Almaniyaya səfərinin müsbət notlarla təqdim edilməsi komanda daxilində arxayınlıq yaratmağa hesablanıb.
Iqtidar mediasında bu səfər az qala Azərbaycanın uğuru kimi təqdim edilir. Sanki Azərbaycan hakimiyyətinin Almaniya və Avropa Birliyi arasında münasibətlərində hər hansı gərginlik yoxdur. Halbuki Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu səfərdən az əvvəl bəyan etmişdi ki, ABŞ və Avropa ilə münasibətlər dözülməz həddədir. Bundan başqa, Ilham Əliyevin səfəri bir neçə qalmaqalla yadda qalıb. Ölkə başçısına qarşı Berlində aksiya keçirilib. Almaniyanın federal kansleri Angela Merkel ilə birgə mətbuat konfransında isə “Siyasi məhbuslara azadlıq”, “mətbuata azadlıq” şüarları səsləndirilib.
Ekspertlər hesab edir ki, bu aksiyalar təsadüfi deyil. Bütün bunlar Almaniyanın, Avropa Birliyinin Azərbaycan hakimiyyətinə münasibətinin göstəricisidir. Bundan başqa, Angela Merkellə görüşdən bir neçə gün sonra Böyük Britaniya parlamenti Azərbaycanla bağlı bəyanat qəbul edib. Bəyanatda hakimiyyətdən siyasi məhbusları dərhal, qeyd-şərtsiz azad etmək tələb olunub. Ilham Əliyevin “Soros Fondu”nun rəhbəri Corc Sorosla görüşü də uğurlu olmayıb. Hər halda bu görüşdən dərhal sonra Soros Fondu Azərbaycandakı repressiyaları pisləyən bəyanat yayıb.
Bütün bunların qarşılığında komandanı sakitləşdirmək üçün Ilham Əliyevin Almaniyaya səfərini “qələbə”, “Lissabon uğuru” sayaq təqdim etməyin müsbət nəticə verəcəyi inandırıcı görünmür.
Akif