Tural Abbaslı: «Bu istiqamətdə çoxdan fikirlər müzakirə olunur, danışıqlar gedir»
Müsavat partiyasına başqanlıq seçkisindən sonra yaranmış narazılıqlar getdikcə daha da dərinləşir. Artıq narazı müsavatçıların fraksiya yaratmaları barədə məlumatlar yayılıb. “Qafqazinfo”nun bu barədə yaydığı xəbərdə bildirilir ki, fraksiyanın əsas təşəbbüskarı qurultayda başqanlıq seçkisi zamanı namizəd olmuş Tural Abbaslıdır.
Partiyadakı narazılıqlar fonunda Tural Abbaslı sakit və diplomatik davranırdı. O, iki dəfə Məclis üzvlüyünə namizədliyini versə də, seçilmədi.
Məlumatda qeyd olunur ki, artıq Tural Abbaslı və tərəfdarları digər məğlub olan namizəd Qubad Ibadoğlunun tərəfdarları ilə danışıqlara başlayıb: “Qubad Ibadoğlu hazırda ölkə xaricində olduğu üçün səfərdən qayıtdıqdan sonra özü ilə danışıqlar aparılacaq. Açıq formada bu fraksiyada iştirak etmək istəsə, onun da adı açıqlanacaq. Razılıq verəcəyi təqdirdə, fraksiya həmsədrlik institutu əsasında fəaliyyət göstərəcək. Müzakirə prosesindən asılı olaraq fraksiyanın yarandığı yaxın günlərdə elan edilə bilər.
Partiya daxilində yeni birliyin yaranma səbəbinə gəlincə, bildirilir ki, məqsəd başqan Arif Hacılının monopoliya və avtoritarizm qurmaq cəhdinin qarşısını almaqdır. Yeni fraksiyanın adı haqda konkret qərar verilməsə də, “Gənclər fraksiyası” adı ilkin variant kimi müzakirə edilir.
Məlumata görə, yeni fraksiya yalnız nizamnamə çərçivəsində fəaliyyət göstərməyə çalışacaq. Birliyə narazı olan hər kəs – rayon təşkilat sədrləri, sərbəst Məclis üzvləri, ziyalılar, xanımlar və s. cəlb ediləcək”.
Tural Abbaslı özü də məlumatı təsdiqləyib. O, “musavat.com”a bildirib ki, fraksiya ilə bağlı yayılan xəbərlər doğrudur: “Bu istiqamətdə çoxdan fikirlər müzakirə olunur, danışıqlar gedir. Qubad bəyin tərəfdarları da vaxtilə bu fikirdə olublar, biz də bu məsələləri müzakirə etmişik. Bu, olsa belə, nizamnamə çərçivəsində olacaq, əsas məqsəd partiya daxilində demokratiyanın qorunması, balansın yaradılmasıdır. Məqsəd tək bir tərəfin, qalib gələn tərəfin yox, digər tərəflərin də təmsil olunmasıdır. Bu gün partiya daxilində maksimum nəzarətə ehtiyac var”.
Qubad Ibadoğlu da bildirib ki, fraksiya müzakirələri köhnə məsələdir və bununla bağlı çoxsaylı təkliflər var: “Müxtəlif təkliflər səslənib, ancaq yekun qərarımız olmayıb. Bununla belə, bu məsələ gündəlikdə qalır. Fraksiya yaradılması məsələsi ilə bağlı son müzakirələrdən isə ölkədə olmadığım üçün xəbərsizəm. Görüşlər olubsa, məlumatsızam. Məsələ mənimlə birbaşa müzakirə olunmayıb”.
Mehman Cavadoğlu Müsavatdan gedir
Bu arada, məlum olub ki, Müsavatın keçmiş başqan müavini Mehman Cavadoğlu partiya ilə yollarını ayırır. “Adalet.az”ın bu haqda yaydığı xəbərdə bildirilir ki, Mehman Cavadoğlu yaxın vaxtlarda istefa ərizəsini rəhbərliyə təqdim edəcək. Mehman Cavadoğlunun yeni yaradılacaq sayta baş redaktorluq edəcəyi deyilir. Sayt ədəbi yöndə fəaliyyət göstərəcək.
“Məclisin qərarı əsassız ittihamlara aiddir, şikayətə yox”
“Mərkəzi-Nəzarət Təftiş Komissiyasının qərarı olmadan seçkinin saxtalaşdırıldığını iddia etmək olar, amma bu iddianın əsassız olduğunu demək olmaz…” – bunu “AzNews.az”-a açıqlamasında Müsavat partiyasının məclis üzvü Mustafa Hacıbəyli deyib. O bildirib ki, Məclisin qərarı əsassız ittihamlara aiddir, şikayətə yox: “Mərkəzi-Nəzarət Təftiş Komissiyasının qərarına belə sayğılı idilərsə, niyə hələ şikayət vermədən bunu iqtidar mediasına çıxarırdılar? Onlar ittiham etmək hüququna malikdirsə, ittiham olunanlar da cavab vermək hüququna malikdir. Söz azadlığı tək ittihamçı tərəfə aid hüquq deyil. Ikincisi, Məclisin qərarı əsassız ittihamlara aiddir, şikayətə yox. Əgər şikayətçi bu bəyanata qarşı çıxırsa, o, öz şikayətinin də əsassız olduğunu etiraf etmiş olur”.
Qeyd edək ki, Müsavat partiyasının üzvü Qubad Ibadoğlu Mərkəzi-Nəzarət Təftiş Komissiyasının onun müraciəti əsasında qurultaya qədər təşkilat komitəsinin işində, qurultay günü isə səsvermə prosedurlarındakı pozuntulara dair araşdırması başa çatmadan və rəyi açıqlanmadan Müsavat Məclisinin bəyanatını komissiyanın işinə təzyiq kimi qiymətləndirdiyini bildirib.
“Partiyanın fəaliyyətinə mane olmaq istəyənlərə qarşı sərt qərarlar qəbul olunacaq”
Müsavat başqanının müavini, partiya Divanının üzvü Nüşabə Sadıxlı “mediaforum”a açıqlamasında deyib ki, qurultayda heç bir pozuntu olmayıb, Arif Hacılı demokratik seçkidə başqan seçilib: “Seçki çox ağır prosesdir. Hər seçkidən sonra belə narazılıqlar olur. Fikrimcə, bir müddətdən sonra hər şey öz yoluna düşəcək. Son qurultayda başqanlığa namizəd olmuş Qubad Ibadoğlu ilə münasibətlərimiz yaxşıdır. Onu bir alim, ziyalı şəxs kimi qəbul edirəm. Amma siyasətdə elə addımlar atmaq lazımdır ki, sonda istəyinə nail olasan. Indi Müsavatda narazıların əl atdığı üsullarla heç bir şəxs irəli gedə bilməz. Arif Hacılı demokratik seçkidə partiya başqanı seçilib. Qurultayda heç bir pozuntu olmayıb. Qubad Ibadoğlunun yerinə olsam, Müsavatda yüksək vəzifələrə seçilər və partiyanı daha da möhkəmləndirərdim. Əgər indi kənara çəkilsə, onun tərəfdarları partiyadan getsə, gələcəkdə hansı resurslarla Müsavat Partiyasında başqanlığa iddia edəcək?”
Nüşabə Sadıxlı onu da qeyd edib ki, partiyanın fəaliyyətinə mane olmaq istəyənlər var: “Həmin insanlar haqqında sərt qərarlar qəbul olunmalıdır və olunacaq. Lakin öz yolunu Müsavatda davam etdirmək istəyən hər bir şəxs partiyada qalmalıdır”.