Fuad Qəhrəmanlı: «Bu, sadəcə olaraq hakimiyyətin Rusiya meyilli addımlarını ictimai rəyə qəbul etdirməsi üçündür»
“Yeni Müsavat” qəzeti 14 oktyabr sayında “Minsk sammitinin pərdəarxası: Qarabağla bağlı sensasion açıqlamalar” adlı material dərc edib. Materialda bir sıra məqamlarla yanaşı, Avrasiya Ittifaqına qoşulmaqla bağlı mülahizə və proqnozlar bildirilib.
Rusiya Ictimai Palatasının üzvü, politoloq Sergey Markov Ermənistanın Avrasiya Ittifaqına qoşulandan sonra blokadadan çıxmaq üçün 7 rayonu qaytarmalı olduğunu söyləyib. Onun fikrincə, proseslər fonunda tədricən böyük güzəştlər üçün rahat siyasi vəziyyət yaradılır. Yəni Ermənistan Avrasiya layihələrinə qoşulur, bunun üçün ona blokadadan çıxmaq lazımdır. Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev isə bildirib ki, bir il ərzində Qarabağətrafı rayonlar, üç ilə isə Dağlıq Qarabağ azad olunmalıdır.
Politoloq Zəfər Quliyev Minsk sammitinin nəticələrinə fərqli yanaşmaların olduğunu təsdiqləyərək söyləyib ki, əslində Ermənistanın Avrasiya Ittifaqına daxil olması gözlənilməz addım deyildi. Ona görə də bunu hansısa bir əlavə müdaxilənin, Azərbaycanın mövqeyinin uğurlu nəticəsi saymaq düzgün deyil: “Çünki, əvvəlcədən bəlli idi və neçə vaxtdır müzakirə gedirdi ki, Ermənistanı heç vaxt Qarabağla birgə bura qəbul etmək mümkün deyil. Hətta sabah Ermənistan Avropa Birliyinə də girmək fikrinə düşsə, aydın məsələdir ki, ora da Qarabağsız, yəni BMT-də tanındığı sərhədləri ilə daxil olmalıdır. Ona görə də bu məsələdə Qarabağı spekulyasiya obyektinə çevirmək düzgün deyil. Qarabağ məsələsində spekulyasiya edərək açıq formada Azərbaycanı şirnikləndirmək istəyirlər ki, Avrasiya Iqtisadi Ittifaqına daxil olanda 7 rayonun qaytarılması məsələsi ola, münaqişənin həlli kifayət qədər asanlaşa bilər. Yəni bu iki ölkə artıq Avrasiya Ittifaqı daxilində birbaşa Moskvanın arbitrajından asılı olacaqlar. Moskva da işarə edir ki, mən bu məsələni özüm həll edəcəyəm. Şirnikləndirici arqumentlər kifayət qədərdir. Azərbaycan bura daxil olandan sonra həm müstəqilliyini itirir, həm də Qarabağın, ümumilikdə ölkənin taleyini Moskvaya tapşırmış olur. Yaxın və uzaq keçmişimiz də göstərir ki, bu, bizim üçün hansı nəticələr verə bilər. Müstəqillikdən imtina və Moskvanın ssenarisi ilə hərəkət etmək rəsmi Bakının da maraqlarına uyğun deyil. Çox təhlükəli və məsuliyyətli bir dövrdür. Yaxın aylarda bir çox məsələlər aydınlaşa bilər”.
Politoloq Fuad Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirib ki, 7 rayonun məsələsi dəfələrlə gündəmə gətirilib. Hər dəfə də hakimiyyət Rusiyaya hansısa reverans xarakterli addımlar atanda məhz ictimai rəyə qəbul etdirmək üçün 7 rayon məsələsini ortaya atır: “Hər dəfə də bunun yalan olduğu bəlli olur. Aydın olur ki, bu, sadəcə olaraq hakimiyyətin Rusiyameylli addımlarını ictimai rəyə qəbul etdirməsi üçündür. Bu baxımdan Rusiyanın Azərbaycanı Avrasiya Ittifaqına qoşmaq kimi istəkləri var”.
F.Qəhrəmanlı söyləyir ki, ictimai rəyi hazırlayaraq Avrasiya Ittifaqına 7 rayonun azad olunması üçün qoşulduqlarını əsaslandırmaq istəyirlər. Bunun tamamilə əsassız fikir olduğunu vurğulayan politoloq, 7 rayonun qaytarılmasını Rusiyanın Qarabağ konfliktinin həllində Ermənistanın əsas təsir rıçaqlarından birini əlindən alması kimi xarakterizə edir: “Problemin mərhələli həllinin qarşısını almaq üçün Ermənistan Qarabağın işğal olunmuş əraziləri kartından istifadə etmək istəyir. Ermənistanın mövqeyi ondan ibarətdir ki, Qarabağın statusu müəyyən olunsun ki, ondan sonra Azərbaycanın işğal olunmuş əraziləri azad edilsin. Işğal olunmuş ərazilərdən Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur. Bunun arxasında təbii ki, Rusiya durur və bu, əslində konfliktin həllinin qarşısını almaq mexanizmidir. Rusiya konfliktin həllinə mane olmaq mexanizmlərindən birini əldən vermiş olur. Ermənistanın Rusiyanın strateji müttəfiqi olduğunu nəzərə alsaq, bu konfliktin həllində Ermənistanın mövqeyinin zəifləməsi Rusiyanın maraqlarına ziddir. Işğal olunmuş ərazilərin qaytarılması məsələsi Azərbaycanı Avrasiya Ittifaqına sürükləmək, ictimai rəyə bunu qəbul etdirmək üçün ortaya atılmış növbəti yalandır”.
Nigar