Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyevin daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilməsinə münasibət bildirib və bunu bir daha pisləyib:
Son vaxtlar təqib və repressiyaların dairəsi daha da genişlənir. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin xüsusi ittiham qaydasında məhkəməyə verilməsi bilavasitə onun bir ziyalı kimi fəaliyyəti və vətəndaş mövqeyi ilə bağlıdır. Onun polis haqqında ifadələrini sintez edirlər. Əslində isə Eldəniz bəyə təşəkkür edilməlidir ki, Daxili İşlər Nazirliyi, polis orqanlarında baş verən neqativ hallar barədə öz mövqeyini bildirib. Bunun əvəzində nə etdilər? Eldəniz bəyi xüsusi ittiham qaydasında məhkəməyə verdilər. Niyə? Ona görə ki, Milli Şuranın bir neçə iclası onun ofisində keçirilib. Leyla xanım Yunus və digər siyasi məhbusların müdafiə komitəsinin bir neçə iclası Eldəniz bəyin ofisində keçirilib. Taleyin qəribə təzadıdır. Eldəniz bəy Xocalı faciəsi haqqında hələ indiyə qədər rəqabətlə qarşılaşmayan, “Haray” filminin ssenari müəlliflərindən biridir və 1948-ci ildə məhz, Xocalıda doğulan Daxili işlər naziri Ramil Usubov isə onu nazir kimi yox, bir vətəndaş kimi məhkəməyə verir. Qəribə təzaddır, deyilmi? Üstündən 21 il keçməsinə baxmayaraq biz hələ Xocalı haqqında “Haray”dan daha təsirli film çəkə bilməmişik. Bu film çox mükəmməl bir ekran əsəridir və bu əsərin müəllifi Eldəniz Quliyev xocalılı Ramil Usubovun şikayəti əsasında xüsusi ittham qaydasında məhkəmə qarşısında dayanıb. Mənəvi sarsıntılarına görə bu da bir “Haray”dır, XXI əsrin Azərbaycan harayı.