Aydın Mirzəzadə bir həftə əvvəl tənqid atəşinə tutduğu Türkiyə rəhbərliyini mədh etməyə başladı
“Artıq bir ənənə halını alıb ki, Azərbaycan və Türkiyə rəhbərləri seçildikdən sonra ilk səfərlərini məhz qardaş ölkəyə edirlər”. Bu barədə Trend-ə millət vəkili Aydın Mirzəzadə Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın ilk səfərini Azərbaycana etməsi çox önəmlidir: “Bu, Türkiyənin Azərbaycanla münasibətlərinə yüksək qiymət verdiyini, bütün məsələlərdə Azərbaycanın yanında olduğunu və qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək istədiyini göstərir. Rəcəb Tayyib Ərdoğanı Azərbaycanla münasibətləri yüksək qiymətləndirən, türk dünyasını möhkəmləndirməyə çalışan bir siyasətçi kimi xarakterizə etmək olar”.
Qeyd edək ki, bir həftə əvvəl Aydın Mirzəzadə Ərdoğanın andiçmə mərasiminə Ermənistanın da dəvət edilməsinə görə Türkiyə rəhbərliyini tənqid etmişdi.
“Bu gün yayılan xəbər Türkiyənin dostlarını çaşdırmaqdadır. Ölkə rəhbərliyi inauqurasiyaya Ermənistan prezidenti Serjik Sərkisyanı da dəvət etmişdir.
Dəvət qardaş ölkənin daxili işidir və heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil.
Indi Türkiyənin Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyildir. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələri olmayan ölkələrin nümayəndələrinin dövlətiçi tədbirlərə dəvət edilmə praktikası yoxdur. Inauqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir”.
O zaman YAP-çı deputatın bu fikirləri bütövlükdə hakimiyyətin mövqeyi kimi dəyərləndirilmişdi. Çünki YAP-çı deputatların siyasi məsələlərdə müstəqil mövqe sərgiləmək praktikasına rast gəlinməyib. Lap tutaq ki, bu həqiqətən də Aydın Mirzəzadənin subyektiv fikri idi. Bəs indi nə oldu ki, o, Ərdoğana təriflər yağdırmağa başladı? Bəzi mülahizələrə görə, bu, Ərdoğanın Azərbaycana səfərilə bağlıdır. Mümkündür ki, Aydın Mirzəzadənin məlum fikirlərinin hakimiyyətin mövqeyi kimi təqdim edilməsi iqtidarı narahat edib və Türkiyə prezidentinin səfəri ərəfəsində Aydın Mirzəzadənin dililə ona jest edib.