Azərbaycan hakimiyyəti BBC, «The Washington Post», «The Guardian»ın qabağına 15-20 oxucusu olan qəzetlərilə çıxır
Dünyanın nüfuzlu nəşrləri Azərbaycandakı repressiyalardan bəhs edən, Əliyev rejiminin gerçək simasını dünyaya çatdıran materiallar yayımlayır. Həmçinin xarici dövlətlərin hökumətləri, beynəlxalq təşkilatlar baş verənlərə görə Azərbaycan hakimiyyətini qınayır, siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Hətta Azərbaycan hökumətinə qarşı sanksiya çağırışıyla çıxış edənlər də var.
Azərbaycan hökumətinin isə bütün bu proseslərə reaksiyası özünəməxsus şəkildə olur: dərhal nəzarətindəki telekanallara, saytlara, qəzetlərə Qərb dövlətləri və beynəlxalq təşkilatlara qarşı hücum əmri verilir.
Bir neçə gündür ki, hökumətyönlü qəzetlər, saytlar “The Washington Post”, BBC kimi dünyaca nüfuzlu media orqanlarını, eləcə də beynəlxalq təşkilatları, diplomatik korpusu hədəf seçib.
Azərbaycan hökuməti və nəzarətindəki media iddia edir ki, guya, ünvanına səslənən tənqidlərin, ittihamların heç bir əsası yoxdur. Guya, Azərbaycanda bütün məsələlər qanun çərçivəsində həll olunur, son günlər həbs olunan nüfuzlu hüquq müdafiəçiləri də cinayətkar olduğuna görə dəmir barmaqlıqlar arxasına salınıb. Yoxsa, Azərbaycan hökuməti günahsız bir kimsəni həbsxanaya göndərərdimi?
Öz aləmlərində bu cür yalan dolu məqalələrlə “The Washington Post”, “The New York Times”, “The Guardian” və s. kimi “əjdahalara” cavab vermək cəhdlərinin uğursuzluğu bir yana, bu haqda yazılanları oxuyan varmı? Adlarını çəkdiyimiz qəzetlərin gündəlik tirajı milyonları ötür, saytlarındakı hər yazıya 300-400 mindən çox baxış olur. Hökumət də bunların qarşısına gündəlik izləyicisi 20-25-i keçməyən “Azərbaycan”, “Yeni Azərbaycan”la çıxır.
Dünya axına qarşı gedən, heç bir iradı qəbul etmək istəməyən, əksinə, tənqidlərdən əndişələnib daha da başını itirən hökumətləri, diktatorları çox görüb. Müəmmar Qəzzafinin, Hüsnü Mübarəkin başına gələnlər uzaq tarix deyil…
Ramin DEKO