Elxan Şahinoğlu: «Ərdoğan prezident seçiləndən sonra Türkiyənin siyasi və iqtisadi həyatına hakim olmağa çalışacaq»
Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca həyacan və ehtimallar da artır. Bu seçki həm də onunla əlamətdardır ki, prezident seçkiləri ölkədə idarəçilik formasında dəyişikliyə səbəb olacaq. Əgər bu vaxta qədər prezidenti parlament seçirdisə, bundan sonra xalq seçəcək. Eyni zamanda prezidentin səlahiyyətləri də müəyyən qədər artırılacaq.
Bəs yeni idarəçilik Türkiyəyə nə vəd edir?
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyədə keçiriləcək prezident seçkilərinin 3 xüsusiyyətlə əlamətdar olduğunu deyir. Birinci, Konstitusiyaya dəyişiklik edilib və prezident 7 il deyil, 5 il müddətinə seçiləcək. İkincisi, Konstitusiyaya görə, prezidentin səlahiyyətləri artırılıb. Bu da Türkiyə tarixi üçün yenilikdir. Üçüncü, ən təsirli xüsusiyyət ondan ibarətdir ki, prezidentliyə real namizəd məhz Rəcəb Tayyib Ərdoğandır: «Nəzərə almalıyıq ki, Ərdoğan xarizmatik fiqurdur, xalq arasında çox ciddi dəstəyi var. Baxmayaraq ki, bu illər çox qalmaqallarla üz-üzə qaldı. Gəzi olayları, rüşvət qalmaqalı baş verdi, Fətullah Gülən camaatı ilə üz-üzə gəldi. Bütün bu qalmaqallardan uğurla çıxdı, hətta reytinqini yüksəldi. Bələdiyyə seçkilərində partiyası daha çox səs topladı. Başqa bir siyasətçi olsaydı bəlkə də siyasət səhnəsindən silinə bilərdi. Ərdoğan böyük ehtimalla prezident seçiləcək. Çünki rəqibləri zəifdir».
Ekspertin sözlərinə görə, Ərdoğan prezident seçiləndən sonra səlahiyyətlərindən istifadə edərək xarizmasını saxlamağa, Türkiyə üzərində nəzarətini gücləndirməyə çalışacaq. Necə ki, baş nazir kimi Türkiyədə baş verənlərə özü məsuldur, özü nəzarət edir, partiyasında da əsas fiqur özüdür, parçalanmaya imkan vermir.
Ekspert Ərdoğandan sonra kimin baş nazir seçiləcəyinin də əhəmiyyətli məsələ olduğunu deyir: «Əsas olan məsələ Türkiyədə prezidentin kimliyi və necə işləyəcəyi deyil, baş nazirin kim olacağıdır. Çünki Ərdoğan prezident olacaqsa, öz partiyasından elə bir namizədi irəli çəkməlidir ki, həm insanlar arasında böyük rəğbəti olsun, həm də o partiyasının xarizmasını saxlaya bilsin. Bu çox çətin olacaq. Çünki AKP-də Ərdoğan kimi ikinci fiquru tanımıram. Amma yenə də belə bir fiqur tapılmalıdır ki, partiyanı parçalamasın, irəliyə doğu aparsın, problem yaşatmasın. Ərdoğana həm də namizəd lazımdır ki, gələcəkdə onunla nifaq yaşamasın. İstənilən halda Ərdoğan prezident seçiləndən sonra Türkiyənin siyasi və iqtisadi həyatına hakim olmağa çalışacaq».
Fizzə