Balkan ölkələri Avropa Birliyinin enerji siyasətini dəstəkləyir
Qərbi Balkan ölkələrinin liderləri Avropa Birliyinin enerji siyasəti prinsiplərinə əməl etməklə bağlı öhdəlik götürüblər. Rusiyanın “Cənub axını”na alternativ olan Azərbaycan- Cənubi Avropa qaz marşrutuna xüsusi diqqət yetirilir. AFR kansleri Angela Merkelin altı Balkan ölkəsinin lideri ilə dünənki görüşünün yekunları belədir.
Reyter agentliyinin məlumatına görə, Qərbi Balkan ölkələri Rusiyanın mövqeyinə zidd olan Avropa Birliyinin enerji siyasəti prinsiplərinə tərəfdar olduqlarını bildiriblər.
İyulun 15-də Xorvatiyanın Dubrovnik şəhərində A.Merkel ilə keçirilən görüşün yekunlarına dair bəyanatda altı Qərbi Balkan ölkəsinin prezidentləri yeni qaz kəmərlərinin tikintisi zamanı Aİ-nin enerji siyasətinn əsas müddəalarını dəstəkləməklə bağlı razılığa gəliblər.
Sənədə görə, yeni qaz kəmərlərinin çəkilişində məqsəd daşınmanın etibarılığının artırılmasıdır. Bununla əlaqədar Qərbi Balkan ölkələri Azərbaycan-Cənubi Avropa qaz marşrutuna xüsusi diqqət yetirir.
A.Merkel ilə görüşdə Albaniya, Serbiya, Kosovo, Makedoniya, Çernoqoriya, Bosniya və Herseqovina, həmçinin Xorvatiya və Sloveniya prezidentləri iştirak ediblər. AFR kansleri danışıqlar zamanı qeyd edib ki, Qərbi Balkan dövlətləri perspektivdə Aİ-nin üzvləri ola bilər, bir şərtlə ki, zəruri islahatlar aparsınlar və öz aralarındakı mövcud münaqişələri nizamlasınlar.
Maraqlıdır ki, Balkan ölkələrinin başçıları ilə keçirilən görüş ərəfəsində Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle mühüm bəyanatla çıxış etmişdi. O, Rusiyanın “Cənub axını” qaz kəməri layihəsinin Avropanın qazla təchizatının diversifikasiyası baxımından heç bir əhəmiyyətinin olmadığını bildirmişdi. Əslində Merkelin keçirdiyi görüş AB-nın Rusiyanın enerji asılılığından qurtarmaq üçün konkret yollar aradığını ortaya qoyur. Onu da xatırladaq ki, bu açıqlamalar Böyük Britaniyanın energetika naziri Maykl Fallon Bakıda səfərdə olarkən verdiyi mühüm bəyanatlarla üst-üstə düşür. Britaniyanın Tranxəzər lahiyəsini aktiv formada dəstəklədiyini deyən nazir vurğulamışdı ki, Qərb bu istiqamətdə hətta Rusiyanın hədələrinə də qarşı qoymağa hazırdır.
Artıq açıq şəkildə görünür ki, beynəlxalq aləm Azərbaycanı Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm halqa sayır. Belə olan halda artıq Azərbaycanın beynəlxalq aləmin bu təpkisinə qarşı uzun müddət duruş gətirəcəyi inandırıcı deyil. Baş verənlərə isə Rusiyanın ciddi təpkisi olacağı şübhəsizdir.
Mehman Əliyev: «Azərbaycan bu proyektlərin reallaşıb-reallaşmayacağına qərar vermək iqtidarında deyil»
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Tranxəzər qaz kəmərinin çəkilməsinə uzun müddət Qərb hazır deyildi. M.Əliyevin sözlərinə görə, digər tərəfdən Türkmənistan da bu proyektin gerçəkləşməsini arzulamırdı: «hazırda fakt ondan ibarətdir ki, bu gün dünya bazarında Avropanın ehtiyaclarını ödəyəcək səviyyədə qaz var. Ona görə hazırda bazara artıq qazın çıxarılmasına ehtiyac yoxdur. Amma yaxın dörd il ərzində təbii qaza böyük ehtiyac yaranacaq. Ona görə də Avropa Birliyi hazırda gələcək ehtiyaclarını ödəmək üçün Transxəzər, TAP, TANAP kimi lahiyələri gerçəkləşdirməyə çalışır». M.Əliyev hesab edir ki, hazırda gündəmdə olan proyektlər vaxt etibarı ilə dəqiq planlaşdırılıb və lazımı anda işə salınacaq.
Bu proyektlərin reallaşmasında Azərbaycanın mövqeyinə gəlincə isə M.Əliyev hesab edir ki, bu məsələdə Azərbaycanın yanaşması böyük əhəmiyyət daşımır: «Azərbaycan bu proyektlərin reallaşıb-reallaşmayacağına qərar vermək iqtidarında deyil. Biz formal olaraq lahiyə ilə bağlı sənədə imza atacağıq və boru kəmərinin ərazimizdən keçməsinə icazə verəcəyik. Əsas qərarı isə lahiyənin sahibləri verir».
Xəyal