Qubad İbadoğlu Müxavatda fikir və söz azadlığının pozulduğunu bildirdi
“Mən Müsavat Partiyasının üzvlərini xəyanətkar adlandırmamışam. Partiyadan çıxıb getmiş şəxsləri, artıq partiyasının üzvü olmayan şəxsləri Müsavat Partiyasına və partiyada olan silahdaşlarına xəyanət etməkdə günahlandırmışam”. Bu sözləri Müsavat başqanı Arif Hacılı “lent.az”a müsahibəsində partiyadaxili narazılıqlar mövzusunda sualı cavablandırarkən deyib.
Hacılının fikrincə, Müsavatdakı narazılar bu açıqlamaya görə onu ittiham etməkdə haqlı deyillər.
“Mən onları vətənə xəyanətdə və ya başqa məsələlərdə xəyanətkar olmaqda günahlandırmamışam. Bildirmişəm ki, Müsavat Partiyasına qarşı hakimiyyət tərəfindən bu qədər basqıların olduğu bir məqamda illər boyu birlikdə fəaliyyət göstərdikləri silahdaşlarını tərk edərək partiyadan çıxmaq və Müsavatı onun etmədiyi məsələlərdə günahlandırmaq – Müsavat Partiyasına qarşı xəyanətdir”, – deyə o, bildirib.
Arif Hacılı Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslının öz tərəfdarları ilə birlikdə partiyada fraksiya yaratmaq istəyinə də ümnasibət bildirib. Deyib ki, bu təşəbbüs partiya nizamnaməsinə ziddir: “Müsavat Partiyasının nizamnaməsində fraksiya yaratması nəzərdə tutulmur. Ona görə də, partiya üzvləri fraksiya yaradılması ideyasına mənfi yanaşır. Fraksiyanın yaradılmamasının da əsas səbəbi də budur. Çünki bu ideyanın tərəfdarları çox azdır. Bir dəfə bu fikri səsləndirmişəm, bir daha təkrar edirəm ki, kimsə partiyanın içində hansısa qruplar, fraksiyalar yaratmaq istiqamətində fəaliyyət göstərəcəksə, bu adamlar partiya üzvlərinin özlərinə olan etimadı daha da itirəcəklər. Bu, həm də mənim təcrübəli bir siyasətçi kimi ekspert rəyimdir”.
Müsavatdakı narazıların lideri, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu isə “APA”ya bir sıra müsavatçıların partiyadan çıxarılması barədə danışıb. O, bildirib ki, indi Müsavat rəhbərliyinin partiyadan xaric etmələrlə bağlı qərarları bir vaxtlar Kommunist Partiyası rəhbərlərinin verdiyi qərarlara oxşayır: “Qərarlar verilir ki, partiyanın ideoloji-siyasi xəttinə zidd mövqe tutduğuna görə üzvlər partiyadan kənarlaşdırılsın. Bu kimi qərarlar vaxtilə Kommunist Partiyası tərəfindən verilirdi. Hesab edirəm ki, bu cür yanaşma düzgün deyil və bunu dayandırmaq lazımdır. Bunun üçün ilk növbədə birgə müzakirələr aparılmalıdır”.
İbadoğlu bildirib ki, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçiriləcək anım tədbirindən sonra Müsavatın qərargahında partiyadakı vəziyyəti müzakirə etmək üçün təkliflə çıxış edib. O, təkliflə bağlı partiyanın Mərkəzi İcra Aparatına müraciət etdiyini söyləyib: “Əsas məsələlərdən biri Ənvər Əhmədin partiyadan çıxarılmasıdır. Təkcə bu yox, partiyadaxili demokratiya məsələsi ətrafında da fikir mübadiləsi aparılmasının tərəfdarıyam. Tədbirə sosial şəbəkə vasitəsilə Arif Hacılını, İsa Qəmbəri və digər müsavatçıları da dəvət etmişəm. Mən istənilən halda müzakirələrin bağlı qapılar arxasında deyil, açıq və geniş formada aparılmasının tərəfdarıyam. Hesab edirəm ki, istənilən problemin həlli müzakirələrdən keçir. Hər iki tərəf öz arqumentləri ilə çıxış edə bilər. Bu müzakirə partiyadaxili demokratiya üçün çox əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, təklif normal qiymətləndirilməlidir”.
Qubad İbadoğlunun sözlərinə görə, birgə müzakirələrə qarşı çıxanlar açıq debatları arzulamayan və eyni zamanda arqumenti olmayan şəxslərdir: “Çünki istənilən halda müzakirələrə hazırdırlarsa, arqumentləri varsa, bu təklifi dəstəkləməlidirlər”.
İbadoğlu tərəfdarlarının partiyadan çıxarılmasında Müsavat başqanı Arif Hacılının rolunun olub-olmamasını belə şərh edib: “Arif Hacılının rolu barədə məlumatım yoxdur. Bunu kənarlaşdırılan şəxslərdən soruşmaq lazımdır. Hər halda partiya rəhbərliyi bu qərarlardan məlumatsız olmamış deyil. Ancaq hansı səviyyədə, bunu deyə bilmərəm. Hazırda partiyada tənqidlərə, təkliflərə, fərqli fikrə dözümsüzlük var və fikir, söz azadlığı təmin olunmur”.