«Qanun layihələrinin 70-80 faizi prezidentdən gələndə parlament artıq qanunverici hakimiyyət funksiyasını itirmiş olur»
Cəmil Həsənli: «Hakimiyyət mandatı xalqdan deyil, MSK-dan aldığına görə seçkiyə nəzarət mexanizmini əlində saxlayır»
Azərbaycanda növbəti parlament seçkilərinə 3 ay qalıb. Üç həftədən bir qədər sonra isə seçki kampaniyasına start veriləcək. Maraqlıdır, ölkənin əsas müxalifət təşkilatı olan Milli Şuranın parlament seçkilərilə bağlı mövqeyi nədən ibarətdir? Seçkilərlə bağlı bu və başqa suallara cavab almaq üçün Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə söhbətləşdik. Ilk sualımız isə Milli Şuranın parlament seçkisinə hazırlığı haqda oldu:
“Qarşıdakı seçkidə saxtakarlıq göstəricisi 70 faizə qalxa bilər”
– Düzü, ölkədə seçki mühiti yoxdur. Hakimiyyət belə bir vəziyyət yaratmaqla, vətəndaşlarda seçkilərə olan inamın son qalıqlarını da dəfn edib. Faktiki, xalq konstitusiya üzrə öz hakimiyyətini formalaşdırmaq hüququndan kənarlaşdırılıb. Artıq neçə illərdir ki, ölkədə xalqın səsinə dayanmayan, azad, ədalətli seçki anlayışından uzaq olan saxta seçkilər vətəndaşlarda seçkiyə olan inamı sarsıdıb. Ölkədə keçirilmiş son 3 seçkidə saxtakarlığın artım dinamikası təhlükəli həddə gəlib çıxıb. Avropa məkanında seçki müşahidəsinə yeganə rəsmi mandatı olan ATƏT-in Varşava Bürosunun qiymətləndirməsinə görə, ölkəmizdə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Deməli, 2008-lə 2010 arasındakı iki ildə seçki saxtakarlığının dinamikası 9 faiz, 2010-la 2013 arasındakı üç ildə isə 26 faiz olub. Mövcud dinamikadan çıxış etsək, qarşıdakı seçkilərdə bu saxtakarlıq göstəricilərinin 70 faizə qalxması labüddür. Yəni, əslində, seçki adı altında ölkədə hakimiyyətin mənimsənilməsi prosesi baş verir ki, bu da Oonstitusiyanın 6-cı maddəsinə görə, xalqa qarşı törədilmiş ən ağır cinayət hesab edilir.
Milli Şura olaraq, biz son iki ayda dəfələrlə qarşıdan gələn parlament seçkilərilə bağlı məsələləri müzakirə etmişik, son sessiyamız da bu məsələyə həsr olunmuşdu və indi bu müzakirələr yekun mərhələyə daxil olur. Yəqin ki, avqust ayının ikinci yarısında son qərarımız elan ediləcək.
“Mübarizə aparmaq istəyənlər üçün bu meydan həmişə var”
– Bu müzakirələr Milli Şuranın seçkilərdə iştirakına köklənib, yoxsa əksinə?
– Hər ikisi var. Bu, niyyətdən asılıdır. Iştirakın lehinə də, əleyhinə də istənilən qədər dəlillər gətirmək olar. Siyasi aksiyaların keçirilməsi, sosial tələblərin səsləndirilməsi, televiziyada vaxt imkanı, xalqla işləməyin zəruriliyi kimi lehinə olan dəlillər var. Lakin əleyhinə olan arqumentlər də kifayət qədər güclüdür. Çox vaxt iştirakın lehinə olanlar seçki dövrünü bir mübarizə imkanı kimi təqdim edərək, ondan yararlanmağı əsas dəlil kimi irəli sürürlər. Siyasi mübarizə üçün seçki dövrü müəyyən əlavə imkanlar yaratsa da, bütövlükdə bu mübarizəni seçkilərlə bağlamaq doğru olmazdı. Mübarizə aparmaq istəyənlər üçün bu meydan həmişə var və sadəcə, həmin meydanda olmaq lazımdır. Digər tərəfdən, son parlament seçkilərində proporsional seçki sisteminin ləğvi seçkilərdə siyasi mübarizə imkanını arxa plana keçirib və Milli Məclisə seçkilər fərdi mübarizə üzərində qurulub. Məhz bundan sonra ölkənin siyasi həyatında siyasi partiyaların rolu zəiflədildi və siyasi mənzərə ölgünləşdirildi. Proporsional sistemin ləğvindən sonra siyasi partiyalar qeyri-müəyyən vəziyyətə düşdü və konstitusion yolla hakimiyyətin dəyişdirilmə yolları bağlandı.
“Milli Məclisi hakimiyyət dəyişikliyi tribunası kimi təqdim edənlər ciddi illüziyalara qapılır”
– Amma bəziləri hələ də parlamenti hakimiyyət dəyişikliyinin başlıca vasitəsi kimi təqdim etməyə çalışır və meydan mübarizəsi dövrünün arxada qaldığını bildirir…
– Belə yanaşma səmimi deyil. Bizdə hakimiyyət bölgüsü və hakimiyyətin qanadlarının funksiyaları elə müəyyənləşib ki, Prezident Aparatının hansısa bir şöbəsi bütövlükdə Milli Məclisdən daha üstün real gücə və hüquqlara malikdir. Hökumətin tərkibi parlamentdə təsdiq edilmədiyindən, Nazirlər Kabinetinin Milli Məclis qarşısında heç bir məsuliyyəti yoxdur. Faktiki olaraq, parlamentin əlində icra hakimiyyətinin fəaliyyətinə nəzarət mexanizmi, ona təsir imkanları qalmayıb. Amma Milli Məclisin fəaliyyətinə icra hakimiyyətinin müdaxilə imkanları böyükdür. Parlament qanunverici hakimiyyət olsa da, orada qəbul olunan qanunların təxminən 70 faizi prezidentdən gəlir. Bu mexanizm elə qurulub ki, istənilən idarə, müəssisə, nazirlik özü üçün qanun hazırlayır. Xalqın yox, məhz sahə maraqlarının üstün tutulduğu layihələr prezidentin adından Milli Məclisə göndərilir. Prezidentin adından gələn qanun layihələrində isə parlament hər hansı dəyişiklik edə bilməz. Şübhəsiz ki, prezidentin qanunvericilik təşəbbüsü olmalıdır, amma normal dövlətlərdə olduğu kimi, prezident bu təşəbbüsdən nadir hallarda istifadə etməlidir. Qanun layihələrinin 70-80 faizi prezidentdən gələndə Milli Məclis artıq qanunverici hakimiyyət funksiyasını da itirmiş olur.
Hakimiyyət təkcə qabaqcadan hazırlanmış siyahılar üzrə seçkilər keçirmir, həm də bu yolla formalaşmış parlamenti belə idarə edir, onu nəzarət altında saxlayır. Ona görə də kim Milli Məclisi hakimiyyət dəyişikliyi tribunası kimi təqdim etmək istəyirsə, çox ciddi illüziyalara qapılmış olur.
"Həbsdəki siyasi məhbusların böyük bir hissəsi deputatlığa potensial namizədlərdir"
– Bu siyahılar təxminən nə vaxt və harada hazırlanır?
– Bu siyahılar seçkilərə start verilməzdən əvvəl Prezident Aparatında hazırlanır və marksistlər demişkən, doqmatik deyil, daim “inkişaf edən, təkmilləşən” bir sənəd xarakteri daşıyır. Məsələn, 2010-cu il parlament seçkiləri ərəfəsində maraqlı bir hadisə olmuşdu. Səhv etmirəmsə, sentyabrın 9-da Dövlət Bayraq Meydanının açılışı olmalı idi. Prezident Aparatından göstəriş verilmişdi ki, deputatları da bu tədbirə çağırsınlar. Lakin texniki ehtiyatsızlıq ucbatından fəaliyyətdə olan deputatları deyil, artıq siyahısı hazır olan və hələ 2010-cu ilin noyabrında, yəni 3 ay sonra “seçiləcək” deputatları da həmin ilin sentyabrında keçirilən dövlət tədbirinə dəvət etmişdilər. Bu hadisədən sonra siyahıda olmayan bəzi deputatlar vəziyyətdən duyuq düşüb öz imkanlarını səfərbər edərək, siyahıda öz yerlərini bərpa edə bildilər. Lakin onların sayı elə də çox olmadı.
– İndiki vəziyyət əvvəlki seçkilərdən daha bədbin təəssüratlar yaradır. Siyasi qüvvələrin bu seçkilərdə iştirakı nəyisə dəyişəcəkmi?
– Əvvəlki suallara cavablarda bəzi məqamlara toxundum. Bizim müzakirələrimiz 3 mühüm istiqamətdə qurulmuşdu: seçki islahatlarının keçirilməsi; siyasi məhbusların azad edilməsi; ATƏT-in Varşava Bürosunun seçkini müşahidəyə dəvət edilməsi. Bunlar təməl prinsiplər kimi dəyərləndirilirdi. Göründüyü kimi, seçki islahatları baş vermədi və seçkiyə nəzarət mexanizmi yenə də hakimiyyətin əlində qaldı. Siyasi məhbuslarla bağlı da bir yenilik yoxdur, əksinə, daha da sərtləşmə müşahidə edilir. Bu gün həbsdə olan siyasi məhbusların böyük bir hissəsi deputatlığa potensial namizədlərdir. 50-yə yaxın belə siyasi məhbus var və Milli Şuradan olan məhbuslar da bu potensial namizədlərin arasındadır. Siyasi partiyaların, QHT hərəkatının rəhbərliyinə daxil olan şəxslər siyasi mülahizələrlə həbs olunaraq proseslərdən kənarda qoyulub. Deputatlığa ən şanslı namizədlərdən Ilqar Məmmədovun, Tofiq Yaqublunun, Müsavat partiyası başqanının daha iki müavininin, Seymur Həzi və digər cəbhəçi məhbusların, Intiqam bəy və Rəsul Cəfərovun, NIDA rəhbərliyinin yarıya qədərinin, seçki monitorinqi sahəsində qiymətli təcrübəsi olan Anar Məmmədlinin, bir neçə seçkidə namizəd olmuş Pərviz Həşimlinin, Islam partiyası rəhbərliyinin və digər siyasi məhbusların həbsdə qaldığı şəraitdə qarşıdakı seçkilərin azad, ədalətli, demokratik olacağını necə təsəvvür edirsiz? Doğrusu, rəhbər şəxsləri həbsdə olduğu bir şəraitdə bu qurumların seçkiyə qatılmalarının bəraəti bir az çətin olacaq. Leyla və Arif Yunusların, Xədicə Ismayılovanın açıq elan olunan məhkəmə proseslərinin seçkilərə üç həftə qalmış inkvizisiya metodları ilə keçirilməsi, ədalətli mühakimə hüququnun açıq-aşkar inkar edilməsi seçkiyə getmək həvəsində olanlara yaxşı bir şey vəd etmir.
“Hakimiyyət bilir ki, xalqdan dəstəyi, seçicidən səsləri yoxdur”
– Amma ATƏT-in müşahidə missiyasının dəvət olunması barədə deyəsən, razılıq əldə olunub?
– Elədir. Bunu müsbət addım kimi qiymətləndirmək olar. Amma ATƏT-i dəvət edən hakimiyyət gərək onun rəyi ilə də hesablaşsın. Əgər ATƏT seçki saxtakarlığının 58 faiz həddində olduğunu bəyan edibsə, bu o deməkdir ki, onun nəticələri ləğv edilməlidir. Amma biz bunu görmədik. Seçki islahatları istiqamətində isə heç bir addım atılmadı. Siyasi qurumların, beynəlxalq təşkilatların, Venesiya Komissiyasının təklifləri elə təklif olaraq qaldı.
Əslində, hakimiyyətin islahatlara getməməkdə israrlı olması başadüşüləndir. Onlar yaxşı bilir ki, xalqdan dəstəkləri, millətdən etimadları, seçicidən səsləri yoxdur. Mandatı xalqdan deyil, MSK-dan aldıqlarına görə seçkiyə nəzarət mexanizmini əllərində saxlamalıdılar. Axı bu nəzarətdən imtina parlamentin ilk addımda yarıbayarı yeniləşməsinə gətirib çıxara bilər. Bu isə hakimiyyətin sonunun başlanğıcı deməkdir.
– Siz islahatlardan danışırsınız. Nəinki islahatlar keçirilmir, əksinə, seçki qaydaları getdikcə sərtləşdirilir…
– Bəli, belədir. 2003-cü ildə Seçki Məcəlləsi Avropa Şurasının təsiri altında hazırlandığından, orada kifayət qədər mütərəqqi maddələr var. Məcəllədə yerli müşahidə qruplarının xeyli hüquqları təsbit olunmuşdu. Namizədlər və ya müşahidəçilər seçki günü protokolların surətlərini ala bilirdilər. Amma həmin o 2003-cü ildə qəbul olunmuş Məcəllədən daha bir şey qalmayıb. Təsəvvür edin ki, 10 il ərzində təxminən 240 maddədən ibarət olan bu sənəddə 200-dən çox dəyişiklik, əlavə və düzəlişlər edilib. Bunlar hamısı bir qayda olaraq, Məcəllənin mütərəqqi maddələrinin sərtləşdirilməsi, seçkiyə nəzarətin daha çox hakimiyyətin əlində cəmləşməsinə xidmət edib. Məcəllənin “təkmilləşdirilməsi” bir istiqamətdir. Digər bir istiqamət isə MSK təlimatları ilə Məcəllədə qalan digər normaların məhdudlaşdırılmasıdır. Hər seçkidə bir şey uydururlar. Məsələn, əlavə siyahılar. Eyni yaşayış məntəqisində yaşayan adamlar niyə əlavə siyahılarla səs verməlidir. Yaxud seçki başa çatdıqdan sonra ibtidai məktəblərdə olduğu kimi, protokolların qaralama və ağlama variantlarının tərtib edilməsi, seçki məntəqələri protokollarının son variantlarının məntəqədə deyil, seçki dairələrində doldurulması kimi məsələlər məhz MSK-nın təlimatları ilə tənzimlənir. Yəni praktikada MSK-nın təlimatı, Milli Məclisdə qəbul olunmuş Seçki Məcəlləsindən üstün hüquqa malik olur. Necə deyərlər, bir növ araba atdan qabağa keçir. Bu da həmin quruma seçkilərlə, vətəndaşların səsi ilə istədiyi kimi rəftar etməyə şərait yaradır.
Seçicilərin sayı ilə bağlı dövlətin iki qurumunun – Dövlət Statistika Komitəsi ilə MSK-nın elan etdiyi rəsmi rəqəmlər arasında təxminin 20 faiz fərq var ki, bu da 1,6 milyon seçici deməkdir. Statistika Komitəsindən MSK-ya gələn yolda bu qədər seçici harada itir, necə yoxa çıxır?
Televiziyalarda seçki reklamları ilə bağlı həll olunmamış çoxlu məsələlər qalmaqdadır. Dövlət televiziyaları fantastik qiymətlər elan etməklə, faktiki olaraq dövlətin ən mühüm siyasi kampaniyasından kənarda qalır. Seçicilərin təxminən 35 faizdən çoxu ölkədə yoxdur. Bu halda necə 90 faizlik nəticələr alınır və sair. Bunları həll etmək islahata deyil, istəyə bağlı məsələdir.
– Bu istiqamətdə siyasi qurumlarla hər hansı müzakirələr keçirilirmi?
– Müəyyən dairələrlə, xüsusilə REAL rəhbərləri ilə vaxtaşırı görüşlərimiz, söhbətlərimiz olub. Seçki işlərilə məşğul olan bəzi QHT təmsilçilərilə müzakirələrimiz olub. Amma geniş dairədə bu söhbətlər olmayıb. Mənzərə göz qabağındadır. Seçkiyə münasibət fərdi maraqlar üzərində qurulmamalıdır, millətimizin haqqı və hüququ üzərində qurulmalıdır. Ona görə də biz bu məsələnin bütün tərəflərini dəyərləndirib, bugünlərdə qərarımızı verəcəyik. Normal şərtlər daxilində seçkidə iştirak normal hadisədir, amma anormal idarəçilik şəraitində avtoritar meyllərin gücləndiyi, repressiyaların şiddətləndiyi, insan haqları və vətəndaş hüquqlarının saya salınmadığı bir məmləkətdə azad, ədalətli, demokratik seçkiyə ümid bəsləmək xülyadan başqa bir şey deyil.
Xəyal