Telekanaldakı geniş reportajda siyasi məhbuslardan tutmuş, Əliyevlərin biznesinə qədər bir çox məsələlər işıqlandırılıb
Qətərin dünyaca məşhur "Əl-Cəzirə" telekanalı Avropa Oyunlarına "ev sahibliyi" edən Azərbaycanda insan haqlarının durumu, müstəqil mediaya hücumlar, tənqidçi jurnalistlərin həbsi, hakimiyyətdə təmsil olunanların korrupsiyasından bəhs edən geniş reportaj yayımlayıb. Telekanalın əməkdaşı reportajı hazırlamaq üçün Bakıya səfər edərək, buradakı vəziyyəti öz gözü ilə görüb, müxtəlif şəxslərlə söhbətləşib. "Əl-Cəzirə" əməkdaşının Bakıda görüşdüyü şəxslər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Azadlıq" qəzeti baş redaktorunun müavini Rahim Hacıyev də var. Reportajda onlarla yanaşı, "Azadlıq" radiosunun Azərbaycan xidmətinin keçmiş rəhbəri Kənan Kazımoğlu və digər şəxslərin də fikirlərinə yer verilib.
Əvvəlcə ümumi məlumat verən müəllif bildirir ki, Avropa Oyunlarının Təşkilat Komitəsi Azərbaycanın bu turnirin keçirilməsinə 1,2 milyard dollar vəsait xərclədiyini açıqlayıb. Hərçənd, digər mənbələr xərclənən vəsait bundan xeyli çox – milyardlarla olduğunu bildirir. Amma istənilən halda, belə görünür ki, prezident İlham Əliyev bu neft pullarını elə-belə xərcləməyib: "Bu turnir zamanı xarici ölkələri təmsil edən idmançılarla yanaşı, çoxlu sayda jurnalist də Bakıya gəldi. Məsələ media olunca, nəzərə almaq lazımdır ki, Əliyev hökuməti bu mövzuda çox pis rekorda imza atıb.
Bir sıra əcnəbi jurnalistlərin Azərbaycana səfər etməsinə icazə verilmədi. Məsələn, "The Guardian"ın, "Radio France İnternational" kimi media orqanlarının əməkdaşları ölkəyə buraxılmadı.
Ölkə daxilində isə azərbaycanlı jurnalistlər hökumətin müəyyənləşdirdiyi "xətti" keçib insan haqları, korrupsiya kimi mövzularda məqalələr yazanda həbsxanaya salınır.
Azərbaycanda bu mövzularda yazan jurnalistlərin aqibətinə ən yaxşı misal Xədicə İsmayılova ətrafında baş verənlərdir".
Kənan Kazımoğlu "Əl-Cəzirə"yə açıqlamasında bildirib ki, ölkəyə buraxılmayan əcnəbi jurnalistlər əsasən Azərbaycan hökumətilə bağlı tənqidi reportajlar hazırladıqlayanlardır: "Deyirlər ki, siz ancaq bu ölkəni, yeməkləri tərifləyin, uğurlardan danışın, həbsdə olanlara, korrupsiyaya toxunmayın. Tənqiddən azad zona yaratmaq istəyirlər".
Əflatun Amaşov isə xarici media orqanlarının Azərbaycan əleyhinə kampaniya apardığını deyib: "Avropa Oyunları ərəfəsində bir sıra xarici qəzetlər, o cümlədən "The Guardian", "The İndependent", "Le Monde" və s. Azərbaycanda insan haqları, ifadə azadlığı barədə məqalələr yazdılar. Niyə "The Guardian" bir ayda Azərbaycanla bağlı 30 məqalə yazır? Alman qəzetləri son on gündə Azərbaycandakı vəziyyətlə bağlı 40-dan artıq tənqidi məqalə yazıb".
Reportajda Xədicə İsmayılovanın həbsxanadan bir müddət əvvəl "The Hew York Times"a göndərdiyi məktuba da toxunur. Qeyd edir ki, həmin məktubda Xədicə beynəlxalq birliyi Azərbaycandakı vəziyyətə diqqət yetirməyə çağırmışdı.
Müəllif həmçinin bugünlərdə BMT-də 25 ölkənin mətbuat azadlığının vəziyyətinə görə Azərbaycan hökumətini tənqid etdiyini də yada salır.
Reportajda "Azadlıq" qəzeti Azərbaycanda hakimiyyətin təzyiqləri altında olan mətbuat orqanı kimi təqdim olunur.
"Baş redaktorumuz, satirik yazarımız həbs olunmuşdu. Hazırda qəzetin siyasət şöbəsinin müdiri həbsdədir. Bu illər ərzində dəfələrlə əməkdaşlarımız oğurlanıb, döyülüb, hətta ikisi bıçaqlanıb və bundan sonra ölkəni tərk etmək məcburiyyətində qalıb", – deyə qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.
Əliyevlər ailəsinin uzun illərdir Azərbaycana rəhbərlik etdiyini vurğulayan müəllif məlumat verir ki, İlham Əliyev hakimiyyəti atasından miras alıb: "1991-ci ildə Azərbaycan müstəqillik qazanıb və iki il sonra Heydər Əliyev hakimiyyətə gəlib. O vaxtdan Azərbaycana Əliyevlər rəhbərlik edir".
Reportajda həmçinin qeyd olunur ki, Azərbaycanda iqtisadiyyatın gəlirli sahələri Əliyevlər ailəsinin nəzarətindədir: "Əliyevlər bank sektoru, telekommunikasiya, qızıl mədənləri kimi sahələrdə biznesin sahibidir".
Medianın da hakimiyyətin nəzarətində olduğu vurğulanır: "Space" telekanalı prezidentin bacısına, "Lider" telekanalı isə əmisi oğluna məxsusdur".
azadliq.info