Malta mətbuatı da Vaşinqtonla Bakı arasında “soyuq müharibə”dən yazdı
Ölkənin baş naziri indiki məqamda İlham Əliyevlə görüşdüyünə görə tənqid atəşinə tutuldu
«Onun həbsi ABŞ-la Əliyev rejimi arasındakı münasibətlərdə çevriliş nöqtəsi sayılır»
Malta mətbuatı ölkənin baş naziri Cozef Muskatı Azərbaycanda repressiyalar şiddətləndiyi və bu səbəbdən Əliyevin Qərblə münasibətlərinin gərginləşdiyi bir vaxtda bu ölkəyə səfərinə görə tənqid edib. “Malta Today” qəzetinin bu haqda dərc etdiyi iri həcmli məqalədə eyni zamanda Azərbaycanda insan haqlarının acınacaqlı durumundan bəhs olunur, Əliyev rejimilə Qərb arasında münasibətlərinin pisləşdiyi vurğulanır. Məqalənin tərcüməsini təqdim edirik:
“Bu səfər Qərbin Əliyev rejimindən uzaqlaşdığı vaxta təsadüf etdi”
Azərbaycanda insan haqlarının dəhşətli vəziyyətdə olmasına baxmayaraq, Qərb dövlətlərinin hökumətləri bu ölkədəki diktatura ilə münasibətlərini korlamırdılar. Bakıda müxalifətçilərə, tənqidçilərə qarşı amansız rəftarın davam etməsi Qərbdə narahatlıq yaratdığı bir vaxtda Cozef Muskat (Maltanın baş naziri) Ilham Əliyevlə görüşmək üçün çox pis bir zaman seçib.
Neft-qazla zəngin olan bu Qafqaz ölkəsi Krımın işğalından sonra Putin Rusiyasına alternativ enerji mənbəyi kimi reklam olunur. Son vaxtlar Azərbaycan özünün çiçəklənməsinə gətirib çıxara biləcək böyük layihələrə iddia edir, amma məsələ burasındadır ki, bütün dünyada korrupsiyalaşmış ölkə kimi tanınır. Prezident Ilham Əliyev 2012-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsində “ilin korrupsiyalaşmış adamı” seçilib.
Aprel ayında Avropa Birliyinin digər ölkələrilə yanaşı, Maskat da belə qənaətə gəldi ki, Rusiyadan kənar xətlərlə enerji daşıyıcılarının çatdırılmasını təmin etmək zəruridir. O da Avropa Birliyilə eyni mövqedən çıxış edərək, bu sahədəki problemlərin həlli üçün Azərbaycanla işləməyin Maltaya da xeyir verəcəyini bildirdi. Təəssüf ki, onun Azərbaycana səfəri bu ölkədə hüquq müdafiəçilərinə qarşı repressiyaların həyata keçirildiyi, Qərb dövlətləri əleyhinə kampaniya getdiyi, həmçinin Qərbin Əliyev rejimindən uzaqlaşdığı bir vaxta təsadüf etdi.
Bir məsələ aydınlır ki, hazırda Maltanın taleyi SOCAR-la bağlıdır. Bu şirkət yaxın 18 ildə Maltanı qazla təmin edəcək. Baş nazirin sözlərinə görə, onun Azərbaycana səfərinin əsas məqsədi Maltaya uzunmüddətli qaz təminatını təşkil etməkdir.
Baxmayaraq ki, Malta qazı tankerlərlə daşıyacaq, amma 2019-cu ildən Azərbaycan qazı Italiya sahillərinə kəmər vasitəsilə gəlib çıxacaq. Azərbaycan TANAP layihəsinin tikintisinə başlayıb. “Şahdəniz” yatağından qaz Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçən kəmər vasitəsilə gəlib Italiyanın cənubuna çıxacaq. Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kub metr qazın daşınması nəzərdə tutulub. Gələcəkdə kəmərin keçiricilik qabiliyyəti 31 milyard kub metrə çatdırıla bilər. “Cənub dəhlizi” adlandırılan layihə Avropa üçün Rusiya qazına alternativ təminat ola bilər.
Məhz bu cür strateji əhəmiyyətinə görə Qərb dövlətlərinin hökumətləri son dərəcə korrupsiyalaşmış Azərbaycanda insan haqlarının acınacaqlı durumuna ikili standartlarla yanaşırdılar. Mütəşəkkil korrupsiyanı araşdıran “Global Witness” təşkilatı ötən il SOCAR-ı “qeyri-şəffaf bazar praktikasında” ittiham etmişdi. Söhbət Azərbaycan Dövlət Neft Şirkətilə bağlı gizli və müəmmalı razılaşmalardan gedirdi.
“Transparency International” təşkilatının şəffatlıq hesabatında Azərbaycan ən korrupsiyalaşmış ölkələrdən biri kimi qeyd olunub. Şəffaflığa görə, 175 ölkə arasında 126-cı yeri tutub.
Əliyev İtaliyanın baş nazirini də pis vəziyyətdə qoymuşdu…
Şübhəsiz ki, Muskat Əliyev diktaturasına loyal münasibət göstərməkdə Avropa Birliyinin liderləri arasında tək deyil. Lakin Qərbin digər liderləri bu görüşlərdən ən azı, ölkədə insan haqlarının pozulmasına görə narahatlıqlarını açıq şəkildə dilə gətirmək üçün istifadə edirlər.
Avropa Komissiyasının keçmiş prezidenti Joze Manuel Barrozo 2013-cü ildə Əliyevlə görüşmüşdü. O, bu səfərdən həm də Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq müdafiəçilərilə görüşüb, insan haqlarının vəziyyətilə əlaqədar narahatlığını ifadə etmək məqsədilə istifadə etdi.
Əliyevlə görüşmək daxili siyasətdə anti-təbliğat baxımından da böyük riskdir. Bu ilin iyununda Italiyanın baş naziri Matteo Renzi bu mənada pis vəziyyətdə qalmışdı. Ilham Əliyev “Twitter”də yazmışdı ki, Azərbaycan Ermənistanla müharibəyə başlasa, Italiya da ona dəstək verəcək.
Azərbaycanla strateji müttəfiq olan başqa bir dövlət də Israildir. Israilin “Haaretz” qəzeti yazır ki, bu ölkə Azərbaycandan qonşu Irana qarşı kəşfiyyat əməliyyatları həyata keçirib. Qəzet eyni zamanda qeyd edir ki, Israil Azərbaycana silah-sursat, o cümlədən pilotsuz təyyarlər və radarlar satır. Israilin TANAP layihəsində iştirakı müzakirə mövzusu olsa da, bu ölkə ilə Türkiyə arasında diplomatik böhran üzündən məsələ dalana dirənib.
Azərbaycan hökuməti dünyada öz nüfuzunu artırmaq üçün lobbi işinə milyonlarla vəsait sərf edir. Ispaniyanın “Atletiko” futbol klubuna sponsorluq da lobbi işinin tərkib hissəsi idi.
Azərbaycan bu il ərzində 6 ay Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdi. Baxmayaraq ki, bu il Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərinə daha çox sayğısızlıq nümayiş etdirdi, bu ölkədə tənqidçi səslər boğuldu.
Əliyevlə ABŞ-ın münasibətlərində qırılma nöqtəsi
Azərbaycanda bu yay baş verənlər ABŞ prezidenti Barak Obama və Avropa Parlamentinin sərt reaksiyası ilə nəticələndi. Bunu Qərbin Əliyev rejimi ilə münasibətlərində dönüş nöqtəsi də hesab etmək olar. Həm Birləşmiş Ştatlar, həm də Avropa Birliyi hazırda Azərbaycan hökumətinə qarşı sərt mövqedədir. Prezident Obama sentyabrın 23-də Nyu-Yorkda çıxış edərkən ilk dəfə olaraq Azərbaycanı dünyada ən çox insan haqlarını pozan ölkələr siyahısına daxil etdi. Obama xüsusən bu ölkədə QHT-lərin fəaliyyətini son dərəcə çətinləşdirən qanuna istinad etdi.
Obamanın bu çıxışı Avropa Parlamentinin Avropa Birliyi Şurasına çağırışla eyni vaxta təsadüf etdi. Həmin çağırışda bildirilirdi ki, əgər insan haqlarına hücumlar dayanmasa, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun.
Avropa Parlamentinin sentyabrın 18-də qəbul etdiyi qətnamədə Azərbaycan hökumətindən bütün siyasi məhbusları dərhal azadlığa buraxmaq tələb olunurdu. Həmin vaxt bu siyahıda 81 nəfər siyasi məhbusun adı var idi.
Maskatın səfəri hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Xədicə Ismayılovanın taleyilə bağlı narahatlığın artdığı bir dövrə təsadüf edir. Leyla Yunusun vəkili Ramiz Məmmədov bildirib ki, hüquq müdafiəçisinin vəziyyəti kəskin şəkildə pisləşib. Leyla Yunus şəkərli diabetdən və “Hepatit C”-dən əziyyət çəkir. Lakin müalicə olunmur. Vəkilin sözlərinə görə, hüquq müdafiəçisi çox çətinliklə yeriyir.
Leyla Yunus və həyat yoldaşı Arif Yunus iyulun 30-da saxlanılıb. Bu həbsdən bir gün əvvəl Leyla Yunus prezident Əliyevə açıq məktub yazaraq, onun rəhbərlik etdiyi rejimi fəallara və bloggerlərə qarşı repressiyalara görə tənqid etmişdi. O həmçinin Əliyevi “adını tarixə tiran və diktator kimi yazdırmamağa” çağırmışdı.
Hazırda Yunusların hər ikisinin barəsində ilkin istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib, amma onlar ayrı-ayrı istintaq təcridxanalarında saxlanılırlar. Leyla Yunus və həyat yoldaşına qarşı dövlətə xəyanət, vergidən yayınma, dələduzluq kimi ittihamlar irəli sürülüb. Lakin onlar bəyan ediblər ki, ittihamlar əsassızdır və siyasi sifarişin nəticəsidir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da onları “vicdan məhbusu” elan edib.
Avropanın da Əliyevə münasibəti dəyişib
Avropa Parlamentinin prezidenti Martin Şults noyabrın 26-da bəyan etdi ki, Leyla Yunusun həbsdə saxlanması onun həyatı üçün ciddi təhlükədi: “Avropa Parlamenti Leyla Yunusu təcili şəkildə azad etməyə çağırır. Avropa Parlamenti demokratik dəyərlərə sadiqliyini və dəstəyini bir daha bəyan edir”.
Bu bəyanatdan sonra Azərbaycanın rəsmi media orqanları cənab Şultsu aşağıladı, onu “hələ də öz emosiyalarını cilovlaya əyyaş” adlandırdı.
Avropa Birliyi və Avropa Şurasının rəhbərliyi araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsilə əlaqədar dekabrın 9-da bəyanat yayaraq, narahatlığını ifadə etdi. Ismayılova ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun əməkdaşı idi. Onun həbsi ABŞ-la Əliyev rejimi arasındakı münasibətlərdə çevriliş nöqtəsi sayılır.
Bundan əvvəl də Azərbaycandakı rejim Ismayılovanı susdurmaq məqsədilə onu şantaj etmişdi. Əliyevin hüquq-mühafizə orqanları 2012-ci ildə Ismayılovanın yaşadığı mənzilə gizli kamera yerləşdirərək, onun yataq otağını çəkmişdi. Indi isə o, keçmiş sevgilisini intihar həddinə çatdırmaq ittihamı ilə həbs olunur. Bu ittihamla Ismayılovanı 7 ilə qədər həbs cəzası gözləyir.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini Xədicə Ismayılın həbsini “ifadə azadlığına zərbə” kimi qiymətləndirib.
Maskatın Bakıya səfəri Xədicə Ismayılın həbsindən təxminən bir həftə sonraya təsadüf edib. Avropa Birliyinin üzvü olan Maltanın baş naziri ümid edir ki, Azərbaycanda insan haqları sahəsindəki pozuntularla bağlı narahatlığı eşidiləcək.
Bu yaxınlara qədər Azərbaycanda hesab edirdilər ki, Putin Azərbaycanın Qərbyönümlü siyasətinə mane olur və bu istiqamətdə əlaqələri pozmağa çalışır. Eyni zamanda, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanı dəstəkləyir. Indi isə Əliyev Moskvanı tərifləyir və deyir ki, Azərbaycanla Rusiya iki qonşu, dost dövlət kimi, birlikdə inkişaf edir və dünyadakı problemlərin həllində birgə iştiraka hazırdır.
Azərbaycanda müxalifətçilərə qarşı repressiyalardan sonra Qərblə münasibətlərində gərginlik yaranan Əliyev son nəticədə siyasi müttəfiqi kimi Rusiyanı seçir.
Siyasət şöbəsi