Nurəddin Məmmədli: «Professorun polis serjantından bir neçə dəfə aşağı pensiya aldığını görənlər bu sahədən qaçır…»
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda alimlərin yarısının təhsil sistemində çalışdığını bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 1267 elmlər doktorundan 939-u, 10 min 444 fəlsəfə doktorundan 5011-i təhsil sistemində fəaliyyət göstərir. Mikayıl Cabbarov deyir ki, təhlillər dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru olmadığını, 61 yaşdan yuxarı olanların sayının isə təxminən 63,9 faiz təşkil etdiyini ortaya çıxarıb.
Nazir qeyd edib ki, fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7 faiz, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18 faizdir.
Mövzu ətrafında fikirlərini bölüşən professor Nurəddin Məmmədli deyir ki, elmin inkişafı hansısa konkret səbəblə bağlı ola bilməz. Onun sözlərinə görə, ölkədə elm sahəsi prestijli fəaliyyət sahəsi olmaqdan çıxıb. Çünki sovet dövründə alimlərə göstərilən xidmət və diqqət hazırda yoxdur: “Elmlə məşğul olanların əksəriyyəti ordudan yayınmaq və ya başqa sahələrdə çalışmaq imkanlarından məhrum olduqları üçün bu sahəyə gəlir. Belə olan halda, vəziyyət də müsbət ola bilməz. Cəmiyyətdə elm və savada qarşı etinasızlıq və bəzən təhqiredici münasibət var. Məmurların və deputatların elmi titullar daşıması da buna səbəb olur. Elmlə heç bir əlaqəsi olmayan insanlar elmi adlar alır. Bu gün ölkədə professorun polis serjantından bir neçə dəfə aşağı pensiya alması alimin nüfuzuna ciddi zərbə vurur. Bunu görənlər də elmdən qaçır. Bütün bunların hamısı elmin çox acınacaqlı vəziyyətdə olmasının göstəricisidir”.
Nurəddin Məmmədli qeyd edir ki, elmin epizodik şəkildə, hansısa problemin sözlə ifadəsilə inkişaf etdirmək olmaz. Reallığı və dünya praktikasının nəticəsini nəzərə alan kompleks proqramlarla bu inkişafa nail olmaq mümkündür: “Və əlbəttə ki, bu məsələ birbaşa təhsil sisteminin inkişafına bağlıdır”.
Nigar