«Davamlı aksiyalar passiv dayananların da bu prosesə cəlb olunmasına gətirib çıxara bilər»
Vidadi Mirkamal: «Azərbaycan hakimiyyətinə ən yaxşı cavab sanksiyaların tətbiqi ola bilər»
Əgər bir müddət əvvəl demokratik qüvvələr və toplum beynəlxalq təşkilatları Azərbaycandakı duruma adekvat reaksiya verməməkdə ittiham edirdilərsə, hazırda durum dəyişib. Son aylar nüfuzlu beynəlxalq təşkilatların əsas müzakirə predmetlərindən biri məhz Azərbaycandakı vəziyyətdir. Ölkədə insan haqlarının kobud şəkildə pozulması beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunmaqdadır. Oktyabrın 27-də Vaşinqtonda “Freedom House” təşkilatının və Acıq Cəmiyyət Fondunun (Soros) təşkilatçılığı ilə “Azərbaycanda insan hüquqları pozuntularının geniş fəsadları” mövzusunda keçirilən dinləmə bu qəbildən sayıla bilər. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ilə müsahibəyə son zamanlar sərgilənən beynəlxalq reaksiyaya münasibətlə başlamaq qərarına gəldik.
– Ölkədəki diktatura rejiminin ağırlığını bu xalq birinci növbədə öz üzərində hiss edir. Korrupsiya, rüşvət, repressiya siyasəti Azərbaycanda yaşayanların həyatını əzaba çevirir. Prezident seçkilərindən sonra Azərbaycan cəmiyyətində olan ab-hava ölkə problemlərinə adekvat deyil. Azərbaycanda vətəndaş cəmiyyəti elə hala salınıb ki, ölkədə baş verənlərə adekvat reaksiya göstərə bilmir. Bir çox siyasi partiyalar sıradan çıxarılıb, partiya üzvləri repressiya məruz qalıb. Belə bir şəraitdə ölkədə çox zəif bir müqavimət gücü qalıb. Bundan da istifadə edərək hakimiyyət repressiya siyasətini davam etdirir. Beynəlxalq aləmdə Azərbaycanla bağlı aparılan müzakirələr, hakimiyyətə yönələn sərt tənqidlər hələ ki, Azərbaycan daxilində hiss olunmur. Amma bu iki məqam bir-birilə əlaqəlidir. Ölkədə mübarizə əzminin artırılması, insanların korrupsiya və rüşvətə qarşı mübarizəyə səfərbər olunması fonunda beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar da təsir edəcək. Amma son zamanlar beynəlxalq aləmdə Azərbaycanın adının tez-tez hallanması onu göstərir ki, beynəlxalq təşkilatlar ayılıblar və görürlər ki, Qərbin maraq dairəsində olan ölkədə avtoritarizm meyillər güclənib. Ona görə də beynəlxalq təşkilatlar bununla bağlı üzərlərinə düşən öhdəliyi yerinə yetirirlər. Amma Azərbaycan hakimiyyəti üçün bu kifayət deyil. Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında konkret öhdəlikləri var. Amma Azərbaycan hakimiyyəti nə öhdəliklərini yerinə yetirib, nə də üzərinə düşən islahatları reallaşdırıb. Əksinə, hakimiyyət ötən müddət ərzində sərbəst toplaşmaq, ifadə azadlıqlarını məhdudlaşdırıb. Azərbaycanda ilk növbədə daxili müqaviməti artırmaq lazımdır ki, hakimiyyəti tənqid edən sərt beynəlxalq qərarlar düzgün anlaşılsın.
“Sanksiyalar gözlənilən idi”
– Artıq nüfuzlu beynəlxalq təşkilatlar səviyyəsində hakimiyyətə qarşı sanksiyaların tətbiq olunması gündəmə gəlməkdədir. Belə bir təşəbbüslə Avropa Birliyində, Soros və USAID kimi təşkilatlar səviyyəsində çıxış edilib. Bu tendensiyalar nədən xəbər verir?
– Azərbaycanda baş verənlərlə, seçki saxtakarlığı ilə bağlı faktların gündəmə gətirilməsinin məntiqi nəticə o olmalıydı ki, ölkəmizin adı sanksiya tətbiq oluna biləcək dövlətlər siyahısına düşsün. Bundan böyük nə ola bilər? Azərbaycanda prezident seçkiləri kütləvi saxtakarlıq faktları ilə müşahidə olunub. ATƏT-in müşahidə missiyası 58 faiz saxtakarlıq faktlarının olduğunu qeydə almışdı. Bu cür bəyanatlardan sonra sanksiyaların tətbiq olunmaması müəyyən dərəcədə ruh düşkünlüyünə səbəb oldu. Sual olunurdu ki, Azərbaycanda nə olmalıdır ki, “Maqnitski qanunu” işə düşsün. Azərbaycana qarşı sanksiyaların tətbiq edilə biləcəyinin gündəmə gətirilməsi müsbət haldır. Çünki, Azərbaycanda baş verən bu özbaşnalığın qarşısı alınmalıdır, hakimiyyət durmaq bilmir. Hakimiyyət öz repressiya aparatını daim işlətməkdədir. Amma buna baxmayaraq düşünürəm ki, beynəlxalq təşilatlarla yanaşı Azərbaycan hakimiyyətinə qarşı dövlətlərin də sərt reaksiyası olmalıdır. Çünki, hakimiyyət təmsilçiləri onlara qarşı səslənən bəyanatlara özlərinə uyğun cavab verirlər, beynəlxalq təşkilatları onların sıralarını tərk etməklə hədələyirlər. Ona görə Azərbaycan hakimiyyətinə ən yaxşı cavab sanksiyaların tətbiqi ola bilər. Hakimiyyətin bu cür siyasəti davam edəcəyi təqdirdə beynəlxalq sanksiyalar qaçılmaz olacaq.
– Ümumiyyətlə, ABŞ-ın xarici siyasətini müəyyənləşdirən QHT-lərin Azərbaycana münasibətdə sərt mövqe sərgiləməsi bir müddət sonra administrasiyanın da eyni mövqedən çıxış edə biləcəyini deməyə əsas verirmi?
– Bəli, hazırda Azərbaycanla bağlı məsələ müzakirə mövzusudur. Amma hakimiyyətin siyasətinin dəyişməməsi sanksiyaların tətbiqini hər gün daha da real edir.
“Müxalifətin aksiya keçirməsi cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır”
– Milli Şura bir müddət əvvəl “siyasi məhbuslara azadlıq” şüarıyla izdihamlı aksiya keçirdi. Əslində, bu aksiya hazırda cəmiyyətdəki süstlük durumunda mühüm addım sayıla bilər. Bundan sonra Milli Şuranın bu istiqamətdə addımları nədən ibarət olacaq?
– Aksiyalar cəmiyyətdə etiraz formalarından biridir. Bu heç də məqsəd deyil. Aksiyaların keçirilməsi siyasi mübarizə formalarından biri olduğuna görə müxalifətin aksiya keçirməsi cəmiyyətdə böyük ruh yüksəkliyi yaradır. Düşünürəm ki, bu aksiyaların davamlı olması cəmiyyətdə passiv mövqedə daynanların da demokratik prosesə cəlb olunmasına gətirib çıxara bilər. Ona görə düşünürəm ki, bu aksiyalar davamlı olmalıdır.
– Milli Şuranın cəmiyyətdə baş verənlərlə bağlı silsilə aksiyalar keçirməsi topluma hansı mesajları verə bilər?
– Silsilə aksiyalar üçün ciddi hazırlıq görülməlidir. Azərbaycanda müxtəlif partiyalar, qurumlar var. Bu aksiyaların keçirilməsi üçün cəmiyyət toparlanmalıdır. Hazırkı dövrdə Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə Milli Şuradan başqa ikinci maraqlı qüvvə yoxdur. Milli Şura özündə güc taparaq insanlarla daha geniş miqyasda işləməyə güc tapmalıdır. Milli Şuranın sıraları daha da genişləndirilərək, özündə gənclərin, ziyalıların geniş təbəqəsini birləşdirməlidir.
“Hakimiyyət xalqın potensialını məhdudlaşdırır”
– Azərbaycanda gənclərlə bağlı keçirilən beynəlxalq forumda Ilham Əliyevin məktubu oxunub. I.Əliyev müraciətində bildirir ki, Azərbaycanda təhsilə, gənclər siyasətinə böyük qayğı var. Amma bir neçə gün əvvəl Ramiz Mehdiyev çıxışında bəyan etmişdi ki, Azərbaycanda təhsilin səviyyəsi 70-ci illərə yaxınlaşıb, Prezident Administarsiyasında kadr çatışmamazlığı var. Bu təzad nədən qaynaqlanır?
– Azərbaycanda nə qədər ki, demokratik islahatlar keçirilməyib təkcə təhsil yox, bütün sahələrdə bu cür acınacaqlı durum yaşanacaq. Amma təhsil hər bir xalqın gələcəyi, inkişafın əsası olduğu üçün təhsilə önəm verilir. Görünən bağa bələdçi lazım deyil. Azərbaycanda təhsilin səviyyəsi çox aşağıdır. Hətta sovet dövründə təhsilin səviyyəsi indkindən yüksək idi. Azərbaycanda həqiqətən savadlı, potensialı olan gənclər çoxdur. Necə olur həmin gənclər Azərbaycandan gedib xaricdə təhsil alanda yüksək nəticələr göstərirlər. Hakimiyyət xalqın potensialını öldürməklə məşğuldur. Halbuki həmin potensialdan istifadə edərək xalqın gələcəyi yaxşılaşdırılmalı idi. Hakimiyyət insanların savadlı olmasında maraqlı deyil. Ramiz Mehdiyev deyir ki, kadr tapa bilmirik. Axı indiyə qədər hakimiyyətin kadrları özlərinin yaxın qohum-qardaşı olub. NIDAçıların sırasında savadlı gənclər var. Onların hansına imkan yaradılıb. Yürüdülən siyasətin əsasında hakimiyyətin xisləti dayanır. Hakimiyyət özünkülərdən başqa heç kimin potensialından istifadə etmək istəmir.
– Ramiz Mehdiyev bir məqamı da vurğulayıb ki, ölkədə əsas yaşayış meyarı kimi insanların evə, maşına və pula sahib olmaq istəyinin üstünlük təşkil etməsidir. R.Mehdiyev hətta vurğulayıb ki, bu maddi nemətləri əldə etmək üçün insanlar əxlaqsızlığa, qeyri-qanuni işlərə əl atmağa çalışırlar…
– Hər bir halda ölkədə maddi rifahının yaxşılaşdırılması üçün iqtidarda olan komandanın rolu böyükdür. Bunlar 20 ildən artıqdır ki, hakimiyyətdədirlər. Iqtidar iqtisadi inkişaf istiqamətində hansı proqramı irəli sürüb. Insanlar niyə cinyaət edirlər? Çünki insanların ehtiyacı var və həmin ehtiyacların ödənilməsi istiqamətində addım atılmır. Ramiz Mehdiyev bu məsələlərdən danışarkən öncə onların səbəblərini aydınlaşdırmalıdır. Həmin səbəblər isə hakimiyyətin özündədir.
“Ilhm Əliyev maraqlanaramsa deyirsə, deməli, ölkədən xəbəri yoxdur”
– Ilham Əliyev Fransa prezidenti ilə görüşü zamanı bəyan edib ki, Leyla Yunusun məsələsi ilə maraqlanacaq. Bu, Ilham Əliyevin baş verənlərdən xəbərsiz olduğunu göstərir, yoxsa onun deməyə arqumenti yoxdur?
– Azərbaycan kimi cəmiyyətlərdə baş verən ən xırda hadisəyə, həbsə görə birinci şəxsin razılığı tələb olunur. Hakimiyyətin birinci şəxsi bu barədə rəy verməsə, digər məmurların bu istiqamətdə qərar qəbul etmək haqqı yoxdur. Bu həqiqəti xaricdə də gözəl bilirlər. Ilham Əliyev bəyan edibsə ki, maraqlanaram, o zaman bu daha da pis, deməli, onun ölkədən xəbəri yoxdur. Amma hamı bilir ki, ölkədə baş verən pozuntuları beynəlxalq aləmə ifşa edən şəxslər birbaşa Ilham Əliyevin diqqətindədir. Onların repressiyaya uğraması birbaşa fəaliyyətlərinin nəticəsidir.
– Millət vəkili Qalib Salahzadə bəyan edib ki, bələdiyyə seçkilərinin nəticələri və bələdiyyə üzvlərinin kimlər olacağı indidən bəllidir…
– Biz əvvəlcədən də bəyan etmişdik ki, Milli Şuranın bələdiyyə seçkilərində iştirakı istisna olunmalıdır. Çünki bələdiyyələrin statusu sıfır dərəcəsindədir. Onlar icra hakimiyyətindən tam asılı formadadır. Bələdiyyələr yaranan gündən torpaq satışı ilə məşğuldur. Bələdiyyələrin statusu qaldırılmalıdır. Digər tərəfdən, ona görə bu seçkilərə maraq yoxdur ki, yerlərə kimlərin təyin olunacağı əvvəlcədən bilinir.
– Fuad Ələsgərov bu günlərdə açıqlamasında bəyan edib ki, məhkəmələr tam qanunlara uyğun formada fəaliyyət göstərir və hakimlərin seçilməsi şəffaf yolla aparılır. Bundan başqa, Azərbaycan Avropa Məhkəməsinin bütün tələblərini icra edib. Bu açıqlamalar nə dərəcədə həqiqətə uyğundur?
– Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Məhkəmələr sifariş əsasında işləyirlər. Məhkəmələrdə kütləvi korrupsiya baş alıb gedir. Onlara üz tutanların sayı durmadan azalır. Çünki məhkəmələrə inam yoxdur. Məhkəmələrin formalaşması qaydası da kifayət qədər qüsurludur. Məhkəmə Hüquq Şurası bir neçə pilləli süzgəc təşkil edib. Həmin süzgəcdən hakimiyyətin istədiyi adamlar keçir, istəmədikləri isə qalır.
– Bu yaxınlarda daha bir maraqlı, korrupsiya faktını ifşa edən xəbər hakim Həsən Əliyevlə icra başçısının birgə atdığı addımlarla bağlıdır. Məlum oldu ki, nazirlərlə, komitə sədrləri əlaqəyə girilərək onlara bahalı hədiyyələr verilir. Bu faktlara niyə reaksiya verilmədi?
– Korrupsiya və rüşvət siyasəti Azərbaycan hakimiyyətinin xislətini təşkil edir. Bütün hakimiyyət orqanları bu dəyərlər üzərində formalaşıb. Elşad Abdullayevin videoları və digər faktlar ortadadır. Amma hakimiyyəti ortaya çıxarılan faktlar narahat etmir. Hakimiyyəti onun korrupsiya qaydalarını pozanlar narahat edir.
Xəyal