Yaxud, pula hərislik haqqında ittihamlar və faktlar
İlham Əliyev həmişə rayonlara səfərində geosiyasi çıxışlar edir. Ölkənin, özünün təsəvvür etdiyi uğurları barədə nə qədər danışırsa, bir o qədər və ondan daha artıq geosiyasi məsələlər və ölkəmizi gözləyən xarici təhlükələr, daxili və xarici düşmənlər haqqında «zəhmətkeşlərə» məlumat verir.
Beyləqanda da belə olub. Prezident Azərbaycanda əldə edilən yüksək uğurlardan və sürətli inkişafdan bir-iki abzas danışandan sonra daxili və xarici düşmənlər mövzusundakı ənənəvi xəbərdarlıq və tapşırıqlarını verib.
Biincisi, prezident bəyan edib ki, o, hər gün daxili və xarici düşmənlərə qarşı mübarizə aparır. Yəqin ki, özündən nümunə götürmələrini istədiyi Beyləqan camaatına da səslənmək istəyib ki, onlar da bacardıqları qədər bu daxili və xarici düşmənlərə qarşı mübarizə aparsınlar. Bu detal orada hökmən vurğulanmalı idi. Çünki İlham Əliyev yaxşı bilirdi ki, onun önünə «zəhmətkeşlər» və ya «yerli sakinlər» adı ilə toplanmış adamlar büdcə təşkilatlarının seçilmiş insanlarıdır və onlar hakimiyyətin inzibati dəst-xəttinin yerlərdəki tətbiqatçılarıdırlar. Bu adamlar yerlərdə əhaliyə qan udduran inzibati elitadır və onlar İlham Əliyevin «mən mübarizə aparıram» öyüdünü qulaqlarında sırğa edib bu «mübarizəni» ucqarlarda daha effektiv təşkil etməlidirər.
Daxili düşmənlərlə məsələ aydındır. Hər kəs bilir ki, cənab Əliyevin daxili düşmənləri «sosial bazası olmayan», «xalq arasında heç bir nüfuzu olmayan» müxalifətçilərdir. Cənab prezidentin bu zəif və gücsüz müxalifətə qarşı hər gün mübarizə aparması isə bir növ siyasi deyil, pataloji səbəblərlə bağlıdır. O, öz əleyhdarlarını profilaktik mübarizə ilə zərərsizləşdirir.
Amma xarici düşmənlə! Bax, bu, əsl həngamədir.
Dünyanın dörd bir yanında Azərbaycandakı inkişafı, bolluğu, rifahı, ildə 180 min uşaq doğulmasını, iş yerləri açılmasını, facebook və tvitter yazışmalarını gözü götürməyən düşmənlər var və İlham Əliyev də əsl Herkules kimi hər gün onlarla mübarizə aparır. Beyləqan ictimaiyyətini də bu xarici düşmənlərə qarşı mübarizəyə səsləyir.
Cənab Əliyev beyləqanlılara bu mübarizənin yolunu da göstərir. «Vətənpərvərlik, bilik, savad,..» kimi keyfiyyətlərlə.
Vətənpərvərliklə bağlı məsələ aydındır. Beyləqanlılar da Beyləqanın hüdudlarından xaricdə olan bütün azərbaycanlılar kimi bu önəmli dəyərin vacib missiyaya çevrilməsi üçün Lazımın gəlişini gözləyirlər ki, İlham Əliyevin çıxışının sonunda qeyd etdiyi yazıq, miskin, müstəqilliyi olmayan, koloniya gününə salınan Ermənistan üzərinə çevirib ölkəmizin ərazi bütövlüyününü təmin etsinlər. Hərçənd, bu yaxınlarda Lazım gəlmişdi, amma o, Beyləqan tərəfə çatmamış, haradasa, Ağdam və Tovuz ərazilərində tutulub Soçiyə aparıldı və deyəsən, Putin onu daha oradan buraxmaq fikrində deyil.
Amma bilik və savad mühüm arqumentlərdir. Bu arqumentlər TQDK-nın qəbul hesabatlarında olduqca parlaq şəkildə əks olunub. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbyacan gəncliyinin bilik və savad göstəriciləri, orta hesabla, 700 mümkün xaldan 200 bala qədər enib. 200 ballıq savad göstəricisi olan millətin qarşısında isə bu cür qəhrəmancasına danışmaq olduqca məğrur görükür.
Nəhayət, İlham Əliyev həmin o zəif, heç bir sosial bazası olmayan, gücsüz, xarici düşmənlərin əlaltısı olan müxalifət haqqında beyləqanlılara hesabat verib və deyib ki, onlar pula hərisdirlər. Bunu İlham Əliyev deyib. Dünyanın hər yerində və bütün hesablarında adı korrupsiya hesabatlarının ön şkalasında əks olunan, xalqın və dövlətin sərvətlərinin talanmasında təkrarsız qabiliyyət göstərən bir hökumətin lideri!
İlham Əliyevin bu sözlərini şərh etməyəcəyik. Sadəcə olaraq, insanları pula hərislikdə ittiham edən cənab İlham Əliyevin ailə sərvətlərinə daxil olan bəzi xırda obyektləri və pul mənbələrini qeyd edəcəyik. Beyləqan zəhmətkeşləri də, Bakı müftəxorları da bu qeydlərlə bir daha tanış olsun deyə.
– Azərbaycanda qızıl istehsalı və emalı İlham Əliyevə məxsusdur. Daşkəsən və Gədəbəyin qızıl yataqları, bu yaxınlarda Gəncə ətrafında aşkar edilən daha 80 tonluq qızıl ehtiyatları cənab İlham Əliyevin şəxsi biznesidir.
– Azərbaycanda neft istehsalı və satışı yalnız cənab İlham Əliyevin nəzarəti altındadır. ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müxtəlif yerli və xarici törəəmə şirkətlər vasitəsilə özəlləşdirilmiş paylardan ibarətdir və bu payların hamısı, istisnasız olaraq İlham Əliyevin ailə büdcəsinə daxildir.
– Şahdağda tikintisinə dövlət büdcəsindən 4 milyard manat vəsait xərclənən Qiş İdman Kompleksi və Turizm Bazası cənab İlham Əliyevin ailə biznesidir.
– “Azərsun” Holdinq Azərbaycanda qida sənayesi üzrə monopolist şirkətdir. Bu şirkət tamamilə və bütünlüklə cənab İlham Əliyevin ailə biznesinə daxildir.
– Tikintisinə yüzmilyonlarla dövlət vəsaiti xərclənən və xərclənməkdə olan Sumqayıt Texnologiyalar Parkı nəhəng istehsal sahəsi olaraq cənab prezident İlham Əliyevin şəxsi biznes imperiyasına daxildir.
– AZAL Dövlət Hava Yolları Konserninin bütün əmlakı və səlahiyyətləri üzərində nəzarəti ələ keçirən SilkWay hava yolları şirkəti cənab İlham Əliyevin ailə biznesinə daxil olan şirkətdir.
– Azərbaycanda mövcud olan bütün iri və kredit verən (Azərbaycanda vətəndaşlara kredit 20 faizdən az olmayaraq verilir) banklar, o cümlədən, Kapital Bank, SilkWayBank, Ata Bank, Xalq Bank, Beynəlxalq Bank və başqaları cənab İlham Əliyevin şəxsi sərvətləri siyahısına daxildir.
– Əliyevlər ailəsi 20 il ərzində 48 milyard dollar oğurlayaraq offşor zonalarında öz şəxsi biznesini qurmuşdr.
– Bakı şəhərindəki ticarət və istehsalat obyektləri, binalar, Azərbaycanın hər yerində villaların ümumi dəyəri bir neçə milyard manata bərabərdir.
Bütün bunlar Azərbaycan müxalifətini və vətəndaş cəmiyyəti fəallarını pula hərislikdə, qrant mənimsəməkdə ittiham edən cənab Əliyevin şəxsi varidatının bir hissəsidir. Biz bunu müqayisə üçün xatırlatdıq. Əlavə edirik ki, qanunla prezidentin və onun ailə üzvlərinin bizneslə məşğul olması qadağandır.
Akif