Heydərizmin «yeniçərilər ordusu» demokratiya üzərinə savaşa keçmək üçün əmr aldı
Ramiz Mehdiyevin KİV rəhbərləri ilə keçirdiyi görüşün bir neçə mühüm aspektləri diqqəti cəlb edir. İlk sırada gələn cəhətlər isə bunlardır:
– Görüş niyə məhz indi keçirilir?
– Görüş niyə qapalı adlandırılır?
Nə zamansa açıq görüş olubmu?
İkincidən başlayaq.
Dövlətə rəhbərlik edən şəxslərin mətbuata rəhbərlik edən şəxslərlə qapalı görüş keçirməsi o zaman anlaşılardı ki, belə görüşlər müntəzəm olsun və günün birində də hansısa konkret məsələ ilə bağlı dövlət «qapalı» görüş keçirməyə ehtiyac duysun.
Bu zamana qədər Azərbaycan rəhbərləri KİV rəhbərləri ilə təmasda olmayıb. Ramiz Mehdiyevn özü də, ölkə medyasına açıq adam olmayıb. Prezident isə Azərbaycan qəzetlərinə və telekanallarına nə müsahibə verib, nə də mətbuat konfransları keçirib. Dövlət başçılarından ilk dördlüyü götürək. Prezident, onun administrasiyasının rəhbəri, parlamentin sədri və baş nazir Azərbaycan mətbuatı qarşısında dayanmağa, onun suallarına cavab verməyə heç zaman xüsusi ehtiyac hiss etməyiblər. Bunlardan örnək götürən nazirlər və icra başçıları da eyni davranışı göstəriblər. Yəni, bu qapalılıq birtərəfli qaydada həmişə olub.
“AzərTac” cızığı
Amma KİV həmişə belə «qapalı» görüş üçün ərk ediləsi cameə olmayıb. Həmişə «narahat» qəzetlərin və ya saytların bəlli bir sayı olub ki, elliklə media tədbirləri təşkil edəndə onları nəzərə almamaq ya mümkün olmayıb, ya da məsləhət olmayıb. Son 10 il ərzində Azərbaycan mediasının bütün resurslarının fiziki göstəriciləri 70-80 faizlə iqtidarın xeyrinə olsa da, yerdə qalan 20 faiz “narahatlıq” öz tutumuna və əhatəsinə görə həmin o 80 faizdən geri qalmayıb. Bu rəqəmlər isə hakimiyyəti həmişə narahat edib. Daim yeni KİV-lər yaradılıb, onlar şou-biznes və ya parıltılı sosial temalarla tiraj yığıblar ki, bu sektorda hakimiyyətin şəriksiz və əzici üstünlüyü əldə edilsin. Bu birxətli «inkişaf» da hakimiyyəti təmin etməyib və o, həmişə müstəqil medyanın gözünü çıxartmaqla, onu döyüb əlil etməklə öz resurslarının üstünlüyünə nail olmaq üçün məqsədyönlü iş aparıb. İndi buna nail olublar. İndi Azərbaycan mediası hakimiyyətin ayaqları altına sərilib.
Buna görə də KİV rəhbərləri ilə qapalı görüş keçirmək, orada monoloqlar söyləmək, direktivlər vermək və hədələmək mümkündür. Bu monoloqlara hazır olan, bu direktivləri gözləyən, bu hədələrdən qorxan nəhəng bir şəbəkə var və həmin şəbəkə ilə işləmək rahatdır.
KİV rəhbərləri ilə qapalı görüşün, məhz, indi keçirilməsinin bir səbəbi budur.
Əslində, bu görüşü «qapalı» adlandırmağa ehtiyac da yox idi. Görüşün adını «açıq» qoyub, sadəcə ötəri bir xəbərdarlıq etmək olardı ki, buradakı söhbətlər burada qalır. Amma görünür, dövlət rəhbərləri hətta hansısa KİV rəhbərlərinin improvizə imkanlarına da ehtiyac görülmədiyini başa salırlar, buna görə də «qapalı» sözü ilə məsuliyyət müəyyən edirlər. Buna görə də, Mehdiyevin bu toplantısından Azərbaycan mediasına sızan reportaj yalnız bir xəttlə – “AzərTac” xətti ilə verilən rəsmi informasiya ilə bitir. Orada iştirak edən heç bir KİV toplantıya fərqli yanaşaraq, oradakı çıxışların tezisləri ətrafında, hətta hökumətin mənafeyinə uyğun gələ biləcək yorumlar da vermir. Cəsarət etmirlər. Çünki indən belə Azərbaycan mediasına cəsarət lazım deyil. Çünki undən belə, bu, qapalı mediadır.
***
Uzun proses oldu. Tam 22 il. 22 il ərzində Azərbaycan mediasını buxovlamaq, onu tam bir Sovet qəzetçiliynə çevirmək üçün müharibə getdi. Söz azadlığının təcəssümləri bir-birinin dalınca düşdü. (Mən qəhrəmancasına həlak olanları nəzərdə tutmuram). Təzyiqlər, şirnikləndirmələr, satın alınmalar, bazarlıqlar öz işini gördü. İndi əminliklə söyləmək olar ki, Azərbaycanda söz azadlığı bir sistem olaraq, bir media şəbəkəsi şəklində mövcud deyil.
Indi Azərbaycan mediasını KİV rəhbərləri səviyyəsində bir zala toplayıb onlara «Xəbərdarlıq edirəm ki!..» şəklində barmaq silkələmək və nəinki orada, hətta oradan çıxdıqdan sonra da müzakirə cəhdi faktlarını istisna etmək olar.
Ölkə mətbuatına xəbərdarlıq edildi. Bunun sarı kart olduğuna hamı əmin oldu. İndi Azərbaycan KİV-ləri Mehdiyevin kurallarına tamamilə və bütünlüklə beyət etmiş nəhəng bir zümrədən ibarətdir. Bu şəbəkə cənab Ramiz Mehdiyevin həyatının gənclik illərində yönəltdiyi Azərbaycan Sovet mətbuatının hüdudlarına pərçimləndirilmiş bir mediadır və cənab Mehdiyev indi, yaşının bu ahıl çağında həmin sütül zamanlarını ləzzətlə xatırlamaqdadır.
Bu zamana qədərki ən açıq görüş
Bir neçə il əvvələ qədər ayrı-ayrı KİV-lərlə danışıqlar aparıb onları hakimiyyət platformasına çəkirdilər. Şərtlərdən birincisi prezidentin daxili və xarici siyasətini dəstəkləmək idi. Daha açıq ifadə olunanda: «Prezident tənqiddən kənardadır, qalan bütün məsələlər haqqında yaza bilərsiniz». Bu, bir əməkdaşlıq təlimatı idi və bu təlimat qapalı, məxfi verilirdi. Çünki ayıb sayılırdı. Məxfi təlimatla razılaşan KİV rəhbəri bu qapalı anlaşmanı hətta öz əməkdaşlarından da gizli saxlayırdı. Çünki utanırdı. Azərbaycan mətbuatı 90-cı illərin əvvəllərindəki bircə sıçrayışla 20-25 illlik müstəqillik akkumulyasiyası əldə etmişdi və həmin müstəqillik brendi o qədər nüfuzlu idi ki, bağlı qapılar arxasındakı «media-hakimiyyət» anlaşmaları həqarətli bir şey sayılırdı.
Mehdiyevin «qapalı» adlandlrdığı həmin görüş bu zamana qədər aparılan qapalı görüşlərin və gizlin anlaşmaların açıqlanması idi əslində. Bu zamana qədər, guya, hamıdan xəlvət o anlaşmaları imzalayaraq Azərbaycan mətbuatının şərəfli azadlığını şəxsi təminata və şəxsi təhlükəsizliyə satanlar bu «qapalı» müşavirədə aşkara çıxarılır, onlara yeni döyüş tapşırıqları verilirdi.
Bəli, bu, bir görüş deyildi. «Görüş»lər bu zamana qədər, məxfi, yarımməxfi, üstüörtülü şəkillərdə, profilaktik və fərdi söhbətlər qaydasında aparılıb. Daha o görüşlər bitdi. İndi “AzərTac”la idarə olunacaq Azərbaycan mətbuatı.
Demokratiyaya qarşı muzdlular döyüşəcək
Və məsələnin daha ikrah doğuracaq bir tərəfi var. İndən belə söz azadlığını cəmiyyətin şərəf işi sayanlarla YAP-ın ənənəvi və heç zaman oxucu qazana bilməyən KİV-ləri savaşmayacaq. İndi söz azadlığına qarşı hakimiyyətin «yeniçəriləri» savaşacaq. Onları bizim sıralarımızdan alıb muzdlu döyüşçüyə çeviriblər və bizim üzərimizə göndərəcəklər. Onlar da bizim üzərimizə gələcəklər. Gəlməyə bilməzlər və hökmən gələcəklər. Çünki onlar muzdla, döyüş üçün tutulublar və döyüşdən imtina etmək müharibə dövrünün qanunlarına əsasən cəzalandırılır.
Ramiz Mehdiyev də xəbərdarlıq edib, zatən…
Üstəlik, orada “Yeni Azərbaycan” mətbuatının üzərinə qoyulan öhdəliklər də KİV-in deyil, məhz, ordunun üzərinə qoyulan öhdəliklərdir.
“O, xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycanın təhlükəsizliyinə ziyan vura bilən….
Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaq”.
O müşavirədə, görüşdə, iclasda,.. «dövlət sirrinin qorunması», «iqtisadi uğurlarımızın düzgün qiymətləndirilməsi» kimi söhbətlər isə boş-boş şeylərdir. Bu, Azərbaycan hakimiyyətinin söz azadlığı ilə savaş cəbhəsində özünü qalib tərəf elan etmək üçün yapdığı ictimai bir təntənədir, qapalı da deyil.
Gəncliyə çağırış
Azərbaycan gəncliyinin üzərinə böyük bir vəzifə düşür. Sizdən əvvəlki nəslin yaratdığı, sonra isə qoruya bilməyib diktaturanın ayaqları altına atdığı söz azadlığını insan ləyaqətinin və ictimai şərəfin mühüm bir arqumenti olaraq bərpa etməlisiniz!
Qənimət Zahid