Siyasi məhbuslar azad edilməsə Avropa Yay Olimpiya oyunlarının boykot olunmasının gündəmə gələcəyi gözlənilir
Ölkə başçısı Ilham Əliyev Avropa Yay Olimpiya Oyunları ilə bağlı çətin vəziyyətə düşə bilər. Diplomatik mənbələrdən redaksiyamıza sızan məlumata görə, beynəlxalq aləmin Avropa Yay Olimpiya Oyunları ilə bağlı Ilham Əliyev qarşısında şərt irəli sürməsi gözlənilir. Məlumatda bildirilir ki, şərt Azərbaycan repressiv siyasətə son verilməsi və siyasi məhbusların azadlığa buraxılması ilə bağlı olacaq. Iddialara görə, əks təqdirdə Avropa Yay Olimpiya Oyunlarının boykot olunması gündəmə gələ bilər. Mənbə bildirib ki, payızda bu məsələ ilə Azərbaycan hakimiyyətinin diqqətinə çatdıralacaq.
“Beynəlxalq aləm son həbslərdən çox narahatdır və hakimiyyətdən bu siyasəti dayandırmasını istəyir. Beynəlxalq medianın bu məsələni diqqətdə saxlaması, Avropa strukturlarının hakimiyyətə kəskin etirazları göstərir ki, siyasi məhbus problemi Azərbaycan hakimiyyəti ilə Qərb arasında prinspial məsələyə çevrilib. Qərb artıq ipə-sapa yatmayan Azərbaycan hakimiyyəti ilə daha sərt tonda danışmağı qərarlaşdırır”,- deyə mənbə bildirib.
Qeyd edək ki, bunun simptomları artıq özünü biruzə verməkdədir. Təsadüfi deyil ki, Avropa Yay Olimpiya Oyunlarının təşkilatçısı Saymon Kleq demişdi ki, “Amnesty International” təşkilatı Azərbaycandakı siyasi məhbuslarla bağlı ona müraciət edib və tədbiri boykot etməyə çağırıb. Doğrudur, o, bu məsələ barədə heç nə deyə bilməyəcəyini bildirib. Amma fakt ondan ibarətdir ki, artıq beynəlxalq təşkilatlar kampaniyaya başlayıb.
Bundan başqa vaxtilə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç də bəyan etmişdi ki, siyasi məhbuslar azadlığa buraxılmasa, bu, Avropa Yay Olimpiya Oyunlarına kölgə salacaq.
İnformasiya şöbəsi