«Avropa Şurasının üzvü kimi Azərbaycan öhdəliklərinə əməl etmir»
Nils Mujnieks: «Son bir neçə ayda Azərbaycanda durumun ancaq pisləşdiyini müşahidə edirəm…»
Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb. “Azadlıq” radiosunun məlumatına görə, sənəddə yada salınır ki, komissar ötən il Azərbaycana səfərindən sonra – 6 may 2013-cü ildə hesabat təqdim etmişdi. Bu baxımdan, dünən açıqlanan sənəd ötənilki hesabatda göstərilən nöqsanların aradan qaldırılması istiqamətində Azərbaycan hakimiyyətinin fəaliyyətini əks etdirir. Müəyyən mənada, bunu həmin hesabatın yenilənməsi kimi də qiymətləndirmək olar.
Dünən açıqlanan hesabatın elə ilk abzasında təəssüflə qeyd olunur ki, Azərbaycan hakimiyyəti ifadə və sərbəst toplaşma azadlıqları, azad təşkilatlanma və mülkiyyət hüquqları sahəsində heç bir irəliləyişə nail olmayıb. Nöqsanları bir daha hökumətin diqqətinə çatdıran komissar eyni zamanda, bu sahədə rəsmi Bakı ilə birgə çalışmağa hazır olduğunu da bildirir.
Sənədin ifadə azadlığına aid bölümündə deyilir ki, Azərbaycanda jurnalistlərə, eləcə də fikrini ifadə edən digər şəxslərə – bloggerlərə və internet fəallarına qarşı əsassız cinayət təqibləri intensivləşib. Insan haqları komissarı bəyan edir ki, öz ifadə azadlığı hüququndan yararlandığına görə həbsə atılanların dərhal buraxılması Azərbaycan hakimiyyətinin ilk işi olmalıdır.
Komissar Azərbaycan hökumətinin izahatına inanmır
Komissar onu da bildirir ki, Azərbaycan hakimiyyəti jurnalistlərin azad edilməsi tələblərinə, bir qayda olaraq, onların guya, peşə fəaliyyəti ilə əlaqədar məhkum edilmədikləri cavabını verir. Halbuki, başqa mənbələrdən alınan çoxsaylı məlumatlar bunun tam əksini göstərir.
Insan haqları komissarı son zamanlar tutulan jurnalistlərin – “Bizim yol” qəzetinin müxbiri, qanunsuz silah saxlamaq ittihamı ilə həbs olunmuş Pərviz Həşimlinin, 2013-cü ildə həbs edilmiş internet fəalı Əbdül Əbilovun, 2014-cü ilin yanvarında həbsxanaya salınmış blogger Ömər Məmmədovun adlarınıÿ çəkir. Sənəddə qeyd olunur ki, Əbilov və Məmmədov “facebook”da hakimiyyəti tənqidə tutan satirik səhifə yaradıcıları kimi tanınırlar.
Hesabatda araşdırmaçı jurnalist Xədicə Ismayılovanın ölkədə səfərdə olan ABŞ Konqresi müşavirlərinə guya, dövlət sirləri sızdırdığına görə prokurorluqda sorğu-suala tutulmasına da diqqət çəkilir.
Avropa Şurasının komissarı jurnalistləri və insan haqları fəallarını izləmə əməliyyatlarının artmasından da narahatlıq ifadə edərək bildirir ki, bu zaman istifadə edilən Məsafədən Nəzarət Sistemi, adətən, hökumətlərin ixtiyarında olur.
Sənəddə Azərbaycanda diffamasiyanın cinayət sayılmaması sahəsində heç bir addım atılmadığı vurğulanır və göstərilir ki, Venesiya Komissiyasının açıqladığı rəydə də Azərbaycanın diffamasiya ilə bağlı qanun layihəsinin Avropa Insan Haqları Konvensiyasına zidd olduğu bildirilir. Venesiya Komissiyası sözügedən qanun layihəsində cinayət təqibi doğuracaq əməllərin azaldılmaq əvəzinə miqyasca daha da genişləndirildiyinə diqqət çəkmişdi.
Qanunlar mürtəceləşir
İnsan haqları komissarı bildirir ki, 2014-cü ilin fevralında Azərbaycan Ali Məhkəməsinin Plenumu diffamasiya haqqında qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması barədə təkliflə çıxış edib. Ancaq bu təkliflərdə də diffamasiyanın ağır formalarına üçillik həbs cəzası saxlanıb. Bununla belə, Plenumun təklifi müsbət hal kimi qeyd olunur.
Sənəddə 2013-cü ilin sentyabrından “Azadlıq” qəzetinin bank hesabının dondurulduğu da xatırladılır və bildirlir ki, media orqanlarına ağır cərimələrin tətbiqi Insan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir.
Insan haqları komissarıÿqanunlara 2013-cü ildəkiÿ dəyişikliklərin QHT-lərin fəaliyyət və azadlığını məhdudlaşdırmasına və hökumətin onlara daha sərt nəzarətinə yol açmasına diqqət çəkir. Sənəddə bildirilir ki, Venesiya Komissiyasının bundan öncəki rəyində QHT-lərə dair qanunların sərtləşdirilməsinin Avropa Insan Haqları Konvensiyasının 11-ci maddəsinə zidd olduğu vurğulanmışdı.
Tutulanlar azadlığa buraxılmalıdır!
Komissar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsindən də ciddi narahatlığını ifadə edərək bildirir ki, onun haqqında məhkəməyədək həbs-qətimkan tədbirinin seçilməsi tam qanunsuz və məntiqsizdir.
Sənədin sərbəst toplaşma hüququna aid bölümündə qeyd olunur ki, Azərbaycanın rayonlarında və Bakıda mitinq və aksiyaların keçirilməsi üçün xüsusi yerlər müəyyənləşdirilsə də, sonradan bu yerlərdən yalnız prezident seçkiləri kampaniyası dövründə istifadəyə icazə verildiyi bilinib.
Sözügedən bölümdə 2013-cü ilin yanvarında Ismayıllı rayonunda baş vermiş hadisələrə görə tutulan şəxslərə uzunmüddətli həbs cəzalarının verilməsi də pislənilir. Müsavat başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının lideri Ilqar Məmmədovun və Ismayıllı hadisələri ilə bağlı həbsxanaya salınmış başqa şəxlərin azadlığa buraxılması istənilir.
Evi sökülənlərə ədalətli kompensasiya
Sənədin mülkiyyət hüquqlarına dair hissəsində Azərbaycanda tikinti layihələrinə görə evlərin sökülməsinin və ev sahiblərinin hüquqlarının pozulmasının yenə davam etdiyinə diqqət çəkilir. Bu zaman ilk növbədə Bakıda gerçəkləşdirilən “Ağ Şəhər” layihəsi və Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı söküntü işləri xatırladılır.
İnsan haqları komissarı bildirir ki, Azərbaycan hakimiyyəti belə işləri şəffaf və ədalətli aparmalı, evlərini itirmiş şəxslərə bazar qiymətlərinə uyğun kompensasiyalar ödəməlidir.
***
Komissar Nils Mujnieks “Azadlıq” radiosuna müsahibəsində hesabatı yeniləmək, müşahidələrini dərc etmək qərarını belə izah edir:
– Özəlliklə son bir neçə ayda durumun ancaq pisləşdiyini müşahidə etdim. Düşündüm ki, son hesabatımda qaldırdığım məsələləri Azərbaycan hakimiyyətinin yadına salmaq, durumun pisləşməsini önləməyə çağırmaq faydalı olardı.
– Əsasən hansı sahələrdə pisləşmə müşahidə etmisiniz?
– Son bir ildə bir sıra jurnalistlərin, internet fəallarının həbsini gördük. Hakimiyyətin həyata keçirdiyi nəzarət barədə eşitdik. Diffamasiyanın dekriminallaşdırılması yönündə heç bir irəliləyiş görmədik. “Azadlıq” qəzetinə qarşı hüquqi təhdidlərin davam etdiyini müşahidə etdik. Birləşmə azadlığı sahəsində qanunvericiliyə QHT-lərin fəaliyyətini çətinləşdirən dəyişiklikləri gördük. Tanınmış QHT fəalı barədə həbs-qətimkan tədbirinin seçildiyini gördük. Sərbəst toplaşma azadlığı sahəsində də heç bir irəliləyiş müşahidə etmədik. Bir sıra etiraz aksiyalarının polis tərəfindən dağıdıldığını gördük.
– Deyirsiniz ki, narazı fikirlərini ifadə edənlərə qarşı cinayət təqibi ədalətsiz aparılır, jurnalistlər, bloggerlər öz fikirlərinə görə təqibə məruz qalırlar. Ancaq hakimiyyət jurnalistlərin peşəkar fəaliyyətə görə təqib olunmadığını bildirir. Niyə hələ də mövqeyinizdə israr edirsiniz?
– Belə bir şablon var – hökuməti tənqid edənlər, tənqidi fotolar yerləşdirənlərin üstündən tezliklə ya narkotik maddə, ya silah tapılır, dövlətə xəyanətdə, ya da polisi döyməkdə ittiham olunurlar. Bu şablon o qədər sistematik baş verir ki, onu təsadüfi saymaq çətindir. Əksər hallarda bu ittihamlar etibarlı, səhih görünmür. Jurnalistlərə və fəallara qarşı qurama ittihamlara son qoyulmalıdır.
– Rəsmilər adətən bu iradlara qıcıqlanır, bənzər bəyanatları ölkənin məhkəmə sisteminə müdaxilə kimi dəyərləndirilir. Razısınızmı bu fikirlə?
– Xeyr. Biz Azərbaycanın yadına öhdəliklərini salırıq. Fikirlərini ifadə etdiklərinə görə həbsdə yatanların azadlığa buraxılmasına çağırırıq. Mənim işim Azərbaycan hakimiyyətinə yardım etməkdir, onları acıqlandırmaq deyil.
– Son günlərdə baş verən hadisələri izləyirsinizmi? Jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur. Səbəblərdən biri kimi, onun Dağlıq Qarabağ münaqişəsi üzrə xalq diplomatiyası layihələrində iştirakı göstərilir. Sizcə, jurnalistin həbsi ifadə azadlığına və həmin işə nə dərəcədə təsir göstərəcək?
– Bu, həbslər seriyasından axırıncıdır. Casusluq istənilən şəxsə, özəlliklə də öz peşəsilə məşğul olan jurnalist və fəala qarşı çox ciddi ittihamdır. Bu həbsi çox böyük narahatlıqla qarşıladıq. Mirqədirovun tezliklə azadlığa çıxacağına ümid edirik.
– Prokuror NIDA hərəkatının üzvlərinə cəza istənilib. Onlar və valideynləri aclıq aksiyası keçirir. Hakimiyyətə bununla bağlı mesajınız varmı?
– Bakıda olanda NIDA üzvlərindən birilə görüşmüşdüm. Onlar dinc dəyişiklik uğrunda mübarizə apardıqlarına güclü inanırlar. Bunun əksinə elə bir ciddi sübut-dəlil görməmişəm. Bir daha öz fikrimdə qalıram ki, bu gənclər də ictimai və siyasi fəalların hakimiyyət tərəfindən hədəfə alınması modelinin bir hissəsidir və azadlığa buraxılmalıdır.
– Ötən il Venesiya Komissiyası Azərbaycanın təqdim etdiyi qanun layihəsini rədd edəndən sonra Diffamasiya qanunu sahəsində hansısa irəliləyiş varmı?
– Heç bir irəliləyiş görməmişəm. Vədlərdən çox iş görmək istərdim. Məncə bunu etmək elə də çətin deyil. Son vaxtlar diffamasiyaya görə cəza çox tətbiq olunmayıb. Yaxşı olardı ki, son 2 ildə verilən vədlər əvəzinə diffamasiyaya görə cəza ləğv olunaydı.
– Yəni, son vaxtlar bu cəzanın verilməməsini yaxşı əlamət sayırsınız?
– Son vaxtlar qeyri-mütənasib cərimənin tətbiq olunmaması yaxşı əlamətdir. Düzdür, “Azadlıq” qəzetinin gələcəyi bu cərimələr üzündən qeyri-müəyyəndir. Bu, yaxşı deyil. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti bu addımı atacaq.
– QHT-lərə dair qanunvericiliyə dəyişikləri hakimiyyət şəffaflığın təmin olunmasıyla izah edir. Siz isə əksinə, onların fəaliyyətinin məhdudlaşdırıldığını düşünürsünüz. Niyə?
– QHT-lərin üzərinə əlavə tələblər qoyulub – Ədliyyə Nazirliyinə hesabatlar, pozuntulara görə cərimələr artıb. Dəyişikliklərin mətni də qeyri-müəyyən səslənir. Mən bunu irəliyə deyil, geriyə addım sayardım. Anar Məmmədlinin həbsi bu qanunları pozmaqla əlaqələndirilir. Öncə QHT-nin qeydiyyatı çətinləşdirilir, daha sonra fəaliyyətinə məhdudiyyət qoyulur. Üstəlik, təhlükəli cinayətdə ittiham olunmayan şəxs barəsində həbs qətimkan tədbiri seçilir. Anar Məmmədlinin işini götürək. Vergidən yayınmaya görə niyə kiməsə qarşı həbs-qətimkan tədbiri seçilsin?
– Hesabatda jurnalistlər və insan haqları fəallarına qarşı izləmə əməliyyatlarının artmasından narahatlıq bildirirsiz. Yazırsınız ki, bu zaman istifadə olunan Məsafədən Nəzarət Sistemi isə bir qayda olaraq hökumətlərin ixtiyarında olur. Bu informasiya nə dərəcədə etibarlıdır?
– Ictimai açıq ekspert mənbəyinə əsaslanmışıq. Nəzarət sistemindən istifadə barədə ayrı-ayrı fəallar və mediadan məlumat almışıq. Azərbaycandan kənarda yerləşən Internet ekspertlərində də bu məlumatlar var və ictimaiyyətə açıqdır. Bu nəzarətin artdığı bildirilir. Qərbdən bir mənbənin məlumatına görə, hakimiyyətin bu texnologiyaya çıxışı var. Bu, onlara müxtəlif kommunikasiyalara, Skype, elektron poçta gizli çıxış imkanı yaradır. Bu məqam narahatlıq yaradır.
– Hakimiyyətlə sıx əlaqə yarada bilirsinizmi? Tövsiyələrin yerinə yetirilməsi uğrunda əməkdaşlıq necə gedir?
– Bugünkü müşahidələri dərc etməyimin səbəbi tövsiyələrin yerinə yetirilməsi yolunda heç bir irəliləyişin olmamasıdır. Ona görə narahatlığımı hakimiyyətin diqqətini çatdırmaq qərarına gəldim. Son əlaqəm Parisdəki səfirlə olub. Bundan başqa, Ədliyyə Nazirliyi və Ombudsman ofisinin təmsilçiləri Insan Haqlarına dair Milli Fəaliyyət Planına həsr olunmuş dəyirmi masaya qatılıb. Mən daha intensiv dialoq və nəticə, iş görmək istəyirəm. Ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları ilə bağlı irəliləyiş görmək istəyirəm. Hələlik bu dialoqdan konkret bir nəticə əmələ gəlməyib.
– İsmayıllı məhbuslarına hökm oxundu. Anar Məmmədlinin məhkəməsi başlayıb. Beynəlxalq çağırışlara baxmayaraq fəalların həbsinin, qorxudulmasının davam etdiyi görünür. Bu prosesi necə izah edərdiniz?
– Bu proses qəbuledilməzdir və dayanmalıdır. Avropa Şurasının üzvü kimi Azərbaycan öhdəliklərinə əməl etmir. Mən bu dialoq vasitəsilə hakimiyyətə öhdəliklərini xatırladır, onlara yardım təklif edirəm.
– Beynəlxalq qurumların bəyanatları kəskinləşdikcə, ölkədə hüquq və azadlıqlara qarşı kampaniya da güclənir. Bəlkə beynəlxalq kampaniyada nəsə çatışmır?
– Məhkəmələr var, insan haqlarının monitorinqi, dialoqlar həyata keçirilir, müxtəlif növ yardım proqramları var. Ancaq görünən odur ki, bunlardan heç biri qeyd etdiyimiz məsələlərə ciddi təsir göstərə bilmir. Bəli, biz buna görə məyus oluruq, ancaq məncə bu, haqqı pozulan Azərbaycan xalqını daha çox məyus etməlidir.
– Nə etmək lazımdır?
– Hakimiyyət onu islahatlara çağıran, Avropa Şurası öhdəliklərini xatırladan səslərə diqqət verməlidir.
– Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ərəfəsindəÿislahatlara çağırırdınız. Sədrliyə günlər qalır. Gözləntiniz nədir?
– Ümid edirəm hakimiyyət bu imkandan yararlanaraq, bu dəyişiklikləri həyata keçirəcək. Bu çağırışları sədrlikdən asılı olmadan edirəm. Sədrliyə irəliləyişə nail olmaq, Avropa Şurasındakı həmkarları ilə daha intensiv dialoq aparmaq üçün bir imkan kimi baxıram. Azərbaycan xalqının mənafeyi üçün irəliləyiş görmək istəyirəm. Saxlanılan, cəzalandırılan insanlar var. Onlar həbs olunmamalı, cəza almamalıdır. Bu, Azərbaycanda hüququn aliliyi və insan haqlarına təhlükə yaradır.