“Situasiyanın iyrəncliyi ondadır ki, bu cür saxta sənədlərlə insanları gözdən salmağa çalışırlar…”
İntiqam Əliyev: “Bu adam o pulları həqiqətən gətirib mənə veribsə, indi ən azı o da mənimlə birlikdə oturub mühakimə olunmalı idi…”
Ölkənin ən tanınmış və peşəkar hüquqşünaslarından olan Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin işi üzrə budəfəki məhkəmə prosesi hüquq müdafiəçisinin keçmiş işçilərinin ziddiyyətli ifadələrilə yadda qaldı. Keçmiş işçilərin bir qismi iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlardan biri – uzun illər Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş Gülşən Orucova ötən məhkəmə iclasında ifadə vermişdi. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda onun dindirilməsi davam edib.
Xatırladaq ki, Gülşən Orucova ittiham tərəfinin İntiqam Əliyevə qarşı əsas “silahı” sayılır. Cinayət işinin materiallarında yazılanlara görə, o, mühasib işlədiyi dövrdə Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından bacısı Əfsanə Orucovanın bank hesabına dəfələrlə olmaqla, ümumilikdə 119 min manat pul köçürüb. Gülşən Orucova iddia edir ki, İntiqam Əliyevin göstərişilə bu addımı atıb. Sonra da bacısının hesabına köçürülmüş pulları çıxarıb İntiqam Əliyevin özünə verib. Hüquq müdafiəçisi isə Gülşən Orucovanın dediklərinin yalan olduğunu bəyan edir və bu fikrini də konkret arqumentlərlə əsaslandırır. Əvvəla, İntiqam Əliyev bildirir ki, pulun təşkilatın hesabından Əfsanə Orucovanın hesabına köçürülməsinə dair iş materiallarındakı ödəniş göstərişlərində onun adından atılmış imzalar ona məxsus deyil. İntiqam Əliyev dəfələrlə məhkəmədə vəsatət qaldırıb ki, həmin imzalar ekspertizaya göndərilsin. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Bundan başqa, iş materiallarında Əfsanə Orucovanın hesabına köçürülmüş pulların oradan Gülşənin dediyi kimi, dərhal çıxarıldığını göstərən heç bir sübut yoxdur. Ən əsası, bank arayışından məlum olub ki, Gülşən Orucovanın işlədiyi başqa təşkilatlardan, o çümlədən Media Hüququ İnstitutunun hesabından da bacısının hesabına dəfələrlə pullar köçürülüb.
İntiqam Əliyevin adından saxta imzalar…
Dünənki məhkəmə iclasında İntiqam Əliyevin vəkilləri Gülşən Orucovaya bu məsələ ətrafında bir sıra suallar ünvanlayıb. Orucova sualları cavablandırarkən iddia edib ki, o, heç vaxt İntiqam Əliyevin əvəzinə hansısa sənədə imza atmayıb. Əfsanə Orucovanın hesabına pul köçürüldüyü bir necə halda İntiqam Əliyev ümumiyyətlə həmin vaxt ölkədə olmayıb. Məsələn, 2012-ci mayın 9-dan 13-nə qədər İntiqam Əliyev xarici səfərdə olub, ayın 12-də isə təşkilatdan Əfsanə Orucovanın hesabına pul köçürülüb. Bu haqda sualları cavablandıran Orucova ötən məhkəmə iclasında demişdi ki, növbəti aya və ya rübə keçməsin deyə, xarici səfərə getməmişdən əvvəl imzalayıb. Dünənki iclasda isə deyir ki, İntiqam Əliyev qayıdana qədər layihənin icra müddəti başa çatacaqdısa, bu halda, əvvəlcədən imzalatdırırdı. Vəkil bu ziddiyyətlə bağlı Gülşən Orucovaya sual versə də, hakim Rasim Sadıqov buna şərait yaratmadı. O, vəkilin sualını çıxartdı. Bununla belə, söz verdi ki, hakimə həmin vaxt icra olunan layihənin nə vaxt başa çatdığını dəqiqləşdirmək üçün lazım olan iş materiallarını araşdırmağa şərait yaradılacaq.
Bundan başqa, Gülşən Orucova iddia edir ki, bacısının adı tərcüməçi kimi rəsmiləşdirilərək, onun hesabına pullar köçürülüb, sonra da həmin vəsaiti İntiqam Əliyev özünə götürüb. Lakin dindirmə zamanı məlum oldu ki, layihələrdə müxtəlif peşəkar tərcüməçilər iştirak edib, onların da pulları ödənilib. İntiqam Əliyev bunu sübut edən kitabları da məhkəmə iclasında nümayiş etdirib. Lakin hakim bu kitabların ittihama aidiyyəti olmağını deyərək, onların sübut kimi araşdırılmasına imkan verməyib.
“Bu xanım iddia edir ki, tərcümə xidməti adı ilə pullar onun bacısının hesabına köçürülüb, sonra da mənə verilib, tərcümə işini isə könüllülər görüb, onlara da pul verilməyib. Prokurorluq bizim bütün maliyyə sənədlərimizi götürüb, bu günə qədər də qaytarmayıb. Dəfələrlə məhkəmədə vəsatət qaldırırıq ki, o sənədləri prokurorluqdan alın, verin bizə, onu da təmin eləmirsiz. O sənədlər əlimizdə olsa, burada deyilənlərin yalan olduğunu sübut edə bilərik. Avropa Məhkəməsinin qərarları könüllülərin tərcümə edə biləcəyi mətnlər deyil. Heç bir çox tərcümə şirkətləri o qərarları tərcümə edə bilmir. Ən yaxşı tərcüməçilər dəvət olunurdu və onlara qonorarlar verilirdi. Əfsanə Orucovanın tərcüməçi xidməti göstərməsi haqda heç bir donor təşkilata hesabat təqdim olunmayıb. Varsa, göstərin”, – deyə İntiqam Əliyev bildirib.
Hüquq müdafiəçisi onu da qeyd edib ki, istintaq orqanı Əfsanə Orucovanın hesabına köçürmələrlə bağlı özü bankdan arayış almayıb, Gülşənin təqdim elədiyi sənədlə kifayətlənib: “Pul Beynəlxalq Bankdan köçürülüb. Bu bank tərcümə xidmətinə görə köçürmə olduğunu yazmayıb, bəs “Unibank” hardan bilib ki, bu tərcümə xidmətinə görə köçürmədir və bunu arayışında yazıb? İş materiallarında heç bir sənəd yoxdur ki, köçürülən pullar nə vaxt çıxarılıb. Bəlkə elə bu günə qədər oradadır. Gülşən Orucova burada deyir ki, bacısı ilə heç bir müqavilə olmayıb. Amma bankda müqavilə nömrəsi yazılıb. Bu necə olur? Bütün bunlar xanımın istintaqa təqdim etdiyi bank sənədinin saxta olduğuna dair şübhələr yaradır. Bir daha bildirirəm, maliyyə hesabatlarını Gülşən Orucova tərtib edib, donor təşkilatlara göndərib. Əfsanə Orucovanın hesabına pul köçürülməsi haqda ödəniş tapşırıqlarındakı imza mənim deyil. Təşkilatın möhürü də ofisdə seyfdə olurdu. O seyfin açarı da həm məndə var idi, həm də Gülşən Orucovada. O pulları mən götürmək istəsəydim, daha bunun bacısının hesabına niyə köçürürdüm? Özüm də bilirdim ki, bütün fəaliyyətim hökumətin nəzarəti altındadır. Niyə imzaların ekspertizadan keçirilməsini tələb edirik? O imzaların mənə məxsus olmadığı ekspertizasız da, açıq-aşkar görünür”.
İşlədiyi hər təşkilatdan bacısına pul göndərən mühasib
Dünənki məhkəmə iclasında vəkil Cavad Cavadovla Gülşən Orucova arasında da maraqlı sual-cavab oldu:
– Bacınız tərcümə xidməti göstərirdi?
– Xeyr.
– Bəs nə marağınız vardı ki, onun hesabına pul köçürürdünüz?
– Mən bu suala cavab vermişəm.
– İntiqam Əliyev bunu eləməyiniz üçün sizə hədə-qorxu gəlmişdi?
– Xüsusi olaraq, soyuq silah olmayıb, amma ehtiyat eləmişəm.
– Niyə?
– 2005-ci ildən təşkilatda işləyirdim. Görürdüm ki, mən düşünülmüş şəkildə cəlb olunmuşam.
– Cinayət məsuliyyətinə cəlb olunmaqdan ehtiyatlanırdınız?
– Bəli. 4 aydır ki, istintaqa gedib-gəlirəm
– Bəs niyə vaxtında İntiqam Əliyevin sizə qanunsuz göstəriş verdiyi haqda hüquq-mühafizə orqanlarına xəbər vermirdiniz? Niyə 119 mini götürəndən sonra təşkilatdan uzaqlaşdınız? Çünki iş materialları o pulları bacınızın hesabına köçürdüyünüzü sübut dir. Amma həmin pulların sonradan İntiqam müəllimə verilməsi barədə sizin ifadənizdən başqa heç bir sübut yoxdur…
– …
– İntiqam müəllim bacınıza nə vaxtsa pul verib?
– Xeyr.
– Bəs istintaqa ifadənizdə yazmısınız ki, 500 manat pul verib?
– Bacımın adına nə qədər pul yazılıb. Bir neçə ildə cəmi 500 manat pul verib də…
– Bəs az əvvəl dediniz ki, ümumiyyətlə, heç vaxt verməyib?
– …
– Zərərşəkmiş kimi nədən şikayətçisinız?
– 4 aydır istintaqa gedib-gəlirəm. 242 manat əməkhaqqımı da almamışam.
Bu cavaba İntiqam Əliyevin özünəməxsus reaksiyası oldu: “Təşkilatda çalışdığı dövr ərzində maaşdan əlavə 119 min pul aparıb, bu 242 manatı almayan birisinə oxşayır?! Ona görə deyirəm, bizdən götürülən maliyyə sənədlərini qaytarsınlar, biz də hər şeyi sübut edək…”
Digər vəkil Şəhla Hümbətovanın da Gülşən Orucova ilə sual-cavabı maraqlı oldu:
– Bacınızın hesabına köçürdüyünüz pulları sonradan İntiqam Əliyevə verdiyinizi necə sübut edə bilərsiz?
– Heç bir rəsmi sənəd yox idi.
– Bacınızın hesabına başqa hesabdan, məsələn, sizin işlədiyiniz başqa təşkilatların da hesabından köçürmələr olubmu? Məsələn, Media Hüququ İnstitutundan? Və o pulu da aparıb həmin təşkilatın rəhbərinə vermisinizmi?
Hakim bu sualı çıxardı, bu da İntiqam Əliyevin etirazına səbəb oldu: “Niyə Gülşən Orucovanın vəkili rolunda oynayırsız?”
“Azadlıq” qəzeti hüquqşünası qəzəbləndirib…
Bu yerdə, bayaqdan Gülşən Orucovanın suallara cavab verməsində ona pıçıltı ilə yardım edən, pis vəziyyətdə qaldığı suallar qarşısında cavabları ona diqtə edən hüquqi nümayəndəsi Nemət Heybətov da özündən çıxıb: “Nə istəyirsiz? “Azadlıq” qəzetində də sənəd çap olunub ki, Əfsanə Orucovanın hesabına Media Hüququ İnstitutundan da pullar köçürülüb. Bunun bu işə nə aidiyyəti var? Həmin sənəd iş materiallarında idi. Mətbuata da kimlərin ötürdüyü aydındır. Bu, istintaq sirrinin yayılmasıdır”.
İntiqam Əliyev bildirib ki, ibtidai istintaq çoxdan başa çatıb və istintaq sirrinin yayılmasından söhbət gedə bilməz.
“Bu adam o pulları həqiqətən gətirib mənə veribsə, indi ən azı o da mənimlə birlikdə oturub mühakimə olunmalı idi. Onu mənim üzümə qoyublar, qondarma zərərçəkmiş yaradıblar. Prokurorluğun qondarma zərərçəkmiş yaratması birinci dəfə deyil ki… Xədicəni, Seymuru tutmaq üçün nə oyunlar quraşdırdılar…”, – deyə hüquq müdafiəçisi əlavə edib.
“Xalqın pulunun talan edilməsindən xəbərdarsınızmı?”
Bu məqamda hakim Rasim Sadıqovla İntiqam Əliyev arasında belə bir dialoq olub:
– 2005-dən mühasibiniz olun, niyə vaxtında işdən çıxarmamısınız?
– Məni ittiham edirsiz? Pul köçürmələri barədə heç bir məlumatım olmayıb. Sizin, bu ölkəyə rəhbərlik edənlərin hər şeydən xəbəriniz olur? Dövlət büdcəsi talan edilir, xalqın pulları asvaltlama, hasarlama adı altında mənimsənilir, bunlardan xəbəriniz var?
Vəkillər Kollegiyasından çıxarılma qorxusu…
2006-cı ildən 2010-cu ilə qədər Hüquq Maarifçiliyi Cəmiyyətində işləmiş, hazırda isə Vəkillər Kollegiyasının üzvü olan Sadiq Bağırov da dünən zərərçəkmiş qismində ifadə verib. İttihama görə, 2010-cu ilin son üç ayı üçün Sadiq Bağırovun adına yazılmış aylıq 1063 manat vəsaiti o almayıb. O, əvvəl ifadəsində dedi ki, həmin layihənin yazılması, udulmasında əməyi olub, layihə üzrə koordinator olsa da, son üç ayda heç bir iş görmədini deyib. Qeyd edib ki, təşkilatda başqa işlərlə məşğul olub. Bununla belə, həmin layihə üzrə son üç ayda adına əməkhaqqı yazıldığını da bilməyib. Vəkillərin “Siz iş görmədiyiniz ayların da pulunu istəyirsiz?” sualından sonra Bağırov sözünü dəyişərək üzərinə düşən işi gördüyünü bildirib. “Belə çıxır ki, az əvvəl yalan danışırdınız?” sualına isə Bağırovun cavabı belə olub: “Əvvəl xeyrinizə ifadə verirdim, indi də ziyanınıza danışıram…”
Sadiq Bağırovun bu cür davranışına İntiqam Əliyevin münasibəti belə olub: “Bu cür işlərdə zərərşəkmişlərə istintaqda güclü təzyiqlər olur. O cümlədən Sadiq bəyin vəziyyətini də başa düşürəm, Vəkillər kollegiyasından çıxarılmaq qorxusu və s. Onu deyim ki, Sadiq bəy və digərlərinə istintaqda təqdim olunan, guya, adlarına yazılmış, lakin almadıqları əməkhaqqı cədvəlləri saxtadır. İstintaqda mənə və vəkilimə o cədvəlləri tamamilə boş təqdim eləmişdilər, heç nə yazılmamışdı. Sonradan özləri istədikləri formada tərtib edib, ortaya qoyublar. Kompüterim əllərində, təşkilatın möhürü əllərində, mühasib əllərində… Sadiq Bağırovun əməkhaqqısı aylıq 499 manat olub, necə oldu, məhz həmin 3 ayda 1063-ə qalxdı? Bu fakt saxta sənəd tərtib olunduğunu sübut edir”.
Sadiq Bağırov isə istintaqda ona təzyiq göstərilmədiyini bildirib.
Dünən dindirilən daha bir zərərçəkmiş Könül Bayramova bildirib ki, məhkəmədə həqiqətin üzə çıxarılmasını istəyir: “Mən 2009-un oktyabrından 2010-un sentyabrına qədər Hüquq Maarifçiliyi Cəmiyyətində işləmişəm. Oktyabrda Almaniyaya oxumağa getmişəm. Mənim adıma aylıq 243 manat olmaqla, 2010-cu ilin son 3 ayına əməkhaqqı yazılıb. Hər hansı maddi tələbim yoxdur, çünki mən o vaxt işləməmişəm, Almaniyada olmuşam. Amma istintaqa cəlb olunmağım, burada iştirakım mənə mənəvi zərər vurur. İstintaq orqanı iddia edir ki, mənə bu ziyanı vuran İntiqam müəllimdi. O da iddia edir ki, sənədlər saxtalaşdırılıb. Son qərarı məhkəmə verəcək. Mən həqiqətin üzə çıxmasını istəyirəm. Ona görə də zərərçəkmiş statusumdan imtina etmirəm. Amma bundan sonra məhkəmələrdə iştirak etmək istəmirəm”.
Lakin o da məlum olmadı ki, Könül Bayramova bundan sonra məhkəmədə iştirak etməyəcəksə, həqiqətin nədən ibarət olduğunu necə biləcək?!
İntiqam Əliyev Könül Bayramovanın söylədiklərinə belə münasibət bildirib: “İstintaq orqanı bu cür üsullarla məni gözdən salmaq istəyirdi. Situasiyanın iyrəncliyi ondadır ki, bu cür saxta sənədlərlə insanları gözdən salmağa çalışırlar…”
Məhkəmə prosesi martın 10-da davam edəcək.
Aytən Məmmədova