Yusif Bəkirov: «Dövlət bağçaları təbii, özəl bağçalar isə süni seçmə əsasında fəaliyyət göstərir»
Bakıda dövlət bağçalarıyla yanaşı, çoxlu sayda özəl bağçalar da fəaliyyət göstərir. Uşaqlar üçün bütün rahatlıqları təmin edən özəl bağçalarının aylıq ödənişi xidmət səviyyəsinə görə dəyişir. Xidmət və keyfiyyət baxımından dövlət bağçalarını üstələyən özəl müəssisələrin qiymətləri də əl yandırır.
AzVision.az mövzunun aktuallığını nəzərə alaraq Bakıda məşhur olan bir sıra özəl bağçalarin ödəniş haqları ilə bağlı araşdırma aparıb. Həmin araşdlırmanı təqdim edirik.
“Sehirli Dayə” Uşaq Bağçasında fərqli qiymətlər
Bu bağçada həftənin beş günü səhər saat 8-dən axsam 8-ə kimi göstərilən xidmətin dəyəri 400 manat təşkil edir. Gündəlik 10 saatlıq xidmət isə aylıq 380 manatdır.
Ümumiyyətlə isə həftənin günlərindən və saatlarından asılı olaraq, bağçada qiymətlər 200-484 manat arası dəyişir. Bağçaya 2 yaşdan etibarən uşaqlar qəbul olunur.
“Inci” Uşaq Bağçasında da qiymətlər uşağın həftədə neçə gün və neçə saat bağçada qalmasından asılıdır. Qiymətlər 179 və 446 manat arası dəyişir.
“Baby Star” Uşaq Bağçasıda isə qiymətlər 179 və 446 manat arasındadır. “Happy KIDS uşaq bağça”sına uşaqlar 2 yaşından qəbul edilir. Bu bağçanın aylıq ödənişi 350 manatdır. “Vunderkind” Uşaq bağçası – Inkişaf mərkəzində uşaqlara səhər saat 8:00-dan 19:00-a qədər qulluq göstərilir. Bağçanın aylıq qiyməti isə 200 manatdır.
“Playorena” uşaq bağçasında aylıq ödəniş haqqı servis də daxil olmaqla 500 manatdır. Əgər servis olmasa bu qiymət 450 manat olacaq. Ən bahalı uşaq bağçasından biri olan “Baby Plaza”da qiymət 650 manatdır. Lakin bu qiymətə servis daxil deyil.
“Bal balam” adlı uşaq bağçasının aylıq ödənişi 300 manatdır və burada da servis xidməti yoxdur. “Cheburaska” Uşaq bağçasında isə aylıq ödəniş 400 manat təşkil edir.
“Leylək” Uşaq bağçasında da qiymət 400 manatdan başlayır. Servis haqqı 70 manat təşkil edir. Lakin, servis uzaq məsafələrə daxil deyil. “Baby House” Uşaq bağçasında isə qiymət nisbətən normaldır. Belə ki, bu bağçada qiymət 200 manatdır və servis xidməti yoxdur. Ümumilikdə isə özəl bağçalarda gördüyünüz kimi qiymətlər 179 manatdan 650 manatadək dəyişir. Məlumdur ki, adları çəkilməyən bəzi özəl bağçalar var ki, onlarda qiymətlər daha yüksəkdir.
Məsələ barədə fikirlərini “Azadlıq”la bölüşən Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov söyləyir ki, özəl bağçalarda qiymət nə qədər baha olsa, keyfiyyət də o qədər yüksək olur. Liqa sədri qeyd edir ki, imkanı olan övladını həmin bağçalara qoyur:
“Azərbaycanda müxtəlif qiymətli bağçalar var. Hər kateqoriyaya görə xidmət göstərilir. Özəl bağçaların qiymətinin baha olması tələbatla bağlıdır. Tələbat olmasaydı həmin bağçalar baha olmazdı. Özəl bağçalarla dövlət bağçaları arasında fərq də mövcuddur. Özəllərdə uşaqlar həyatı öyrənmir. Dövlət bağçalarında isə uşaqlar müxtəlif sosial qruplardan olan həmyaşıdlarıyla münasibətdə həyatın bütün çətinliklərini öyrənir. Necə deyərlər, təbii və süni seçmə adlı anlayış var ki, dövlət bağçaları təbii seçmə, özəl bağçalar isə süni seçmə əsasında fəaliyyət göstərir. Dövlət bağçalarında uşaq bərkiyir və həyatı erkən yaşından öyrənir, özəl bağçalarda isə əksinədir. Bu bağçaların fərqləndirici mahiyyəti də budur”.
Nigar