Rafiq Əliyev: «Biz bunları prosesi dayandırmağa məcbur etməliyik, hakimiyyəti səhv addımdan çəkindirmək lazımdır»
Ramiz Rövşən: «Bu zahiri gözəlliyin, təmtərağın, əzəmətin, zənginliyin altında daxili miskinlik var, çöküntü var»
Gültəkin Hacıbəyli: «Xalqdan fərqli olaraq, hakimiyyət demokratik idarəetmə sisteminə keçməyə hazır deyil»
Dünən Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Azərbaycan Ziyalılar Forumu beynəlxalq ictimaiyyət tərəfindən rejimin tənqid olunması fonunda ölkənin imic problemi ilə bağlı müzakirələr keçirib.
Professor Cəmil Həsənli qeyd edib ki, insan hüquqlarının, mülki azadlıqların pozulması, korrupsiyanın artması gözlərdən yayınmayıb, hakimiyyətin geniş şəkildə tənqidinə səbəb olub. Hakimiyyət xarici mətbuatda və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən bu tənqid kampaniyasının Azərbaycanda müəyyən maraqları olan dairələr və ölkələr tərəfindən təşkil olunduğunu iddia edir.
Çıxış edənlərin fikrincə, Əliyev administrasiyasının ünvanına misli görünməmiş tənqidin əsas səbəbi ölkənin beynəlxalq Avropa institutları qarşısında demokratikləşmə, insan hüquqlarının müdafiəsi, siyasi və iqtisadi islahatlar aparılması öhdəliklərini yerinə yetirməməsi olub.
Hakimiyyət demokratik idarəetməyə hazır deyil
Turan agentliyinin direktoru Mehman Əliyevin fikrincə, gözlənilən davranış, qarşılıqlı münasibətlərdə etibarlılıq və öhdəliklərin yerinə yetirilməsi kimi amillərin pozulması imicin qeyri-sabitliyinə səbəb oldu.
Sabiq deputat, politoloq Gültəkin Hacıbəyli deyib ki,Azərbaycanda demokratiyanın qurulması məsələsində fikir ayrılıqları daxili səviyyədə də özünü göstərir.
“Xalqdan fərqli olaraq, hakimiyyət demokratik idarəetmə sisteminə keçməyə hazır deyil”
“Nöyüt pullarından Qarabağa da ayırın”
Müzakirələrdə Qarabağ nizamlanması məsələsinə də toxunulub. Professor Rafiq Əliyev problemin həllinə gedən yolun demokratiyadan keçdiyini hesab edib. “Əvvəllər Azərbaycan haqda beynəlxalq mətbuatda fasilələrlə tənqidi materiallar çıxırdı. Son bir neçə ayda demək olar ki, hər gün daxilidəki proseslər, sosial həyat, korrupsiyanın geniş xarakter alması, insan haqlarının mütəmadi pozulması ilə bağlı materiallar gedir. Dünya mətbuatının yazmaq istədiyi qədər material vermişik. Bəs Azərbaycan haqda bir korrupsioner, avtoritar dövlət imicinin formalaşması bizim tariximizin və taleyimizin düyün nöqtəsi olan Qarabağ probleminə necə təsir göstərir? Biz bunları prosesi dayandırmağa məcbur etməliyik. Hakimiyyəti səhv addımdan çəkindirmək lazımdır”.
Rafiq Əliyev bildirib ki, Azərbaycan xalqı Qarabağ münaqişəsinin həllindən yayındırılıb:”Mən soğan, banan monopoliyasını başa düşürəm, amma Qarabağ boyda problemin monopoliyada saxlanmasını başa düşmürəm”.
Akademikin fikrincə, Qarabağ münaqişəsinin həlli yolu elmdən keçir. Bundan sonra o, hakimiyyətə iki təklif verdi.
“Hakimiyyətə ismarış göndərmək istəyirəm ki, nöyüt pullarından bir balaca da Qarabağ institutlarının yaradılmasına ayırmaq lazımdır. Konfliktoloqiya mütəxəssislərini cəlb eləmək lazımdır.
Ermənistanda Qarabağla bağlı 2 institut var. Biz də bir laboratoriya, bir qrup da yoxdur”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məsələnin hərbi yolla həllini üstün sayıb.
Iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu isə bildirib Qarabağ məsələsinin və digər mühüm problemlərin həlli güclü dövlət yaradılmasından keçir:”Biz 20 ildir müstəqil, amma azad olmayan dövlətdə yaşayırıq. Bu imici dəyişmək üçün azad seçkilərə, müstəqil məhkəmə sisteminə və xalqın qarşısında məsuliyyətli icra hakimiyyətinə ehtiyacımız var”, deyə o qeyd edib.
“Biz mahiyyəti dəyişməliyik”
Tədbirdə çıxış edən şair Ramiz Rövşən də Azərbaycanın imici haqda danışdı. “”Imic” sözünü tərcümə etsək, obraz, şəkil deməkdir. Bizim imicimizi şəkil kimi götürsək, çox gözəl imicimiz var. Təsəvvür edin ki, 15 il qabaq bugünkü Bakı şəhərini, bu hündür binaları, bu maşınları, bu Torqovı küçəsini, bunların hamısını televizorda göstərəydilər. Deyəydilər ey insanlar, bu şəhərdə yaşamaq istəyirsizmi? Hamı “bəli” deyərdi. Yəni, bu görüntünün, bu şəklin cazibədarlığı insanları çəkərdi. 15-20 ildir bizi heyran edəsi həmin şəhərdə yaşayırıq. Amma heç bir ləzzəti də yoxdur. Söhbət kasıbdan ya da varlıdan getmir. Reallıq budur ki, bu zahiri gözəlliyin, bu təmtərağın, bu əzəmətin, bu zənginliyin altında daxili miskinlik var, çöküntü var.
Üzdə tikintidir, onun altında çöküntü və söküntüdür. Bizdə formayla məzmun bir-birinin əksinədir. Forma zəngindir, məzmun çox miskindir. Biz mahiyyəti dəyişməliyik”.
Toplantıdan sonra Cəmil Həsənli “Azadlıq” radiosuna deyib ki, yaxın günlərdə onlar vicdan məhbuslarının azadlığa buraxılması üçün hakimiyyətə müraciət edəcəklər.
“Bu bəyanat Ziyalılar Forumunun adından veriləcək. Vicdan məhbuslarının, siyasi mülahizələrlə həbsdə olanların, bizim həbsdəki gənclərin, məsələn, Bəxtiyar Hacıyev kimi gənclərin azad olunmasını biz fərd olaraq da, Ziyalılar Forumu olaraq da tələb edirik. Bunu bəyan edəcəyik. Biz hesab edirik ki, Arif Hacılı kimi adam həbsdə yatmamalıdır. Arif Hacılı istiqlal mübarizəsinin öncüllərindən olub”.