Vəhhabilərə qarşı əməliyyatda MTN-in polkovniki həlak oldu (FOTOLAR/VİDEO)
MTN ölkənin 7 rayon və şəhərində əməliyyat keçirdiyini açıqladı; Ekspertlər hadisələrdə Rusiya izinin olmasını mümkün sayırlar
Gəncə şəhərində silahlı qarşıdurma olub. Hadisə Təbriz küçəsi, 93 saylı binanın 3-cü mərtəbəsində baş verib. Hadisə MTN-nin keçirdiyi əməliyyat zamanı baş verib. Olay nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölənlərdən biri MTN-in polkovnik leytenant rütbəli əməliyyatçısı Elşad Quliyevdir. Digər ölü isə həmin binadakı silahlı qruplaşmaya aiddir. “Azadlıq”ın bölgə müxbirinin verdiyi məlumata görə, binada yaralananlardan da 3-ü MTN əməkdaşıdır. Məlumata görə, əməliyyat qəfil başlayıb. Bina sakinləri təşvişə düşüb. MTN-in əməliyyatçıları silahlı müqavimətlə üzləşdiklərini görüb dinc sakinləri binadan çıxarıblar. Və bina mühasirəyə alınıb. Əməliyyatın keçirildiyi binada yaşayanlar əsasən avarlar olub. Silahlıların olduğu mənzilin sahibinin vəhhabi təriqətli olduğu və hazırda Rusiyada yaşadığı deyilir. Məlumatlara görə, silahlılar da vəhhabi təriqətinə məxsusdur. Əməliyyat aprelin 6-da səhər saat 4-də başlayıb və təxminən 3 saat davam edib. Əməliyyatı Bakıdan getmiş MTN əməliyyatçıları həyata keçirib.
.***
Bildirildiyinə görə, MTN əməliyyatçıları mənzilin qapısını açan kimi içəridən atəş açılıb.
Dünyasını dəyişən əməliyyatçı polkovnik rütbəsində olub.
Contact.az-ın yaydığı məlumata görə isə əməliyyat keçirilən ərazidə əl qumbarası partlayıb.
“Qafqazinfo” Gəncədən əldə etdiyi belə bir qeyri-rəsmi məlumat yayıb ki, silahlı insident heç də bu gün səhər yox, dünən axşamdan başlayıb. Radikal dini qruplaşmanın üzvü olan bir şəxs FHN işçilərinin üstünə halqası çəkilmiş qumbara atıb və partlayış nəticəsində yaralananlar olub. Bundan sonra digər hüquq-mühafizə orqanları da işə qarışıblar. Təbriz küçəsində evə qapanan silahlı şəxsə də kömək gəlib və onlar MTN və polis işçilərinə müqavimət göstəriblər. Müqavimət bütün gecə boyu davam edib, bu səhər isə atışma daha da şiddətlənib. Həmin şəxsin Dağıstandan gəlmiş, milliyyətcə ləzgi olan və vəhhabi təriqətinə məxsus şəxs olduğu bildirilir. O və yaxın adamları Gəncədə “Hücrə evi” adlı mərkəz yaradıblarmış.
Son günlər Sumqayıt, Quba və Zaqatalada Şimali Qafqaz terrorçuları ilə əlaqəsi olan “Meşə qardaşları” terrorçu qrupunda iştirakından şübhələnən şəxslərə qarşı əməliyyatlar keçirilib. Gəncədə tərksilah edilmiş qrup da “Meşə qardaşları” ilə əlaqəli idi, bu barədə “Turan”a məlumatlı mənbə bildirib.
Gəncədəki əməliyyat zamanı iki nəfər – Əmir Muradov (1987-ci il təvəllüdlü, daimi yaşayış yeri Sumqayıt olan Qusar rayon sakini) və Faiq Sultanov (Bakı şəhəri, Nizami rayon sakini, Bədən Tərbiyəsi Akademiyasının tələbəsi) saxlanılıb.
Qrupun daha bir üzvü – Zaqatala rayon sakini, 1975-ci il təvəllüdlü Vüqar Padarov özünü və MTN zabiti Elşad Quliyevi partladıb, hər ikisi həlak olublar.
Hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, yuxarıda adı çəkilən şəxslər bir həftə əvvəl Gəncəyə gəliblər və kirayə mənzil tutublar.
Sumqayıtda, Zaqatalada və digər yerlərdə əməliyyatlardan sonra Gəncədə şübhəlilərin saxlanması həyata keçirilib.
“Meşə qardaşları” qrupu Azərbaycanın şimal rayonlarında fəaliyyət göstərirdi və ona qarşı dəfələrlə dağlarda irimiqyaslı döyüş əməliyyatları həyata keçirilib. Bundan başqa, müxtəlif illərdə Bakıda və Sumqayıtda qrupun bir neçə üzvü zərərsizləşdirilib. Operativ məlumatlara görə, onlar Şimali Qafqazdakı terror qrupları ilə əlaqəlidirlər və qrupun tərkibinə əslən ərəb ölkələrindən olan radikal islamçılar daxildir.
Axşam saatlarında MTN Gəncə şəhərində baş vermiş silahlı qarşıdurma ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkədə sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə bir sıra terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin 17 üzvü yaxalanıb.
Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahlı birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd “AKM” tipli avtomat silah, 1 ədəd “RPK” tipli pulemyot, 2 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd “Steçkin” tipli tapancalar, 2 ədəd “Karabin” tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd “Kenwood” markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.
Gəncə şəhərində həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Milli Təhlükəsizlik Nazirliyinin “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına qarşı silahlı müqavimət göstərilib. Təslim olmaq barədə qanuni tələbə tabe olmayan şəxslər tərəfindən xüsusi təyinatlılara odlu silahlardan atəş açılıb və əl qumbarası atılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşı həlak olub və 3 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Silahlı şəxslərdən biri məhv edilib, biri yaralanıb, qrupun daha iki üzvü isə yaxalanıb.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri Ilham Ismayıl “Azadlıq” radiosuna bildirib ki, nazirliyin yüksək rütbəli əməkdaşı həlak olursa, deməli, əməliyyata uzun müddət hazırlıq görülməyib.
Ilham Ismayıla görə, çox güman ki, Zaqatalada əməliyyat keçirən nazirlik əməkdaşları ordan aldıqları hansısa məlumat nəticəsində tələsik qərar qəbul ediblər: “Görünür, belə hesab olunub ki, Gəncədə olan dəstə üzvləri aradan çıxa bilər. Bu səbəbdən də gecəykən belə əməliyyat keçirilib. Bu əməliyyata yaxşı hazırlıq olsaydı, həmin silahlı dəstə üzvlərini sakitcə də tutmaq olardı. Görünür, həqiqətən də Zaqatala ilə bağlılıq var burda. Amma ən dəqiqini yəqin MTN özü yayacaq”.
Ilham Ismayıl Azərbaycanın həmişə beynəlxalq terrorun hədəfində olduğunu da vurğulayır.
Ekspert Sülhəddin Əkbər isə bildirib ki, regionda baş verən siyasi proseslərdə, xüsusilə Suriya məsələsində Azərbaycanın tutduğu mövqe Rusiya və Iranın maraqlarına uyğun deyil. Bu baxımdan Azərbaycan bu ölkələrin hədəfindədir. Həmin ölkələr təbii ki, Azərbaycandakı qüvvələrini səfərbər edərək Bakıya təzyiqləri daha da şiddətləndirəcəklər. Görünür, Azərbaycan da gözlənilən təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək üçün əməliyyatlara başlayıb.
Informasiya şöbəsi