Ölkənin ictimai kanalı Əliyevin insan haqlarını necə pozmasından reportaj təqdim etdi
Azərbaycanda söz və insan azadlıqlarını pozulmasına görə hökümətə beynəlxalq təzyiqlər davam edir. Xüsusilə, “Eurovision” yarışmasının yaxınlaşması ilə təzyiq kampaniyası güclənir. Görünür, Avropa susmaq fikrində deyil. İngiltərənin “Guardian” qəzetində, Almaniyanın ADR kanalında siyasi vəziyyət və “Eurovision” mövzusunda tənqidi reportajlardan sonra növbəti zərbə İsveçin ictimai telekanalı SVT-dən gəlib.
Korrupsiya, seçki saxtakarlığı və rejim tənqidçilərinin həbsi…
STV-nin Bakıda polis zorakılığını, insan haqlarının pozulmasını əks etdirən kadrlarla hazırladığı telereportaj belə başlayır:
“Loren İsveç mahnı yarışmasının qalibi oldu. Lakin heç də hər kəs Azərbaycanın necə bir ölkə olduğunu bilmir. Loren məhz oraya gedib yarışacaq. Bugünlərdə iştirakçılara Azərbaycanda təzyiq və zülmləri tənqid etmələri üçün çağırışlar artır. Səbəb isə korrupsiya, seçki saxtakarlığı və rejim tənqidçilərinin həbsidir”.
Onun hakimiyyətdən əl çəkməsi mümkünsüz görünür
Sonra İlham Əliyevin andiçmə mərasimindən kadrlar göstərilərək deyilir: “İlham Əliyev bayrağı öpür. Səkkiz il sonra o hələ də hakimiyyətdədir. Əl çəkməsi praktiki olaraq mümkünsüz görünür. Onun polisləri bütün müxalifləri amansızlıqla susdurur”.
Telekanal Azərbaycandakı vəziyyətlə bağlı Bakıdan “ölkənin müxalif jurnalistlərindən biri” kimi təqdim etdiyi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılla kiçik internet-müsahibə də verir:
– Azərbaycan necə ölkədir?
– Neft pulları sayəsində hakimiyyət öz gücündən sui-istifadə edir. Pullar öz hakimiyyətlərini möhkəmlətmək üçün ölkə içində və xaricdə olan bütün tənqidçilərin susdurulmasında istifadə olunur.
Adam heç zaman özünü sərbəst hiss edə bilmir
Bu məqamda İlham Əliyevin görünütülərini göstərən kanalın jurnalisti: ”O, (Xədicə İsmayıl) prezidentin özünə dövlət pulları ilə böyük şəxsi sərvət topladığını ortaya çıxarıb. O, təzyiq və təhdidlərə məruz qalmaqdadır”.
Xədicə İsmayıl:
– Biz daim nəzarətdəyik və telefonlarımız dinlənilir. Adam heç zaman özünü sərbəst hiss edə bilmir.
SVT müxbiri:
– Müsabiqənin orda keçirilməməsi gərəklidirmi?
Xədicə İsmayıl:
– Bu barədə fikrim yoxdur. Ancaq yarışma, gərək azadlıq mesajının verilməsi vasitəsi kimi daha yaxşı dəyərləndirilsin. Siravi azərbaycanlılar tədbirə dəvətli deyillər. Yarışmanın keçirilməli olduğu “Crystal Hall”dan cəmi iki kilometr aralıda siyasi məhbusların cəzalarını çəkdikləri həbsxanalar yerləşir. Avropa ifadə və toplaşma azadlığının mövcud olmadığını qəbul edəcəkmi? Yarışma bu mənada Azərbaycana kömək edəcəkmi? Ən azından indiyə qədər etməyib.
Belə bir tədbir öncəsi bütün tənqidlər susdurulur
Daha sonra telekanal mövzu ilə bağlı Avropa Yayım Birliyi və “Amnesty İnternational” nümayəndələrinin fikirlərini təqdim edir.
Avropa Yayım Birliyinin təmsilçisi Krister Börkman: “Biz tələb qoymuşuq ki, hər kəsin orda olacağı müddət ərzində azad mətbuata və bütün ziyarətçilərin təhlükəsizliyinin təmin olunacağına zəmanət verilməlidir”.
“Amnesty İnternational” təşkilatının İsveç üzrə baş katibi Liz Berq: “Belə bir tədbir keçirən rejimin özünü və ölkəsini istədiyi kimi tanıtmaq üçün həddn artıq böyük imkanı var. Lakin tədbir öncəsi bütün tənqidlər susdurulur”.
İnformasiya şöbəsi