Tahir Kərimov «zəhmətkeşlərlə» görüşdü
Salyanın icra başçısı Tahir Kərimov ötən gün açıq havada rayon sakinləri ilə görüş keçirdi. Görüşdə bir qrup jurnalist də iştirak edirdi. Jurnalistlərin də görüşdə iştirakının əsas səbəbkarlarından biri deputat Fəzail Ağamalı idi.
Icra başçısı 100-ə yaxın sakinlə görüş zamanı onların təklif və şikayətlərini dinlədi. Tahir Kərimov görüş zamanı camaatı dinləyir, onların şikayətlərini qeyd etdirib əlaqədar strukturların məsələni öyrənib tədbir görmələri barədə tapşırıqlar verirdi.
Görüşdə real şikayətçilərlə yanaşı öyrədilmiş, öncədən hazırlanmış “şikayətçilər” və “zəhmətkeşlər” də vardı. Bu adamlar öz dərdlərini demək, problemlərini diqqətə çatdırmaq əvəzinə Tahir Kərimovu tərifləyir, ondan razılıqlarını bildirirdilər. Baxmayaraq ki, icra başçısı “suallarınızı verin” deyirdi. Açıq-aydın görünürdü ki, tədbirdə əsas məsələ icra başçısının şikayət dinləməsi deyil, təriflərə qulaq asmasıdır.
Görüşdə yadda qalan məqamlardan biri də polislərin bəzi həqiqi şikayətçiləri ərazidən kənarlaşdırması idi.
Rayon fəallarından aldığımız məlumatlara görə, martın 1-də Qubada baş verən hadisələrdən dərs alan Tahir Kərimov martın 10-a təyin edilmiş mitinqin qarşısını almaq üçün bu görüşü təşkil etdirib. Ancaq həmin mitinq elə yaxın günlərdə keçiriləcək.
Icra başçısı xalq qarşısında çıxış edərkən nitqində müəyyən səhvlərə də yol verdi. Bu isə onu dinləməyə gələnlər arasında gülüşməyə və pıçıldaşmaya səbəb oldu. Yığıncağa toplaşanlar Tahir Kərimovun “mən salyanlıların atasıyam” deməsini yaxşı qarşılamadı. Az sonra vəziyyətin arzuolunmaz səviyyəyə çatmaması üçün səhvini düzəltdi. “Mən salyanlıların oğluyam” deyərək vəziyyətdən çıxdı. “Söz ağızdan çıxana qədər onun sahibisən, dedinsə qulu” – deyib atalar. Bu ifadə rayondakı müxtəlif ünvanlarda söz-söhbət mövzusuna çevrilib.
Görüşdən sonra Tahir Kərimov mətbuat nümayəndələri üçün brifinq keçirdi. “Azadlıq”, “Yeni Müsavat”, “tia.az”-ın əməkdaşlarının verdiyi sulları şövqlə cavablandıran başçı əks arqumentlər gətirdi.
Ancaq rayon sakinlərinin əksəriyyəti icra başçısının bu görüşünü “gözdən pərdə asmaq” kimi dəyərləndirir.
Salyandan görüş və görüşdən sonrakı proseslər barədə hazırladığımız reportajı sabahkı sayımızda oxuya bilərsiniz.
Bizi gözləyin, izləyin…
Ramin DEKO