18 nəfər dəm qazından zəhərləndi; evi olmayan üç nəfəri don vurdu
Ziya Məmmədov qar altında qalan maşınlara baxış keçirdi; yollar buz bağladı; məktəblər bağlandı; metro, avtobuslar, hava limanının işində ləngimələr yarandı; hökumət qəzetləri özlərini tənqid etdilər
Üçünücü qarın yağması Bakını elə üçüncü dəfə iflic etdi. Paytaxtda həyat dondu. Ziya Məmmədovun milyonlar hesabına tikdirdiyi körpülərdən keçmək sürücülərə hələ ki, nəsib olmayıb.
Bakı-Sumqayıt yolu bağlandı
Çovğunda strateji yollar da olmaqla, Bakı-Sumqayıt yolu dəhşətli buzlanma səbəbi ilə bağlanıb. Məlumata görə, paytaxtdan Sumqayıt istiqamətinə gedən yollarda hərəkət tamamilə dayanıb. O cümlədən şəhərin əsas yollarında nəqliyyat iflic oldu.
Yolların buz bağlaması səbəbindən Bakı-Sumqayıt magistralında böyük tıxac yaranıb. Yolun bəzi hissələrində avtomobil qəzaları baş verib.
Tıxac Saray qəsəbəsi ərazisində yerləşən Yol Polisi Postundan o yana uzanır. Yola qum və duz qarışığı səpilmədi.
Bundan başqa, Bakı-Quba istiqamətində də yolun hərəkəti dayanıb. Paytaxta gələn və paytaxtdan əyalətlərə gedən avtomobillərin hərəkəti donub. Maşınlarda olan vətəndaşlar artıq bir neçə saatdır ki, yolun açılmasını gözləyir.
Dərslər dayandı
Şaxtalı hava şəraiti ilə bağlı Bakıdakı orta məktəblərdə dərslər təxirə salınıb. Məktəblərdə dərslər fevralın 6-na kimi dayandırılıb.
Bundan başqa, təhsil nazirinin əmri ilə fevralın 4-də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan sınaq imtahanları da təxirə salınıb. Imtahanların tarixi yaxın günlərdə açıqlanacaq.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Küçələrin buz bağlaması nəticəsində təcili tibbi yardım maşınlarının hərəkəti çətinləşib. Stansiyanın baş həkimi Mürsəl Həmidov anspress.com-a açıqlamasında vətəndaşlardan zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməməyi xahiş edib.
Ziya Məmmədov maşınlara baxış keçirdi
“Dəmir yolunda sərnişinlərin daha çox olacağı gözlənilir və bu səbəbdən tələbatı ödəmək üçün qatarlara əlavə 15-20 vaqon qoşulub. Yəqin ki, bu gün də əlavə vaqon qoşmağa ehtiyac olacaq, artıq qoşmağa hazırlaşırıq. Təhlükəsizlik məqsədilə qatarların sürətinə məhdudiyyət qoyulub, ona görə də qatarlar gecikmə ilə gəlir. Əsas odur ki, gec gəlsinlər, amma salamat çatsınlar” – deyə, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov anspress.com-a bildirib. Son iki gün ərzində dəmir yolu ilə sərnişindaşıma 15% artıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından bir sıra aviareyslərin yola salınmasında yubanmalar olub.
Xüsusən hazırda Bakı-Praqa, Bakı-Naxçıvan, Bakı-Kiyev, Bakı-Gəncə, Bakı-Istanbul, Bakı-Dubay, Bakı-Ankara, Bakı-Tehran, Bakı-Moskva aviareysləri gecikib.
Nəqliyyat naziri Ziya Məmmədov Zığ dairəsindən Heydər Əliyev adına beynəlxalq hava limanına gedən beton yolda olub.
Fevralın 2-də Bakıda baş verən çovğun bu yolda xeyli maşının qarda batıb qalmasına səbəb olub. Daha sonra güclü külək yolda qalan maşınların üstünü qarla örtüb. Bu gün hadisə yerinə gələn nazir qar içində qalmış avtomobillərə baxış keçirib.
Qarlı-çovğunlu havadan zərər görənlərdən biri də “Tarqovı”da (Fəvvarələr Meydanında), “McDonalds”ın qarşısında qoyulmuş çətirli qız heykəlidir. Heykəlin aşaraq qar üstündə qaldığı görüntülər sosial şəbəkələrin ən maraqlı mövzularından birinə çevrilib.
Vətəndaşlar maaş və pensiyalarını ala bilmir
Ötən gündən etibarən insanlar əməkhaqqı və pensiyaları almaq üçün çətinliklə də olsa, bankomatlara üz tutmağa başlayıblar. Ancaq burada da başqa bir problemlə qarşılaşıblar. Məlum olub ki, əsasən küçələrdə quraşdırılmış bankomatlar donvurmadan işləmir. Məsələn, mətbuat prospektində “Kapitalbank”ın bankomatını don vurub. Şəhərin müxtəlif yerlərində quraşdırılmış bankomatlar eyni qaydada fəaliyyət göstərmir.
Qar gündəlik qəzetlərin köşklərə çatdırılmasını da əngəlləyib. Bir çox qəzet köşklərinə gündəlik qəzetlər verilməyib.
Çovğunun gətirdiyi statistika
Buz bağlamış yollarda 66 nəfər yıxılaraq xəsarət alıb. Onlardan 60 nəfəri xəstəxanaya çatdırılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov “Trend”ə bildirib ki, fevralın 2-də təcili yardıma 1239 müraciət daxil olub. Həmin müraciətlər əsasında 204 nəfər xəstəxanaya yerləşdirilib.
Başqa bir məlumata görə, fevralın 2-də 18 nəfər dəm qazından zəhərlənib, 11 nəfər xəstəxanaya aparılıb. Zəhərlənən 1 yaşlı uşaq xəstəxanada ölüb.
Fevralın 2-dən bəri Bakıda 4 donvurma qeydə alınıb. Donvurmaya məruz qalanlardan 3-ü evsiz şəxslər olub və onlar xəstəxanaya yerləşdirilib. Fevralın 3-ü səhər saatlarında isə Mərdəkan qəsəbəsində 45-50 yaşlarında kişinin küçədə meyidi tapılıb. Onun donvurmadan öldüyü bildirilir.
“Azərbaycan” Avropaya həsəd apardı
Iş o yerə çatıb ki, dövlət qəzeti olan “Azərbaycan” da qarın hökumətin abırını üzə çıxartmasıyla bağlı yazı yazıb. “Azərbaycan” yazır: “Yenə də küçələrdə qartəmizləyən və qumsəpən maşınlar gözə dəymirdi… Yenə də bircə şəhər metrosu güman yerinə çevrilmişdi… Yenə də ”qarla mübarizəyə” cavabdeh olan qurumlar və texnika günortadan sonra küçələrə çıxarılacaq, televiziya üçün “gərgin çarpışma” kadrları çəkdirəcək və axşam biz dodaqaltı deyinə-deyinə həmin süjetlərə baxacağıq… Bizim daim öyrəndiyimiz və çatmaq istədiyimiz Avropa ölkələrində qar və çovğun o zaman “təbii fəlakət” hesab olunur ki, temperatur 30 dərəcə şaxtanı, qarın qalınlığı isə azı yarım metrəni keçsin… Bizdə isə qar yerə yatıb buza çevriləndən, yollar bağlanıb həyatın normal axarı pozulandan sonra adlarını çəkmək istəmədiyimiz qurumlar hərəkətə gəlirlər… Bizdə isə 700 müvafiq texnikanın olması barədə açıqlamalar səslənsə də, əli belli qum səpənlərdən başqa xüsusi təyinatlı maşınlar nadir hallarda gözə dəyir…”.
Nazirliyin sözçüsü etiraf etdi
Bakıda şəhərdaxili marşrutlarda işləyən avtobusların sayı üç dəfə azaldılıb. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun açıqlamasına görə, şəhər daxilində 720-yə yaxın avtobus marşrutlara buraxılsa da, onlardan 300 avtobus sonradan geri qaytarılıb. Işləyən avtobuslar əsasən şəhərin mərkəzi və aşağı (dağlıq olmayan) hissələrini əhatə edir: “Avtobusların işləməməsinin səbəbi yolların buz bağlaması və təhlükəsizliklə bağlıdır. Yeni və Köhnə Günəşli, Hövsan, Əhmədli, Zığ və digər qəsəbələrə avtobuslar işləməyəcək. Hövsan-Zığ istiqamətində isə tunel qarla dolub deyə işləmək çətindir. Ona görə də həmin avtobuslar qaraja qaytarılıb”.
Namiq Həsənov deyir ki, hava şəraitilə əlaqədar avtobusların iş qrafiki bir qədər də qısalacaq. Havaların kəskin soyuqlaşdığı və qar yağdığı son bir neçə gün ərzində şəhərdaxili marşrutlarda avtobuslar saat 22:00-dək işləyib.
Nazirlik rəsmisi bildirib ki, nazirliyin tabeliyində olan yollarda texnikalar işləsə də, bunun heç bir faydası yoxdur. O bildirib ki, 100-ə yaxın texnikamız yolları təmizləyir. Lakin faydası yoxdur.
***
Bu da üçüncü qarın bizə bəxşişi. Bu bəxşişi təkcə qarmı hədiyyə etdi? Təbii ki, yox. Hökumətin yarıtmaz siyasəti təbiətin verdiyi ənama əlavə harmoniya qatdı.
“Azərbaycan” necə də gözəl yazıb: “Bizdə isə qar yerə yatıb buza çevriləndən, yollar bağlanıb həyatın normal axarı pozulandan sonra adlarını çəkmək istəmədiyimiz qurumlar hərəkətə gəlirlər”.
Bəli, “Azərbaycan”ın cəsarət edib çəkmədiyi adı biz yazırıq – Ilham Əliyevin qurduğu hökumət…
Ramin DEKO