Əli Kərimli: “Rəsulzadəyə qarşı ədalətsizliyə son qoymaq vicdan borcumuzdur” (FOTO/VİDEO)
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin ad günü münasibətilə ölkə müxalifətinin önəmli kəsimi – İctimai Palata yenə ənənəsinə sadiq qalıb Novxanıda toplandı. İctimai Palatada cəmləşən qüvvələrin gücünə bu dəfə gənclər də öz güclərini qatmışdılar. Müxtəlif gənclər təşkilatlarının birgə təmsilçisi olan Gənclərin Hüquqlarını Müdafiə Mərkəzi də Novxanıda İctimai Palata ilə birlikdə idi.
Yürüş
Havanın qarlı-boranlı olması M.Ə.Rəsulzadənin ziyarətinə gələnləri qorxuda bilməmişdi. Bayram ovqatlı insanlar yenə də Novxanı küçələrində həyacanlı anlar yaşada bildilər.
Novxanı qəsəbəsinin mərkəzində M.Ə.Rəsulzadənin abidəsi olan meydana müxalifət yürüşlə daxil oldu. Yürüş boyunca əllərində milli və partiya bayraqlarını tutan fəallar “Azərbaycan”, “Rəsulzadə” şüarları səsləndirdilər. Bayram yürüşünə qatılanların bəzilərinin əlində vicdan məhbuslarının fotoları və onlara azadlıq tələb edən plakatlar da vardı.
Böyük insanın böyük ideyaları
Bayram mitinqini İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir aparırdı. O, qısa çıxışında Rəsulzadənin xalqımızla bağlı böyük ideya və fikirləri olduğunu vurğulayaraq, onları reallaşmaq məsuliyyətini bugünkü milli-demokratik düşərgənin daşıdığını söylədi.
Ən böyük azərbaycanlı haqqında
İlk çıxışçı İctima Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli oldu. AXCP sədri çıxışında M.Ə.Rəsulzadənin keçdiyi həyat yolu və yaratdığı nümunələrdən danışdı:
– Məhəmməd Əmin Rəsulzadə xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir. Çox gənckən, 17 yaşından siyasi fəaliyyətə başlamış bu insan bütün həyatını Azərbaycana xidmətə həsr edib. Yalnız Azərbaycanda deyil, bütövlükdə regionda demokratik, milli fikrin formalaşmasında böyük xidmətlər göstərib. Rusiyada, Türkiyədə, İranda onun çoxtərəfli fəaliyyəti olub. İrana ilk müasir qəzetçiliyi o aparıb.
Azərbaycanın yaradıcısı
Ölkəmizdə Azərbaycan qayəsinin formalaşması birbaşa onun adıyla bağlıdır. Azərbaycanın şimalı işğal olunandan sonra imperiya siyasəti elə aparılırdı ki, sanki Azərbaycan adı yalnız Arazın cənubuna aiddir, Şimali Azərbaycan isə vilayətlər, qəzalar, quberniyalar, Bakı, Gəncə, İrəvan kimi tanıdılırdı. Məhz Rəsulzadənin başlatdığı kampaniya Azərbaycan adı altında bizim millətimizin yaşadığı ərazini birləşdirici məfhuma çevirdi. Sonra onun fəaliyyəti sayəsində Azərbaycanın muxtariyyəti və nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti ideyası yarandı.
Rəsulzadənin yaratdığı nümunələr
Rəsulzadə həyatını Azərbaycana həsr edib, Azərbaycan üçün böyük nümunələr verib, hər birimiz üçün simvola çevrilib.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycanı təmannasız sevməyin simvoluna çevrilib və onun nümunəsini yaradıb. Rəsulzadə Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini sevməyin, təbliğ etməyin nümunəsini yaradıb. Tarixi təkcə yaratmağın yox, yazmağın da nümunəsini yaradıb.
Rəsulzadə siyasəti vətənə, millətə xidmət peşəsinə çevirib, onun nümunəsini yaradıb. Məhəmməd Əmin Rəsulzadə bütün həyatı boyu şəxsi, qrup, partiya maraqlarından milli maraqları üstün tutmanın nümunəsini yaradıb. Rəsulzadə Azərbaycan üçün yaşayıb, onun üçün ölməyin nümunəsini yaradıb.
Rəsulzadə və onun simvollaşdırdığı istiqlalçı nəsil
Məhəmməd Əmin Rəsulzadə həm də bizim üçün birləşdirici bir addır. Çünki 20-ci əsrin əvvəlində Azərbaycan Cümhuriyyətinin qurulması, nə qədər böyük xidmətləri olsa da, yalnız Rəsulzadəyə aid deyil. Onunla bərabər Azərbaycanın bir çox mütərəqqi insanları vardı. Bu gün biz Rəsulzadə deyəndə Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Fətəli Xan Xoylunu, digər öndərlərimizi, o çağın adsız qəhrəmanlarını xatırlayırıq. Çünki o zaman böyük milli dava nəticəsində əvvəlcə Bakıdakı erməni qırğınlarından azərbaycanlıları müdafiə etmək, sonra türk qardaşlarımızla birlikdə Bakını işğaldan azad etmək, daha sonra ordu qurmaq, Qarabağa Azərbaycanın bayrağını sancmaq, bundan da sonra diplomatik xidmət yaratmaq, 18 ölkədə səfirlik açmaq… – bunların hamısı sıfırdan, heç bir təcrübəsi, muxtariyyəti olmayan bir millət üçün edilirdi və bunu edənlərin arasında minlərlə adsız qəhrəmanlar vardı. Həmin o adsız qəhrəmanlar Azərbaycan üçün yaşadılar, vuruşdular, sonra da həyatlarını ya Sibirdə, ya mühacirətdə başa vurdular və ya vaxtsız dünyadan köçdülər, onları güllələdilər. Ona görə də biz bu gün yalnız Rəsulzadəni yox, onun simvollaşdırdığı o böyük istiqlalçı nəsli xatırlayırıq, onların qarşısında baş əyirik, Allahımıza şükr edirik ki, millətimizin belə böyük oğulları olub.
Rəsulzadə və gənclik
Məhəmməd Əmin Rəsulzadə hər zaman millətə inanmağın, bu millət haqqında yüksək düşünməyin simvolu olub. Ən ağır zamanlarda o, millətimizə inanıb. İndi bütün Rəsulzadəsevərlərin tanış olduğu, 1953-cü ildə – SSRİ-nin super dövlət olduğu bir vaxtda azərbaycanlılara etdiyi müraciətində də o, xalqımızın müstəqilliyinin bərpa olunacağına inamını ifadə edib.
Rəsulzadə gəncliyə inanıb. O, öz vəsiyyətini gəncliyə edib. Və bu gün mən çox məmnunam ki, aparılan şər, yalan kampaniyalarına baxmayaraq, Azərbaycan gəncliyi yenə də Rəsulzadəni seçir, Rəsulzadəni sevir. Deməli, Rəsulzadə ideyaları qalibdir, çünki ölkəmizin sabahı olan gənclik bu ideyalara sahib çıxır.
Vicdan borcumuz
Millətimizin taleyində hamımızı narahat edən bir məqam da var. Taleyimiz elə gətirib ki, bu millət üçün yaşayan, həyatını şam kimi yandıran bir çox böyük şəxsiyyətlərimiz haqq etdikləri ədalətli qiyməti ala bilməyiblər. Gəlin, bir anlıq Azərbaycan üçün çox böyük xidmətlər göstərmiş o insanları xatırlayaq: Mirzə Ələkbər Sabirin ac və çətinliklərlə keçən ömrünü, Mirzə Cəlilin sobanı qızdırmaq üçün əlyazmalarını yandırmasını, Rəsulzadənin mühacirətdə keçən həyatını, bu günümüzə gəlib Əbülfəz Elçibəyi, Xudu Məmmədovu xatırlayaq. Görəcəyik ki, Azərbaycan üçün yaşayan, Azərbaycan üçün canından keçən insanlar çox təəssüf ki, bu dünyada yaşayarkən haqq etdikləri qiyməti almayıblar.
Bir də, bu gün Azərbaycan dövlətinə sərəncam verənlərə, sülalə hakimiyyəti quranlara baxaq. O zaman başa düşəcəyik ki, Rəsulzadə kimi böyük şəxsiyyətlərin önündə vicdan borcumuz var. Biz başda Rəsulzadə olmaqla, bu insanların ədalətli qiymətinin verilməsinə nail olmalıyıq. Bu bizim milli, vicdan vəzifəmizdir və mən inanıram ki, sizin gücünüzlə buna nail olacağıq.
Rəsulzadənin ucaltdığı bayraq daha böyük yüksəkliklər fəth edəcək
AXCP sədrinin çıxışından sonra İP Koordinasiya Şurasının üzvü Hacı İlqar İbrahimoğlu, Müsavat funksioneri Gülağa Aslanlı, tarixçi alim Nəsiman Yaqublu, Məhəmməd Əminin nəvəsi Rəis Rəsulzadə, gənclərdən Etibar Salmanlı, Samir Əsədli M.Ə.Rəsulzadəyə göstərilən ögey münasibəti tənqid etdilər.
Çıxışlarda AXC qurucusunun ideyalarının tezliklə qələbə qazanacağı, üç rəngli bayraqda əks olunan dəyərlərin ölkəmizdə mənəvi baxımdan ucalacağı əminliklə vurğulandı. Bayram mitinqi milli himnin oxunuşu ilə başa çatdı.
Tədbir iştirakçıları daha sonra M.Ə.Rəsulzadənin əzizlərinin uyuduğu məzarları da ziyarət edərək onların önünə gül düzdülər, ruhlarına dua oxudular.
Natiq Güləhmədoğlu