İntiqam Əliyev: "Oxuyun hökmü, çıxım gedim dostlarımın yanına…"
"Mən məhkəmə prosesinin tez yekunlaşmasını istəyirəm. Onsuz da çıxarılacaq hökm mənə məlumdur. Hökmü oxuyun, yəqin, işiniz çoxdur, siz də gedin onlarla məşğul olun, mən də çıxım gedim ev-eşiyimə. "Ev-eşik" deyəndə əsl evimi nəzərdə tutmuram, təbii ki. Uzun illərdir Azərbaycanda həbsxanalar dəyərli insanlar üçün ev-eşiyə çevrilib. Mən də bunu nəzərdə tuturam. Oxuyun hökmü, çıxım gedim dostlarımın yanına…" – bunu ölkənin görkəmli hüquqşünaslarından olan, vicdan məhbusu İntiqam Əliyev dünən məhkəməyə müraciətində deyib.
Xatırladaq ki, İntiqam Əliyevin işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilir.
Dünənki məhkəmə iclasında 2014-cü ilin fevralından başlayaraq, üç ay ərzində Hüquq Maarifçiliyi Cəmiyyətinin mühasibi olmuş Gülyanə Həbibova şahid qismində dindirilib. O bildirib ki, işlədiyi müddətdə müqavilələrin, əməkhaqqı cədvəllərinin tərtibindən tutmuş, maliyyə hesabatlarının hazırlanıb donor təşkilatlara göndərilməsinə qədər mühasib kimi üzərinə düşən bir sıra vəzifələri yerinə yetirib.
Bununla da prosesdə şahidlərin dindirilməsi mərhələsinin başa çatdığı elan olunub. Lakin iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Hağıyev bununla razılaşmayaraq, vəsatət qaldırıb. Vəsatət isə ibtidai istintaqın müəyyən mərhələsində İntiqam Əliyevin vəkili olmuş dörd nəfərin – Adil İsmayılov, Anar Qasımlı, Əlayif Həsənov və Fariz Hamazlının məhkəmədə dindirilməsi haqda olub. Məsələ burasındadır ki, adları çəkilən vəkillər ibtidai istintaqa şahid qismində cəlb olunduğundan İntiqam Əliyevin müdafiəsindən uzaqlaşdırılıblar. İttiham tərəfin məhkəməyə göndərdiyi şahidlər siyahısında həmin vəkillərin də adları vardı. Lakin məhkəmə prosesində müdafiə tərəfinin vəsatəti əsasında onların şahidlər siyahısından çıxarılması barədə qərar qəbul olunmuşdu.
Prokurorun vəsatətinə münasibət bildirərkən İntiqam Əliyev yada salıb ki, adları çəkilən vəkillərin şahidlər siyahısından çıxarılması haqda artıq məhkəmənin qərarı var: "Bu, süni şəkildə prosesi uzatmaqdır. O vəkillərin ittihama heç bir aidiyyəti yoxdur. Sadəcə, vəkillərim istintaq zamanı qanunsuzluğa etiraz elədilər, müstəntiq Sənan Paşayev də onları hədələdi ki, sabah görərsiz nə baş verəcək. Ertəsi gün də onları müdafiə prosesindən uzaqlaşdırıb şahid qismində istintaqa cəlb elədilər. İlk dəfə eşidirəm ki, siyahıdan çıxarılmış şahidlər yenidən bərpa olunsun. Bizim o adamların şahid kimi dindirilməsindən heç bir narahatlığımız yoxdur. Narahatlığımız məhkəmə prosesinin uzadılmasındandır".
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra İntiqam Əliyevin vəkillərinin bir müddət əvvəl qaldırdığı, lakin baxılmamış saxlanılan vəsatət müzakirəyə çıxarılıb. Bu vəsatət isə Beynəlxalq Bankın əməkdaşlarının məhkəmədə dindirilməsi haqdadır. İntiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabı bu bankda olub. Həmin hesabdan da uzun illər təşkilatın mühasibi olmuş Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına dəfələrlə vəsait köçürülüb. İntiqam Əliyev bildirir ki, köçürmə üçün tələb olunan ödəniş göstərişlərində onun adından atılan imza ona məxsus deyil. Köçürmələr də həmin saxta imzalı sənəd əsasında həyata keçirilib. Bu səbəbdən İntiqam Əliyev və vəkilləri bildirir ki, bank əməkdaşları sənəddəki imzanı yoxlamadan köçürməni həyata keçiriblər. Halbuki, bankda onun imza nümunəsi var və tutuşdurulmalı idi. Bu səbəbdən müdafiə tərəfi həmin bank əməkdaşlarının məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırmışdı.
Prokuror vəsatətə münasibət bildirərkən onun təmin edilməməsini istəyib. Lakin bu məsələdə məhkəmə ilə onun mövqeyi üst-üstə düşməyib. Vəsatət təmin olunub.
İş üzrə zərərçəkmiş qismində tanınmış Sadiq Bağırovun da vəsatəti olub. Bir neçə il Hüquq Maarifçiliyi Cəmiyyətində çalışmış Sadiq Bağırov istintaq zamanı ona təqdim olunmuş əməkhaqqı cədvəlindəki imzanın İntiqam Əliyevə məxsus olub-olmadığını müəyyənləşdirmək üçün xətşünaslıq ekspertizasının təyin edilməsini istəyib. O, fikrini belə əsaslandırıb: "Mən ona görə zərərçəkmiş qismində tanınmışam ki, istintaqın iddiasına görə, 2010-cu ilin oktyabr, noyabr, dekabr aylarında hər ay mənim adıma 1200 manat pul yazılıb, amma mən o vəsaiti almamışam. İntiqam müəllim də məhkəmədə israrla bildirir ki, axtarış zamanı ofisdən bütün sənədlər, möhür götürülüb və həmin cədvəllər də istintaqda tərtib olunub. Həmin sənəddəki imzanın İntiqam müəllimə aid olub-olmadığını müəyyənləşdirmək zəruridir. Əgər o imzanın İntiqam müəllimə məxsus olmadığı təsdiqlənsə, o zaman bununla bağlı verilən ittiham, eləcə də mənim zərərçəkmiş statusum aradan qalxacaq".
Lakin məhkəmə vəsatəti təmin etməyib.
Bu iş üzrə məhkəmə prosesi aprelin 14-də davam etdiriləcək.
Aytən Məmmədova