Mən Quranı yox, hər gün hökm oxuyuram…
Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülsüm xanımın əziz xatirəsinə ithaf edirəm
Qurban Məmmədov
Onlar it kimi qorxurdular, biz də it kimi yaşayırdıq
Özümü saxlaya bilmədim:
– Bunları haradan bilirsən belə, Stalinin yanında olmusan? Onunla bir evdə yaşamısan yoxsa? Kommunist ideologiyasının nağılları idi bütün bunlar. Milyonlarla insan Stalinin vaxtında ya güllələnmiş, ya da sürgün edilmişdi. Təsəvvür edirsiniz? 50-60 milyondan söhbət gedir. Aralarında da xeyli ziyalı olub. Daha doğrusu, onun güllələtdirdiyi adamların arasında nə qədər ziyalı olub? Şəxsən bizim millətin sonrakı problemlərinin əsası elə o 30-40-cı illərdə qoyulub. Azad düşüncə sahibi olan, söz deməyi bacaran, yüksək savadı olan bütün başbilənlərimiz məhv edilib. Bu idi ədalət? Yerdə nə qalıb: savadsızlar, qorxaqlar, tülkülər, işverənlər, üzəduranlar, yaltaqlar. Kommunist Partiyasına, Leninə, Stalinə mədhiyyə deyənlər iş başına keçib. İndi də onların tör-töküntüləridir respublikanı pis günə qoyanlar. Mən səni başa düşdüm. Keçmişlə üz-üzə gəlmək, hesablaşmaq asan deyil. Səni təhqir etmək fikrində də deyiləm. Qətiyyən. Ancaq, ingilislər demiş, faktlar amansız olur. Reallığın üzünə dik baxmağı bacarmalıyıq. Yaxınımız, dostumuz, qohum-qardaşımız olsa da, oğruya oğru deməyi öyrənməliyik. Səncə, o vaxt Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad və yüzlərlə başqa ziyalılarımız məhv edilməsəydi, bu günədək ədəbiyyat və tarix dərsliklırində bizə böyük dramaturq, şair, nasir, dövlət xadimi kimi təqdim edilənlər olardımı? Belələri və onlardan törəyənlər meydan sulaya bilərdilərmi? Sevgili Pyğəmbərimiz (s.a.s) İslam dinini qəbul etmədən ölən yaxın qohumlarının cəhənnəmə getdiklərini deyəndə, onların kafir kimi öldüyünü iddia edəndə qohumları ondan incimirdilərmi? Onun (s.a.s) qohumluq hissləri yox idimi? Bəla burasındadır ki, bizim camaat çox vaxt ondan-bundan eşitdiyi, məkrli, çirkin siyasi niyyətlərlə dövriyyəyə buraxılan sözləri tutuquşu kimi təkrar etməyin günah olduğunu bilmir. Bir də baxırsan, teleekrandan birisi, ağzı köpüklənə-köpüklənə deyir: “Elçibəy “Kamaz” sürücüsünü icra başcısı qoymuşdu”. Yaxud da, sən demə, AXC-nin hakimiyyəti dövründə heç kim arvadı ilə küçədə gəzə bilmirmiş və ya cəbhəçilər dükanları talayırmış. Beləsindən soruşanda ki, “o “Kamaz” sürücüsü – icra baçşısı kimdir?”, “sənin tayfandan neçə qız-gəlin-arvad aparmışdılar və ya sənin hansı dükanından oğurluq etmişdilər?” – gözlərini bərəldib, ağız büzərək: “Belə deyirlər, mən özüm görməmişəm”, – cavabını verir. İndi sən də, hakim qardaş, Stalin və o vaxtkı rejim haqqında onların özlərinin uydurduqları əfsanələri oxumusan. Bir hüquqşünas kimi, heç düşünmüsünüzmü, bir ölkədə qısa müddət ərzində milyonlarla kəndli, fəhlə, savadsız adam necə cinayətkar ola bilər? Ən vacibi də, bu savadsız adamlar hansı ağır cinayətləri törətməli idilər ki onları ya güllələsinlər, ya da 20-25 il müddətinə sürgün etsinlər?
– Bilirsiz, o vaxt dövlət gənc idi, yeni qurulurdu. Səhvlər mümkün idi. Əvəzində dünyaya meydan oxuyan bir dövlət qurulmuşdu. Bütün Avropa və Amerika SSRİ-dən it kimi qorxurdu.
– Düz deyirsiz, onlar it kimi qorxurdular, biz isə it kimi yaşayırdıq.
– Bir də ki, 1917-ci ildə hakimiyyətə gələnləri, 30-35 il hakimiyyətdə olanları sən necə “gənc” adlandırırsan? Bəs cəmi 11 ay hakimiyyətdə olan Elçibəyin ayağına respublikanın bütün problemlərini yazmağı necə başa düşək?
– Bu məsələdə mən də səninlə həmfikirəm. Bu, həqiqətən də, haqsızlıqdır,- dedi:
– Səmimisinizsə, bu haqsızlığa qarşı etiraz etdinizmi? Bir dəfə də olsun mövqeyinizi səsli və ya yazılı ifadə etdinizmi?
– Əşşi, rəhmətliyin oğlu, mən kiməm ki, etiraz edim. Məni adam sayan var bu ölkədə? Bizim ağzımıza qurut verən kimdir? Mənim sözümlə nəsə düzələcəksə, deyim. Siz 20-25 ildir deyir, yazır, yeri gəldi-gəlmədi, özünüzü təhlükəyə atıb cürbəcür tədbirlər keçirirsiniz, xeyri var? Yox! Olmayacaq da – dedi və başını yelləyərək əlavə etdi: – Bu xalqdan heç nə çıxmaz. Bizim millət millət deyil, bir ovuc yaltaq, qorxaq, ikiüzlü, ləyaqətsiz kütlədir, kütlə. Kütlə isə zora tabedir. Bilirsiz də, Hitler bu barədə ne deyib? Bu xalq fahişə kimi zoru sevir, zoru. Sizinsə zorunuz, gücünüz, pulunuz yoxdur. Ailənə, uşağına yazığın gəlsin. Şəxsən mənim sənə və qardaşına hörmətim var. İzləyirəm. Qardaşın indi düz yoldadır. Əşi, nəyinə lazımdır? Qardaş, görürsən ki bu xalq onu minənə, təhqir edib alçaldana, döyənə, əzənə əl çalır. Beləsinə görə əzab çəkməyə dəyərmi?
– Biri qaldı,- dedim: – Deyəsən, bu xalq həm də onun haqqında qanunsuz hökm çıxaran hakimlərə hörmət edir, əl çalır, yol verir, toyda və yasda yuxarı başa keçirir.
– Bəli, elədir ki var. Bəlkə də sən ironiya ilə deyirsən. Ancaq, həqiqətən də, belədir. Üzr istəyirəm, məsəli bizdən uzaq, sahibi tərəfindən döyülən it sahibinin ayaqlarına başını, üzünü sürtərək yalmandığı kimi, döyülən qəhbə qadın ona işgəncə verən kişiyə daha yaxşı xidmət göstərdiyi kimi, bu millət də belədir: ona daha çox pislik edənə daha çox hörmət edir, şəxsən gözlərimlə görmüşən.
– Təqribən neçə nəfər beləsini görmüsən, cənab hakim, 10 min nəfər olar? – deyə, soruşdum.
– 10 min olmasa da, onlarla beləsini görmüşəm hakimliyim dövründə.
– 1000 nəfər olar?
– Sənə rəqəm önəmlidir, yoxsa mahiyyət? Bir küp balın şirin, ya acı olmasını bilmək üçün bir barmaq da kifayətdir. Hamısını yeməyə ehtiyac yoxdur ki, qardaş. Reallıqdır da bu. Bizim millət budur. Mən də başa düşürəm: təhqiramizdir, acıdır, alçaldıcıdır, ancaq belədir.
Mən Quranı yox, hər gün hökm oxuyuram
– Yoldaş hakim, sən özün necə, sən özünü bu millətdən hesab edirsənmi? Dediklərini özünə də, ailənə, qohum-qardaşına da aid edirsənmi?
– Yəqin zənn edirsən ki, “yox” deyəcəyəm, hə? Əlbəttə, aid edirəm. Burada başqası yoxdur. Ikimizik. Mən etiraf etməyi ayıb bilmirəm. Bəlkə də, 30 il öncə bu suala müsbət cavab verməzdim. Ancaq indi, – duruxdu, daxilində nəsə götür-qoy etdi və əlavə etdi: – Səncə, belə olmayan neçə nəfər olar bu millətdə? – deyə, üzümə baxdı. Məndən cavab gözləyirdi.
– Millətimizin, Azərbaycan vətəndaşlarının sayı, deyilənlərə inansaq, 10 milyona yaxınlaşır. Deyək ki, bunun 4-5 milyonu da rejimin zülmündən qərib ölkələrə qaçıb. 4-5 milyon da burada zülm çəkir. Sən də onlardan, qoy olsun, 1000 nəfərini belə görmüsən. Bununla hamıya eyni qiyməti vermək olmaz axı.
– Qardaş, minini mən görmüşəm, mənim kimi minə qədər hakim, minlərlə prokuror, rəis, vəzifəli şəxs var. Hərəsi minini görsə, gör neçə eləyir? Üstünə gəl; qəzetlərdə, televiziya ekranlarından səhərdən-axşama kimi məddahlıq edənləri. Həm də bunlar hamısı savadsız, fəhlə-kəndli deyil haa. Aralarında akademiklər, elmlər doktoru, müəllim, həkim, bir sözlə, əksəriyyəti ziyalıdır. Neçə-neçə yazıçı, şair, bəstəkar, rejissor, müğənni bu kütlənin içindədi, gecə-gündüz “möhtərəm”ə tərif deməklə, “ulu öndər” haqqında nağıllar uydurmaqla məşğuldurlar.
– Etiraz etmirəm, düz deyirsiz, qoy olsun hamısı bir yerdə bir milyon, iki milyon, canım, lap olsun, üç-dörd milyon. Beş-on nəfər namuslu insan varmı? Sən şəxsən özünü hansılara aid edirsən?
– Əvvəllər, o beş-on nəfərdən biri olmaq arzusu ilə yaşayırdım. Hakim olanadək. Sonra, – pauza verdi, gözləri bir anlığa yol çəkdi, başını silkələyib ayıldı və davam etdi – qoşuldum namussuzların sırasına. Daha doğrusu, qoşdular, məcbur etdilər bu sürüyə qoşulmağa.
– Bu günədək heç düşünmüsünüzmü ki, nə üçün bu tip adamları məhz hakimlər, prokurorlar, rəislər və bəzi vəzifəli şəxslər görür? Niyə, məsələn, mən görə bilmirəm, mənim niyə qabağıma belələri çıxmır?
– Maraqlı sualdır – dedi.
Soyuqdan keyimişdim. Ayağa qalxıb qızışmaq üçün əl-qolumu oynatdım, əyilib-qalxdım. Oturub-durdum. Altdan-altdan da onu süzürdüm. Fikrə getdiyini görüb əvvəl narahat etmək istəmədim. Bu adam hələ də onu daxildən incidən əsas məsələdən danışmırdı. Özünə gəldiyini görəndə soruşdum:
– Sən fizikanı, kimyanı orta məktəbdə necə oxumusan?
– Dedim axı, atamın vəzifədə olmasına baxmayaraq, özüm oxumuşam, həm də əlaçı olmuşam – dediklərinin qəribəliyinə özü də təəccüb etdi. Dodaqlarını bərk-bərk sıxıb, qabağa uzadaraq, başını sağa-sola yellədi, – özüm oxumuşam, – deyə, təkrar etdi: – Niyə soruşursan ki ?!
– Bayaq bir küp balla insanları müqayisə etdiniz. Bal məsələsində sizinlə razıyam. Ancaq mayelərlə bərk cisimlərin xassələri eyni ola bilərmi, səncə? Mayelərə aid edilən hər hansı əlamət bərk cisimlərə və ya qazlara da şamil edilə bilərmi? Məncə, müqayisəniz bir qədər uğursuz oldu. Şərtlər səhv olanda, nəticə də səhv olar. Sizin arqument, məncə, düz olmadı.
– Yoldaş vəkil, deyilənə görə, insan fiziki bədəndən və ruhdan ibarətdir. Qorxaqlıq, yaltaqlıq, ikiüzlülük, yalan şahidliyə meyl, tamah və s. bu kimi hallar da fiziki deyil, ruhidir. Ruh isə universal anlayışdır və bütün insanlarda var. Sən bir küp balı bir küp ruh kimi qəbul et, onda görərsən ki, mənim misalım yerindədir,- dedi və təsdiq gözləyən gözlərini mənə dikdi.
– Sən Quranı oxumusanmı? – deyə ondan soruşdum.
– Qardaş, qoy Quranı bir yana. Quranın, Allahın bu adamların alçaqlıq və ləyaqətsizliyinə nə aidiyyəti var axı?
– Aidiyyətə hələ toxunmayaq. Sadəcə olaraq, soruşuram: Qurani-Kərimi oxumusanmı?
– Mən ərəbcə bilmirəm.
– Yoldaş, hörmətli, möhtərəm hakim, mən Quranın dilimizə tərcüməsini soruşuram, yəni orada yazılanların mənasından xəbərin varmı?
– Hökm, qətnamə, arayış yazmaqdan oxumağa vaxt olur ki? Mən Quranı yox, hər gün hökm oxuyuram,- dedi və özü də bu cavabından təəccübləndi sanki. – Quranı oxumamısansa, İncili, Tövratı heç oxumazsan. – Öz-özümə danışırmışam kimi astaca dedim.
– Quranı, ya İncili oxusaydım, nə dəyişəcəkdi ki? Bu adamlar gəlib məhkəmədə yalan şahidlik etməklə mənim qanunsuz hökm çıxartmağıma, lənət sahibi olmağıma səbəb olmayacaqdılar ki?
– Mən başqa şey demək istəyirəm, siz deyəsən, maddənin yeni bir halını: “ruh” halını kəşf etmisiniz, – deyə gülümsəyərək davam etdim: – Allah Quranda buyurur: “Mən sizi qeyri-bərabər, fərqli yaratdım: sağlam-xəstə, güclü-zəif, varlı-kasıb, uzunboy-qısaboy, ağdərili-qaradərili. Bir-birinizi tanıyasınız, fərqlənəsiniz deyə”. Deməli, ruhlar da fərqli xüsusiyyətlərə malikdir. Bir küpəyə doldura bilsən də, eyni keyfiyyətə düşməzlər. Səncə, belə deyil ?
– Nə çox Allahdan, Qurandan danışırsan? Olmaya sən də namaz qılırsan?
– Bir müsəlmana bu sualı vermək, adama “sən adamsan?”, “sən yemək də yeyirsən?” sualını vermək kimi bir şeydir. Əlbəttə, qılıram.
– Əşşi, qoy görək, vəkil adamsan, ziyalı, müasir adamsan, nə namaz? Zarafat edirsən mənimlə?
– Anlamadım, niyə belə təəccüblənirsən ki? Mən Ərdoğandan, Güldən, Mövlanədən, Füzulidən, nə bilim, Buxaridən və ya Qazi Bürhanəddindən çox ziyalıyam, çox məşğulam məgər? Onların namaz qılması cahilliklərinin əlamətidir yoxsa…
Sözümü kəsdi :
– Onlar başqa, onların yaşadığı mühit, dövlətlər, cəmiyyətlər, dövrlər fərqlidir axı. Sən XXI əsrin müasir Azərbaycanında yaşayırsan, yoldaş vəkil. Mən, nə isə… sənə yaraşdıra bilmirəm.
– Başa düşmədim, “XXI əsr”, “müasir Azərbaycan” deyəndə nə başa düşülür ki? Allahsızlıq? Dinsizlik? Açıq-saçıq geyinmək? Yoxsa, əxlaqsızlıq, pozğunluq? Nə? Yadınızdadırmı, 1985-1986-cı illərdə İranda zəlzələ olmuşdu. O vaxt SSRİ-dən də yardıma çoxlu həkim , tibb işçiləri getmişdi. O vaxt bilirsinizmi, “İzvestiya” qəzeti nə yazmışdı? Şəxsən özüm oxumuşdum: ”Başı çadralı, hicablı İran qadınlarının işlətdikləri tibbi texnikanı SSRİ-dən gedən alim-professorlar işlədə bilmədikləri, başları çıxmadığı üçün sovet tibb heyəti geri döndü”. Həmin o çadralı, hicablı İran bu gün atom texnologiyası ilə uğraşır, Türkiyədə isə hicaba qarşı rəsmi müharibəyə güclə son qoyulub, Azərbaycanda isə hicabla mübarizə təzə qızışır! “Müasirik” deyə, normal seçki keçirə bilmirik, sənin kimi hakimlər də prokurorluğun notariusu kimi, ittihamnamələri təsdiqləyib hökmə çevirməklə məşğuldur. Budur müasirlik? – deyə soruşdum.
– ABŞ, Avropa namaz qılmır, hicab taxmır. Ona görə bizdən belə geri qalıblar həə? – deyə, ironiya ilə soruşdu və davam etdi: – Bütün yeni texnologiyalar Qərbdə, o açıq-saçıq geyimli qeyri-müsəlmanlardan gəlir, – dedi. Qalib ədası ilə mənə baxdı. Sanki, “hə, buna nə sözün?”- deyə meydan oxuyurdu.
– ABŞ və ya Avropa müsəlman deyil məgər? Sən Quranı bircə dəfə oxu. Onda görərsən ki, bu gün xristianlıq dediyimiz dinin bütün vacib cəhətləri, prinsip və qaydalarını İslam dini qəbul edib və Quranda təsdiqləyib. Adi bir misal deyim. Bu gün bütün xristian aləminin süngü ilə qarşıladığı zinakar qadın və kişinin daş-qalaq edilərək öldürülməsi ayəsi Tövrat və İncildən olduğu kimi qəbul edilib. Bu, ilk dəfə Quranla gəlməyib ki. Eləcə də, rüşvət barədə. Hələ Hz.Musaya verilən “10 Qanun”da zina və rüşvət barədə hökmlər var idi. Deməli, ndiki xristian dünyası Quranın bir hissəsini faktik olaraq yaşayır. Fərq ondadır ki, onların əksəriyyəti qismən bu qaydalara ciddi əməl edir, biz isə, çoxumuz islamdan, deməli, həm də xristianlıqdan çox uzağıq. Düz deyirsiz, bizim kimi natamam müsəlman olmaqdansa, onlar kimi kamil xristian olmaq yaxşıdır.
– Mən səni başqa cür tanıyırdım. Sən lap molla kimi danışırsan…
ardı var