Əli Kərimli: "Bunlar 20 Yanvara nə qiymət verə bilər? Bakıya qoşun çağıranları hökumətdə saxlayırlar…"
Azərbaycanda 20 Yanvar hadisəsinin 25-ci ildönümü qeyd olunur. Bu tarixi gündə xalqımız hər il olduğu kimi, yenə də Şəhidlər Xiyabanını ziyarət etdi.
Demokratik Qüvvələrin Milli Şurası ayrıca izdihamlı dəstə ilə ziyarət mərasimi keçirdi. Şuranın sədri Cəmil Həsənlinin və Koordinasiya Mərkəzi üzvlərinin başçılığı ilə qurumun təmsilçiləri və tərəfdarları Şəhidlər Xiyabanına yürüş etdilər.
Ziyarət zamanı Milli Şuranın sədri Cəmil Həsənli və Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli jurnalistlər üçün 20 Yanvar hadisəsinə qiymət verdilər.
Əli Kərimli bu günü xalqımızın kütləvi qəhrəmanlıq günü adlandırdı. “Məhz 25 il bundan əvvəl Azərbaycan xalqı əliyalın istiqlal uğrunda ölümə hazır olduğunu göstərdi. Bu, uzun müddət davam etmiş milli ağalığa, müstəmləkə siyasətinə, imperiya zülmünə qarşı xalqımızın kütləvi ayaqlanması idi. Şükürlər olsun ki, bu hadisədən cəmi il yarım sonra xalqımız müstəqil oldu və 20 Yanvar şəhidləri özlərilə bərabər, Azərbaycan istiqlalına da abidə qoymuş oldular”, – deyə AXCP lideri bildirdi.
Əli Kərimi 20 Yanvar hadisəsinə siyasi qiymət verilməsi məsələsinə də toxundu: “1992-ci ildə bu hadisəyə bizim tərəfimizdən siyasi qiymət verilib. 1994-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra belə bir imitasiya yaratdı ki, guya qiymət verilməyib, müzakirələr başlandı, amma sonradan özləri qiymət verə bilmədilər. Çünki Azərbaycana sonradan qayıtmış keçmiş komminist rəhbərliyi, həqiqətin gözünün içinə baxa bilməzdi. Deyə bilməzdi ki, onların əqidə dostları Azərbaycanın işğal olunması ilə bağlı göstəriş veriblər. Ona görə də o müzakirələri yarımçıq saxladılar, Primakov başda olmaqla, Azərbaycanla bağlı göstəriş verən şəxslərin adlarını həmin qərara yaza bilmədilər. Azərbaycana ordu çağıran insanları indi hökumətdə saxlayırlar. Bu adamlar nə qiymət verəcəklər?”.
AXCP sədri Azərbaycan hakimiyyətinin son zamanlar Rusiyaya meyillənməsinə də münasibət bildirdi: “Axır vaxtlar Azərbaycan hökuməti birmənalı şəkildə Azərbaycana 20 Yanvarı yaşatmış, Xocalını yaşatmaqda yardımçı olmuş Rusiyaya münasibətdə çox ciddi reveranslar edir, Rusiyanın daxili siyasətilə həmrəyliyini ifadə edir, xarici siyasətdə də imkanı çatdığı qədər Rusiya siyasətinə dəstək verir. Hazırda Azərbaycandakı rejim Rusiyadakı rejimin kölgəsinə çevrilib”.
Milli Şuranın sədri Cəmil Həsənli də 20 Yanvar hadisəsinin əhəmiyyətindən, Azərbaycan tarixində oynadığı roldan danışdı: “20 Ynavar Azərbaycan xalqının milli istiqlal mübarizəsi tarixində önəmli yer tutur və Azərbaycanın azadlığa, istiqlala qovuşmasında həlledici bir mübarizə məqamdır. Zaman keçəcək, dövr dəyişəcək, amma Azərbaycan xalqı istiqlal uğrunda canlarını fəda etmiş və qəhrəmanlıq tarixi yaratmış insanları yaddaşında yaşadacaq”.