«Qərarı bu günədək olan fəaliyyətimə verilən mükafat kimi qəbul etdim»
Xalid Bağırovun vəkil kimi fəaliyyətinə xitam verilib. Səbəb isə “Ismayıllı işi”ndə Xalid Bağırovun məhkəmə çıxışında dövlətçiliyə hörmətsizlik etməsi göstərilib. Xalid Bağırov “Azadlıq” radiosuna açıqlamasında fəaliyyətinə xitam verilməsini təsdiqləyib: “Bu gün (dünən – red.) Vəkillər Kollegiyası qərar verib ki, vəkilliyimə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin, məhkəmə qərarı verilənə kimi də fəaliyyətim dayandırılsın”.
X.Bağırov bildirib ki, buna səbəb Şəki Apelyasiya Məhkəməsinin Vəkillər Kollegiyasına müraciəti olub: “Ilqar Məmmədovun məhkəməsində çıxışım zamanı “belə dövlətdə belə məhkəmə olacaq”, “Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” ifadələrim dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirilib. Buna əsasən də Vəkillər Kollegiyasına müraciət edilib. Kollegiya da vəkilliyimə xitam verilməsi üçün məhkəməyə müraciət etmək haqda qərar verib”.
X.Bağırov düşünür ki, belə bir addımda əsas məqsəd onu susdurmaqdır: “Qərarı bugünədək olan fəaliyyətimə verilən mükafat kimi qəbul etdim.Təbii ki, hər hansı bir məsələ ilə bağlı verilmiş qərar deyil. Bu, Xalid Bağırovun bütün son dövrlərdəki fəaliyyəti ilə bağlı qəbul edilmiş qərardır. Məqsəd məni susdurmaqdır”.
Vəkilin dediyinə görə, ona hazırkı müştəri ilə müqavilələrini də başa çatdırmağa imkan verilməyib. Bütün işlərim yarıda qaldı, əlimdəki müqavilələri davam etdirməyə də imkan vermədilər. Müştərilərimin müdafiə baxımından kifayət qədər problemi yaranacaq. Ən çox Arif Yunusa görə narahatam. Onun tək vəkili mən idim. Özü də MTN də, daha təcrid olunmuş vəziyyətdə saxlanır. Bəzilərində başqa vəkillər də var, heç olmazsa onlar əvəzləyəcəklər”.
Xalid Bağırov Vəkillər Kollegiyasının müraciətinə məhkəmədə ədalətli baxılacağına da inanmır:
“Hesab etmirəm ki, bu, Vəkillər Kollegiyasının qərarıdır və məhkəmə buna ədalətli baxacaq. Bu daha yuxarı instansiyalarda qəbul olunmuş qərardır və məhkəmələr də analoji yanaşacaq. Məhkəmə yekunlaşsın və biz də bütün pozuntulara adekvat cavab verəcəyik”.
Xalid Bağırov daha çox siyasi məhbusların vəkili kimi tanınır. Hazırda onun müdafiə etdiyi şəxslər sırasında Arif Yunus, Ilqar Məmmədov, Yadigar Sadıqlı, bəzi NIDA-çı gənclər var. Bir müddət əvvəl o, Leyla Yunus və Intiqam Əliyevin müdafiəsindən uzaqlaşdırılmışdı. Bir gün əvvəl isə Xədicə Ismayılla onun müdafiəsi ilə bağlı müqavilə imzalamışdı, dünən jurnalistlə istintaq təcridxanasında görüşməli idi.
Onu da qeyd edək ki, Azərbaycanda vətəndaş cəmiyyəti təmsilçilərinə, QHT-lərə, hüquq müdafiəçilərinə olan basqılarla yanaşı müstəqil vəkillər də hədəf alınıb. Ekspertlər bu tendensiyanı təsadüfi saymırlar. Hakimiyyətin burada məqsədi həm ittiham etdiyi şəxsləri müdafiəsiz qoymaq, həm də digər müstəqil vəkillərə “mesajlarını” çatdırmaqdır. Bu baxımdan Azərbaycanda Avropa Məhkəməsinə gedən işlərin hazırlanması prosesində əsas açar şəxs olan Intiqam Əliyevin də həbsi təsadüfi deyil.
Aslan İsmayılov: “Bu dövləti o insanlar təqhir edir ki, onlar məhz belə bir məhkəmə sistemi yaradıb”
Tanınmış hüquqşünas Aslan Ismayılov X.Bağırovla bağlı məsələnin əsl mahiyyəti haqqında maraqlı fikirlər səsləndirib: “Öncə onu deyim ki, Xalid Bağırovun məhkəmədə səsləndirdiyi həmin ifadələrÿ ölkədəki real vəziyyəti əks etdirir. Özü də bu, tək Xalid Bağırovun dediyi deyil. Bu, həm ölkə daxilində, həm ölkə xaricində bütün ictimai, insan hüquqlarını müdafiə edən təşkilatların hamısının gəldiyi qənaətdir. Orada vəkillikdən çıxartmaqla yanaşı, digər cəza növləri də mövcuddur. Əgər məqsəd Xalid Bağırovu peşə fəaliyyətindən məhrum etməklə bağlı deyildisə, ona töhmət verə, barəsində başqa cəza növü seçə bilərdilər. Lakin Xalid Bağırovun vəkilliyinə xitam verməklə sübut edirlər ki, siyasi işlərlə bağlı aktivlik göstərən şəxslərin hamısı Vəkillər Kollegiyasından aralanmalıdır. Buna görə də bu gün siyasi işlərlə bağlı Vəkillər Kollegiyasının əksər üzvü məhkəmə işlərinə çıxmaq istəmir. Çünki bu işlərdə nə pul var, nə qazanc var. Əksinə, vəkilikdən çıxarılma ehtimalı var. Xalid Bağırovun vəkillikdən çıxarılması da sırf bununla bağlıdır. Bu dövləti o insanlar təqhir edir ki, onlar məhz belə bir məhkəmə sistemi yaradır, bu məhkəmələr gülüş və lağ obyektinə çevrilib”.
Müzəffər Baxışov: “Xalid Bağırova qarşı irəli sürülən ittihamlar təsadüfi deyil”
Tanınmış vəkil Müzəffər Baxışov bildirdi ki, Vəkillər Kollegiyası məhkəmə qarşısında vəkilin fəaliyyətində yol verdiyi nöqsanlara görə məsələ qaldıra bilər. Məhkəmə isə bu qərarı təsdiq edərsə, vəkilin fəaliyyəti dayandırıla bilər: “Amma Xalid Bağırovun fəaliyyətinə məhkəmədə dediyi fikirlərə görə xitam vermək istəyirlərsə, bu çox böyük qanunsuzluqdur. Bu, əslində, Xalid Bağırova vəkillik fəaliyyəti ilə bağlı göstərilən təzyiq vasitəsidir. Xalid Bağırov son dövrlərdə siyasi motivlərlə həbs olunan insanların müdafiəsini həyata keçirib. Azərbaycanın indiki vaxtında bu çox çətin işdir. Bu fəaliyyətin öhdəsindən gəlmək üçün insanda gərək güclü əsəb sistemi olsun. Hər insanın əsəbləri belə bir müdafiəni həyata keçirməyə tab gətirə bilməz. Xalid Bağırov kimi insanlar sağolsunlar ki, Azərbaycanın indiki durumunda siyasi motivlərlə həbs olunanların müdafiəsini həyata keçirirlər”.
M.Baxışov bildirdi ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi vəkillik sahəsindəki problemlər də müstəqil vəkillərin fəaliyyətinə təsir edir. M.Baxışov hazırkı dönəmdə X.Bağırova qarşı irəli sürülən ittihamları təsadüfi saymır: “Xalid Bağırova qarşı atılan addımlar digər vəkilləri də bu yoldan çəkindirmək üçün görülən tədbirdir. Amma düşünürəm ki, bu metodlarla müstəqil insanları sındırmaq mümkün olmayacaq. Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilsə də o, müstəqil insan kimi fəaliyyətini davam etdirəcək. Çünki müstəqillik, ədalətlilik onun qanındadır”.
Xəyal