Xədicə İsmayılın evində axtarış başa çatıb.
Ailə üzvlərinin məlumatına görə, prokurorluq əməkdaşları özləri ilə içərisində film olan 50-dək DVD disk, bir modem aparatı, Xədicə İsmayıla verilmiş vizitkalar və bəzi sənədlər götürüblər.
***
Vəkillər Xalid Bağırov və Elton Quliyev gəldikdən sonra Xədicə İsmayılın evində axtarış başlanıb.
AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının dediyinə görə, hal şahidlərinin seçilməsi məsələsində prokurorluq əməkdaşları ilə Xədicə İsmayılın yaxınları arasında mübahisə yaşanıb:
«Vəkillər gələnədək prokurorluq əməkdaşlıqları hal şahidlərini seçmişdilər. Bildirdiklərinə görə, qonşulardandır. Xədicənin yaxınları isə həmin şəxslərin prokurorluğun öz adamları olduğunu bildirdilər. Buna baxmayaraq, anasından başqa hal şahidi kimi, Xədicənin yaxınlarına axtarışda iştiraka icazə verilmədi».
***
Dekabrın 5-də 2 aylıq istintaq müddətinə həbs edilən jurnalist Xədicə İsmayılın evində axtarış aparmaq istəyirlər. Bu barədə onun həmkarları məlumat yayıblar.
Jurnalist Əfqan Muxtarlı “Azadlıq” radiosuna deyib ki, hazırda Bakı Prokurorluğunun 15-dək əməkdaşı Xədicə İsmayılın evi qarşısındadırlar. Xədicə İsmayılın ailə üzvləri, hələlik, axtarışa icazə vermirlər: «Bir mikroavtobus, bir də minik avtomobilində gəliblər. Hazırda buradayıq. Ailə üzvləri prokurorluq əməkdaşlarını içəri buraxmır, vəkilləri çağırıblar. İstəyirlər ki, axtarış onların iştirakı ilə olsun. Gələnlər, hələlik, avtomobillərində oturub gözləyirlər».