«Binə» yolunu bağlayıb bazara və cənub rayonlarına gedən avtomobillərdən pul yığılır
Bir aydan artıqdır Bakı-Astara magistralında “Binə” və “Sədərək” bazarına getmək üçün nəzərdə tutulan yolların kəsişdiyi yerdə yollardan biri bağlanıb. Bu barədə “Bakı Xəbər” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, bağlanan yola tikinti materialları tökülüb. Lakin iş getmir. Ərazidə olan fəhlələr yalnız iş getdiyi görüntüsü yaratmaqla məşğuldurlar. “Azəryolservis” ASC-nin tərkibində olan MMC-lərdən birinin rəhbəri kimi özünü təqdim edən şəxs qəzetin əməkdaşına məsələ ilə bağlı bunları deyib: “Niyə bağlanmasını məndən soruşmayın. Mən bu yolun təmiri ilə məşğulam. Bizi bura göndəriblər ki, gəlmişik. Yol elə də pis vəziyyətdə deyil.
Bir-iki yerdən maşınlar vurub dəmir konstruksiyaları uçurmuşdu. Ancaq bizə tapşırıblar ki, buradan düz “Binə”nin girişinə kimi yolu təmir edək. Bu da bir neçə kilometrdir. Yəqin ki, təmir işləri bir neçə ay çəkəcək”.
Hazırda təmirə bağlanan bu yol 2010-cu ildə istifadəyə verilib. Ilham Əliyev də açılışda iştirak edib. O zaman nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi baxımından bu yolun xüsusi əhəmiyyəti var. Birinci dərəcəli olan əsas yolun uzunluğu 21,5 kilometrdir. Iki istiqamətli yerli yolun uzunluğu isə 4,8 kilometrdir. Dairəvi yol hər iki istiqamətdə 3 hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
Bəs yeni təhvil verilmiş və milyonlarla xərc çəkilmiş yol hansı zərurətdən təmirə dayanıb? Nə Nəqliyyat Nazirliyi, nə də “Azəryolservis” bu məsələyə aydınlıq gətirib.
Maraqlısı isə budur ki, bu yolkəsmə əməliyyatından bəzi işbazlar milyonlarla pul qazanır. Bu qazanc heç də yolun tikintisinə ayrılan vəsaitlərin mənimsənilməsindən ibarət deyil. “Bakı-Xəbər” yazır ki, yolkəsmə əməliyyatı mexanizmi elə-belə qurulmayıb və magistralın təmirinin də bu səbəbdən ləngidilməsi istisna deyil. Taksi fəaliyyəti ilə ailəsinə çörək pulu qazanan Mahir adlı sürücü bu prosesi çox əsəbi şəkildə izah edib: “Qardaş, ”Sədərək” bazarına girmək üçün 50 qəpik pul ödəyib girməlisən. Bu əvvəldən belə olub. Ancaq “Binə”nin yolu ayrı idi. Həmin bazara girmək üçün isə pul ödəmək tələb olunmurdu. Indi “Binə”yə gedən alıcılar və satıcılar 50 qəpik ödəməlidir ki, istədikləri yerə gedib çatsın. Cənub rayonlarına gedən vətəndaşlar da 50 qəpik ödəmək məcburiyyətində qalıb”.