Üzeyir Məmmədli: “Biz ölkənin sərvətlərinin bir qrup tərəfindən talan edilməsi, total özbaşınalıq, korrupsiyaya qarşı mübarizə aparmaq, demokratik dövlət yaratmaq istəyirik”
Zaur Qurbanlı məhkəmədə əlləri qandallı vəziyyətdə ifadə verdi
Aprelin 3-də Bakı Ağir Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatı üzvlərinin növbəti məhkəmə iclası keçirildi. Məhkəmə prosesinin əvvəlində təqsirləndirilənlərdən Zaur Qurbanlı ötən iclasdan sonra Bakı İstintaq Təcridxanasından aparılarkən “Nida”çıların olduğu maşına Penitensiar Xidmət əməkdaşlarının onların olduğu maşına bibər qazı sıxmasından danışdı:
NİDA-çıların olduğu maşınına bibər qazı sıxılmasının təfərrüatı
“Biz aparılan maşında kondisioner qoşulmamışdı, ventilyasiya sistemi işləmirdi. Maşın təcridxananın qarşısında təxminən yarım saat dayandı. İçəridə nəfəs almaq mümkün deyildi. İlkində ürək xəstəliyi, məndə astma tutması var. Konvoya müraciət elədik ki, pəncərələri, qapını açsın. Gəlib maşının içinə baxıb getdi. Bir az keçdi, gördük ki, ümumiyyətlə, dayana bilmirik. Yenə də gəldi, indi burda deyə bilməyəəcyim formada bizi təhqir eləyib çıxıb getdi. Biz maşının divarlarını döyəcləməyə başladıq. Bu dəfə qayıdıb əlindəki spreylə təxminən 4 dəqiqə maşının içinə bibər qazı sıxdı. İlk 10-15 saniyədə qətiyyən nəfəs ala bilmirdik. İlkinin ürəyi tutdu, huşunu itirdi. Ümumiyyətlə, hamımızın vəziyyətimiz pisləşdi. Təxminən 5 dəqiqə də saxlanılandan sonra maşını təcridxanaya saldılar. Təcridxanada bu hüquq pozuntusunun araşdırılması, günahkarın cəzalandırılmasını tələb etdik. Guya məsələni pentensiar xidmət səviyyəsində araşdırmağa başladılar. Belə qələmə verdilər ki, guya biz qaçmağa, maşını aşırmağa cəhd göstərmişik. Bu səbəbdən bibər qazı sıxılıb. Amma biz izahatımızda yazdıq ki, qətiyyən belə bir hal olmayıb və bu addım qanunsuzdur. Prosesin gedişatı göstərir ki, onlar məsələni ədalətli şəkildə araşdırıb həll etməyəcəklər. Biz hazırda məhkəmə istintaqı altında olduğumuzdan bu məsələni də diqqətinizə çatdırmağı vacib bildik. Orada Penitensiar Xidmətin içində dustaqlar olan başqa maşını var idi, təcridxananın qarşısında yarım saat saxlanmışdı. O maşındakılar da etiraz edirdilər, divarları döyəcləyirdilər. Amma bibər qazı məhz bizim, siyasi məhbusların olduğu maşına sıxıldı”.
Hakimin bu arayışa reaksiyası qısa və konkret oldu: “Təhqiqat orqanı araşdırma aparıb müvafiq qərar qəbul edəcək”.
Vəkil Əsabəli Mustafayev Pentensiar Xidmətin obyektiv araşdırma aparacağına inanmadıqlarını vurğulayaraq məhkəmənin öz təşəbbüsü ilə olayın araşdırılması üçün Sabunçu rayon Prokurorluğuna müraciət etməsi barədə vəsatət verdi: “Bu pis rəftar hadisəsidir. Bu addımı işgəncə həddinə çatıb çatmaması məsələsi araşdırılmalıdır. Haızrda təhqiqatı Pentensiar Xidmət aparır. Və bu orqanın öz əməkdaşlarının əməli iləbağlı obyektiv araşdırma aparacağı şübhə doğurur. Məhkəmədən xahiş edirik ki, pis rəftarla bağlı araşdırma aparılması üçün Sabunçu Rayon Prokurorluğuna müraciət edilsin”.
Lakin məhkəmə vəsatəti müzakirəyə çıxarmaqdan imtina etdi.
“Mən cinayət törətməmişəm ki, özümü müdafiə edim”
Bundan sonra Üzeyir Məmmədli ifadə verdi. Üzeyir bəyan etdi ki, ittiham üzrə özünü qətiyyən təqsirli bilmir: “Əksinə, bütün bunları özümə və dostlarıma qarşı cinayət hesab edirəm. Bu cinayət işi “NİDA”ya qarşı siyasi sifarişin nəticəsidir”. Ü.Məmmədli daha sonra təşkilatın yaranması və məqsədlərindən danışdı: “”NİDA” 2011-ci il fevralın 4-də yaranıb. Biz ölkənin sərvətlərinin bir qrup tərəfindən talan edilməsi, total özbaşınalıq, korrupsiyaya qarşı mübarizə aparmaq, demokratik dövlət yaratmaq istəyirik. Biz hakimiyyət uğrunda mübarizə aparmamışıq. Əsas olan hüquqi-demokratik dövlətin formalaşmasıdır. Nizamnaməmizdən kənar fəaliyyət göstərməmişik. Mitinqlər, debatlar, hüququ pozulan vətəndaşlarla, tələbələrlə görüşlər və sair yollarla məqsədimizi həyata keçirməyə çalışmışıq. “NİDA”ya heç bir kənar qüvvənin maliyyəsi, təsiri olmayıb. Bir layihə olub, onun da hesabatı verilib. Biz təkcə hakimiyyəti yox, cəmiyyəti də dəyişmək istəyirdik. Ölkədə modern, inkişaf etmiş cəmiyyətin yaranması üçün çalışırdıq. “NİDA”nı mütəşəkkil dəstə kimi təqdim etmək gülməlidir. MTN-də Məmməddən alınan ifadədə mənim adım çəkilir. Cinayət Prosessual Məcəlləsinə görə, bu ifadə sübut kimi qəbul oluna bilməz. Çünki işgəncə altında alınıb. İş materiallarında yazılıb ki, guya biz fevralın 28-də “Venesiya” kafesində toplaşıb, 10 martaksiyası barədə qərar vermişik, iğtişaşlar hazırlamışıq. Əgər 10 mart aksiyasının keçirilməsinə səbəb olan əsgər Seymur Allahverdiyev ayın 28-də, günortadan sonra dünyasını dəyişibsə və bu barədə məlumat martın 1-də yayılıbsa, 28-də bu məsələ ilə bağlı necə qərar verə bilərdik? 28-də mən əvvəlcə Müsavat partiyasının qərargahında kitab satışı kampaniyasında olmuşam. Bunu təsdiq edən şəkillər və adamlar da var. Axşam da AFU-da Elmir Mirzoyevin mühazirəsində iştirak etmişəm. Bəxtiyarla Məmmədin tutulmasının səbəbləri bəlli idi – “Facebook”dakı Heydər Əliyev adına səhifə. Çünki o səhifədə yetərincə tənqidlər, prezidentdən tutmuş məmurlara qədər karikaturalar var idi. Ona görə Şahinin tutulduğunu eşidəndə əvvəlcə fikirləşdik ki, bizə görə olmaz, təşkilata yeni gəlmişdi. Amma sonradan bildik ki, istintaq necə fantaziyalar qurub. Bu cinayət işi həm də AFU-ya qarşı yönəlmişdi. İstintaqda eyni zamanda ABŞ-ın Milli Demokratiya İnstitutunun fəaliyyəti hərtərəfli araşdırılıb. Amma Şahingilin evindən çıxan 94 min manatı əlaqələndirmək üçün heç nə tapa bilməyiblər. Axı istintaq belə qələmə verir ki, guya o pul Milli Demokratiya İnstitutundan “OL” Hərəkatı vasitəsilə “NİDA”ya verilib. Amma institutun fəaliyyətində bu pulla bağlı bir cümlə də tapa bilmədiyindən müstəntiq heç bir əlaqələndirmə, sübut olmadan yenə də ittihama yazıb. Bəxtiyarla Şahin arasında Molotov haqqında facebook yazışmalarına istinad edirlər. Əgər elədirsə, elə bu Molotovu hazırlayanlar kimi Bəxtiyarı və Şahini təqdim edəydilər də. Özləri də bilirlər ki, bu, qeyri-ciddi söhbətdir. Ona görə yazıblar ki, guya Rəşad hazırlatdırıb, hansısa 06 markalı maşındakı naməlum adam vasitəsilə Bəxtiyargilə göndərib. Uyduranda da bir az keyfiyyətli uydurmaq lazımdır. Şahin təzyiq altında verdiyi ifadəsində deyib ki, tüstü şaşkaları hazırlamışıq. Bəs hanı o tüstü şaşkaları? Biz dinc mübarizə aparırıq və bu barədə mesaj veririk. Buna görə də əgər üzvlərimizin Molotov hazırladığını bilsəydik, dərhal təşkilatdan uzaqlaşdırardıq. Ortada cinayət olmadığı, bu işin sifariş olduğu aydındır. Mitinqdə iştirak etməklə biz Səfər Əbiyevin vəzifədən azad olunmasını, orduda islahatlar aparılmasını tələb edirdik. Seçkidən sonra da olsa müdafiə naziri dəyişdi. Ən azı indi şəhid olanlar daha hörmətlə dəfn olunur. Hərçənd orduda vəziyyət düzəlməyib. Çünki bu, bütövlükdə sistem məsələsidir. Sistem dəyişməyincə ayrı-ayrı sahələr düzələ bilməz. Bizə 10-15 il versəniz də, fərqi olmayacaq. Hətta bir neçəmizi öldürə də bilərsiz. Amma bütün bunlar bizi dinc mübarizəmizdən çəkindirməyəcək. Bunu özünümüdafiə kimi qəbul etməyin. Mən cinayət törətməmişəm ki, özümü müdafiə edim”.
“Ortada cinayət yoxdur, tamaşa var…”
Zaur Qurbanlı ifadə başlamazdan əvvəl dəmir barmaqlıqlar arxasından çıxarılıb tribunada dindirilməsini istədi: “Ən azı status baxımından ittiham tərəfi ilə eyni olduğum üçün tribunada dindirilməyi xahiş edirəm. Razıyam, əlləri qandallı olum, amma tribunada danışım”.
Z.Qurbanlı dəmir qəfəsdən çıxarılsa da, əllərindəki qandal sonadək açılmadı və bu şəkildə ifadə verdi: “Mən hüquqşünasam, BDU-nun hüquq fakültəsini bitirmişəm. Ona görə də ittihamı analiz etmək istəyirəm. Mən bir ildir ki, 18 cildlik iş materiallarında özümə aid cinayət əməli axtarıram, amma bir cümlə də yoxdur. İttiham tərəfi özü də bilir ki, mən cinayət törətməmişəm. Digərlərinə qarşı işgəncə ilə hansısa ifadələr alınsa da, mən, Üzeyir və Rəşadətlə bağlı heç böhtan xarakterli ifadələr də yoxdur. Bunu müstəntiqlərə də dedim, müstəntiqlərdən Mehdi dedi ki, buna nə ehtiyac var ki, onsuz da içəridəsiniz. Yəni, demək istəyirəm ki, digərlərinə qarşı böhtan da olsa nəsə yazıblar. Bizə qarşı heç bu da yoxdur. Mən çıxışımı burada dayandıra bilərdim. Cinayət Prosessual Məcəllənin 21.3 maddəsinə görə, mən təqsirsizliyimi sübut etməyə məcbur deyiləm. Əksinə, təqsirliliyimi sübut etmək ittiham tərəfinin borcudur. Amma bu, müstəqil, ədalətli məhkəmənin mövcud olduğu hallara aid məsələdir. Ona görə də məcburam ki, təqsirsizliyimi sübut etməyə çalışım”.
Z.Qurbanlı dedi ki, “NİDA”nın İdarə Heyətinin 75 faizi həbsdədir. Buna baxmayaraq, təşkilat prinsiplərini dəyişməyəcək: “Bizim prinsiplərimiz tolerantlıq, mübarizlik, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müqəddəsliyidir. Məqsədimiz Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulmasıdır. İstifadə etdiyimiz üsul və vasitələr isə ilk növbədə dinə və hüquqa zidd olmamasıdır”.
Z.Qurbanlı bildirdi ki, təşkilat yaranarkən İdarə Heyətinin üzvü seçilsə də, 2012-ci ilin sentyabrında siyasi sifarişlə 15 sutka həbs olunduğu üçün işini itirib. İşə bərpa ilə bağlı məhkəmələr, yeni iş axtarışı, ailəsinin maddi vəziyyətinin pisləşməsi üzündən təşkilatdakı fəaliyyəti ləngiyib, buna görə də Idarə Heyəti üzvlüyündən istefa verib. Amma sıravi üzv kimi təşkilatda qalıb: “”NİDA”nın faəliyyətində mən İdarə Heyətinin üzvü olduğum vaxt da, ondan sonra da qanuna zidd hal olmayıb. Buna başımla cavabdehəm. İttihamda mütəşəkkil dəstə ifadəsi var. Bilinmir ki, həbs olunan 8 nəfəri nəzərdə tuturlar, yoxsa bütövlükdə “NİDA”nı. İş materiallarında işgəncə ilə alınmış ifadələrdən birində 9 nəfərin otutub iştişaşları müzakirə etməsindən bəhs olunur. O adamların bir hissəsi həbs olunub, bir hissəsi günü bu gün də azadlıqdadır. Belə çıxır ki, ittiham tərəfi özü də həmin ifadəni qeyri-ciddi qəbul edir. Ciddi qəbul eləsəydi, indi o adamların hamısı həbsdə olardı. İttiham aktında yazılıb ki, biz kütləvi iğtişaşlar təşkil etmişik. Amma bizə verilən ittiham kütləvi iğtişaşların təşkilinə hazırlıqdır. Bunun özü ziddiyyətdir. Kütləvi iğtişaş 2 ya 22 butulka ilə əmələ gələn şey deyil. Əgər Rəşad Həsənov dəstənin başçısı idisə, Məmməd, Şahin və Bəxtiyarın həbsindən sonra da kütləbi iğtişaşlara hazırlığı davam etdirməli idi. MTN-in ştatdankənar əməkdaşı Anar Abbasov deyir ki, guya biz “Venesiya” kafesində toplaşıb nəyisə müzakirə etmişik. Əvvəla mən İdarə Heyətinin üzvlüyündən çıxandan sonra İdarə Heyətinin heç bir toplantısında iştirak edə bilməzdim. Təvazökarlıqdan uzaq olsa da, mənim “NİDA”da nüfuzum vardı, amma bununla belə həmin toplantılarda iştirak edə bilməzdim. Mən buraxılmırdımsa, Anar Abbasov kimisinin buraxılması ümumiyyətlə, mümkün deyildi. Bu adam ümumiyyətlə, Venesiya kafesini tanımır. Hovuz boyda olan kafeni hovuz olduğunu iddia edir. Konkret ittihamda yazılan 28 fevral tarixinə gəlincə, mən həmin gün səhərdən axşam saat 18.00-ə qədər Müsavat Partiyası qərargahında Azad Yazarlar Ocağının təşkil etdiyi kitab satışı kampaniyasında satıcı kimi iştirak etmişəm. Ordan da çıxıb AFU-da Elmir Mirzoyevin mühazirəsinə gəlmişəm. Demək istəyirəm ki, fevralın 28-də nəinki “Venesiya” kafesində, heç bu kafenin bir kilometr raidusunda da olmamışam. İş materiallarında yazılanların hamısı nağıldır. Ümumiyyətlə, heç bir cinayət hadisəsi yoxdur və olmayıb da. Məhkəmə də, prokurorluq da bunu yaxşı bilir. Ortada sadəcə tamaşa var və təəssüf ki, bu tamaşa davam edir. İstərdim ki, gerçək məhkəmə olsun. Avstriyanın OeBS şirkəti bildiriblər ki, iki ekzotik ölkə axtarırdıq ki, ordan pulu çıxaraq. Bunlardan biri Azərbaycan olub. İstəyirəm ki, ölkəmin adı belə ekzotik mənada hallanmasın. Mənə qarşı böhtan da olsa, nəsə ortaya qoysunlar ki, məsuliyyət tamamən məhkəmənin üzərində qalmasın. İstənilən ölkədə ədaləti bərqərar edəcək yeganə yer məhkəmədir. Məhkəmə adına nəsə olsun”.