“Dedilər özün seç – ya butulka, ya da…”; Gəncləri məhkəmədən Kürdəxanıya apararkən “katalaşkaya” bibər qazı buraxıldı
Müstəntiqlər NİDA-nı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələndirmək istəyiblər
Rəşad Həsənov: «Heç kim iddia eləməsin ki, bizdə siyasi məhbus yoxdur, mən siyasi məhbus deyiləmsə, bəs nəyəm?»
“NİDA” Vətəndaş Hərəkatının 8 üzvü – Rəşad Həsənov, Rəşadət Axundov, Şahin Novruzlu, Məmməd Əzizov, Ilkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli və Rəşadət Axundovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki məhkəmə iclası tükürpədici işgəncə faktlarının açıqlanmasıyla yadda qaldı.
Dünənki iclasda Məmməd Əzizov və Rəşad Həsənov ifadə verdi. Amma bundan əvvəl vəkil Nemət Kərimli iki vəsatət qaldırdı. Bunlardan biri təqsirləndirilən Şahin Novruzlunun MTN-də məruz qaldığı işgəncə nəticəsində dişlərinin tökülməsilə əlaqədar tibbi ekspertizanın keçirilməsilə bağlı idi. Ikinci vəsatət isə Şahin Novruzlu ilə digər 7 NİDA-çı arasında telefon əlaqəsinin olub-olmadığının araşdırılması üçün mobil operatorlardan arayış alınmasıyla bağlı idi. Məhkəmə yalnız tibbi ekspertiza ilə bağlı vəsatəti təmin etdi.
“Heydər Əliyev səhifəsinə görə həbs olunacağımızı bilirdik”
Daha sonra Məmməd Əzizov ifadə verərək, NİDA-ya qoşulmasından tutmuş, Milli Təhlükəsizlik Nazirliyində (MTN) məruz qaldığı işgəncələrə qədər bir çox məsələlərdən danışdı: “NİDA-ya 2012-ci ilin iyununda qoşulmuşam. Həmin vaxt Fəlsəfə Klubu yeni yaradılmışdı və mən də həmin seminarlarda iştirak edirdim. Avqust-sentyabr ayına qədər davam elədi. Bunu deməkdə məqsədim odur ki, guya, 2013-cü ilun fevralında Axundov bağında üzümüzdə maska ilə seminar keçirdiyimiz barədə yazılanlar müstəntiqlərin fantaziyasıdır. Ümumi olaraq bir durğunluq var idi. Ona görə də kompüterdə ”Təcili demokratiya tələb olunur; Tel: +994; Ünvan: Azərbaycan” yazıb, printerdə 30-40 ədəd çıxartdım. Bir hissəsini şəhərdə, universitetdə yapışdırdım, evdə qalınını da MTN axtarışda götürdü.
Bir dəfə Bəxtiyarla “Beşmərtəbə” tərəfdə, Xarici İşlər Nazirliyinin yaxınlığında gedəndə mağazaya qalxan pilləkənin altındakı divara “Bura pilləkənin altıdır – Heydər Əliyev” yazdıq. Heydər Əliyevin “Mən istəyirəm, xalqım çay içsin”, İlham Əliyevin “Mən istəyirəm Füzulidə olum” kimi plakatlarını çox görmüşdük, onlarla müqayisədə bizim yazdığımız daha ciddi görünərdi. Ertəsi gün axşam, 2012-ci il noyabrın 4-də “facebook”da Bəxtiyarla “Heydər Əliyev adına səhifə” yaratdıq. Fikirləşdik ki, küçələr, prospektlər, heykəllər, stadionlar, parklar və s. hamısı Heydər Əliyevin adınadır, başqa adla səhifə açmaq vətənə xəyanət olardı. Bu addımı atmaqda məqsədimiz həm də insanlarda xofu dağıtmaq idi. Adamlar çox hallarda, hətta vəzifəli şəxslərin adını çəkməyə qorxurlar, bu barədə pıçıltı ilə danışırlar. Biz bu xofu dağıtmaq üçün mümkün olan bütün addımları atırdıq. Hesab edirəm ki, məqsədimizə də çatdıq. Səhifə çox uğurlu oldu. Səhifə açılan gündən təhdid mesajları gəlirdi. Yanvarın ortalarından təhdidlər daha da intensivləşdi. Artıq “başın bədəninə ağırlıq edir” kimi yox, “səhifəni 24 saat ərzində bağlamasanız, MTN tərəfindən müdaxilə olunacaq və həbs olunacaqsız” tipli təhdidlərə keçildi. Fevraldan isə birbaşa telefonumuza təhdid zəngləri gəlirdi. Gördüyümüz işin fərqində idik. Bunun müqabilində alacağımız hədiyyənin MTN-nin “podvalı” olacağını bilirdik. Amma çox da vecimizə deyildi.
Guya, fevralın 28-də Venesiya kafesində yığışıb Molotov atmaq barədə müzakirələrə gəlincə, fevralın 27-də bir neçə dostumla Sumqayıtda 1972-ci ildə asılan türk inqilabçısı Deniz Gezmişin ad gününü qeyd etmişik. Həmin gün səhərə qədər içdik, ona görə gecəni orada qaldım. Səhər duranda başım ağrıyırdı. Bu səbəbdən Bakıya ayın 28-də, axşam 7-8-də çatdım, birbaşa evə getdim, həmin gün heç kimlə görüşməmişəm.
“MTN-dəki işgəncələrdən sol qulağım iki ay eşitmədi”
Həbsimə gəlincə, 2013-cü il martın 7-də, axşam 9-10 arası Fəvvarələr meydanında məni faktiki oğurladılar. 10-12 nəfər məni sürüyə-sürüyə, döyə-döyə aparıb maşına basdı. Bütün bunlar polisin gözü qarşısında baş verdi, amma polis üzünü çevirib telefonla danışmağında davam elədi. Evdə bildim ki, bunlar MTN əməkdaşlarıdır. Axtarışa mətbəxdən başladılar. O biri otaqdan “Təcili demokratiya tələb olunur” vərəqələrini, kitablar, disklər götürdülər. Evə təxminən 10 nəfər girmişdilər, bir hissəsi otağa girib axtarış aparanda qalanları digər otaqlarda gəzişirdilər. Axırda giriş qapısının yanında balaca şkafın siyirməsindən guya, iki neylon paketin içində qurudulmuş ot tapıldı. Mən götürüb iylədim, dedim, bu raziyanadır, nədir? “Gedərik, baxarıq” deyib götürdülər. Məni MTN-ə apardılar. Izahatda da yazdım ki, narkotik mənim deyil. Onu ora MTN işçiləri qoyublar. MTN-də məni dəhlizdə saxlayanda Bəxtiyarı keçirirdilər. Bir nəfər soruşdu ki, bu çaqqalı tanıyırsan? Dedim ki, hə. Gecə kimisə döyürdülər, dəhşətli səslər gəlirdi. Elə bildim ki, Bəxtiyardır, dəhşətə gəldim. Ertəsi gün müstəntiqin yanına apardılar. Bir neçə nəfər növbəyə düzülmüşdülər. Guya, ağıl verirdilər. Biri deyirdi ki, niyə NİDA-ya qoşulmusan? Biri deyirdi ki, niyə müxalifətçisən, sizi aldadırlar, sizə nə qədər pul verirlər? Beyinləri budur da. Bəxtiyarı o vəziyyətdə görmüşdüm, gecə işgəncə səsləri də psixoloji durumumu məhv eləmişdi. Hər dəfə izolyatordan çıxarıb harasa aparanda bir-birinə deyirdilər ki, bunu “podvala” aparırıq? Təxminən 30 saniyədən sonra o biri cavab verirdi ki, yox, bu, yaxşı oğlandır, elə eləməz ki, aparaq. Psixoloji və fiziki təzyiq nəticəsində tamamilə çökmüşdüm. 10 nəfərə yaxın adam düzüldüyü bir vaxtda kağız verdilər ki, imzala. Nə olduğunu bilmədən imzaladım. Ertəsi gün – martın 9-da məhkəmədə həbs qərarı veriləndən sonra MTN-də yenə bir kağız verdilər ki, kamera qarşısında bunu oxuyacaqsan. Çəkiliş vaxtı müstəntiq əlində kağızı tutmuşdu, oradan oxuyurdum. Videoda da bu hiss olunur.
Martın 10-11-də oxumağa nəsə istədim, hökumətyönlü bir qəzet verdilər. O qəzetdə bir neçə hakimiyyətyönlü gəncin bizim barəmizdə dediklərini oxudum və şokdan ayıldım, özüm-özümə dedim ki, sən nə edirsən. Fikirləşdim ki, bayırda adam yerinə qoymadıqlarım gör mənim haqqımda nələr deyir. Qərara gəldim ki, mənə nə etsələr də, istədikləri ifadəni ala bilməyəcəklər. Martın 14-də gəlib dedilər ki, Rəşad Həsənovu həbs edəcəyik, burada yazılanları onunla üzləşmədə deməlisən. Dedim ki, mən Rəşadın üzünə durmayacam. Rəşadla üzləşmədə də dedim ki, ifadədən imtina edirəm. Müstəntiq özünü itirdi, çıxıb kiminləsə telefonla danışdı. Azər adlı bir nəfər məni bir otağa apardı, döyməyə başladı. Telefonla kiməsə zəng vurub, “butulka gətir” dedi. Qapını açıb, dubinka verdilər. Sevindim, çünki butulkaya baxanda dubinkaya can qurban. Başıma, bədənimin müxtəlif yerlərinə dubinka ilə vururdu. Təxminən 15-20 dəqiqə belə davam etdi. Sonra kiməsə zəng vurub, onun otağına apardılar. Adı Mamay idi, “rəis” deyə müraciət edirdilər. Mamay yumruq və təpiklə, Azər dubinka ilə iki tərəfdən məni döyməyə başladılar. Bir saata yaxın döydülər. Qayıdıb Rəşadın üzünə durmalı olduğumu dedilər. Dedim ki, eləməyəcəm. Sonra Mamay dedi ki, “seç, ya butulka, ya da səni zorlasınlar”. Dedim, heç biri, bir az istirahət edin, sonra yenə döyün. Dedilər, yox, seçməlisən, belə oynamaq olmaz. O an inqilabçı ruhum cuşa gəldi, dedim ki, mən bu yola girəndə hər şeyi gözə almışam, nə istəyirsiz edin. Mamay dedi ki, elə bilirsən zarafat edirik? Bu dəqiqə bir butulka gətirərlər, onun üstünə otuzdurub, videoya çəkib, AzTV-yə verərik. KVN-dən bir səhnə yadıma düşdü, dedim ki, onsuz da AzTV-yə baxan yoxdur. 10-15 dəqiqə də döydülər, sonra yoruldular. Leşimi gətirib kameraya atdılar. Ayaqlarıma görə bir həftə yeriyə bilmədim. Sol qulağım eşitmirdi. Kürdəxanıya köçürüləndən sonra iki aylıq müalicə nəticəsində qulağım açıldı.
MTN-də məni döyürdülər, axırda da deyirdilər ki, “haqqını halal elə”. Bəxtiyarın və mənim həbsimin birbaşa “facebook”dakı “Heydər Əliyev adına səhifə”dir. O səhifə böyük işlər görüb. Təbii ki, bütün baş verənlər NİDA-ya qarşı repressiyaların tərkib hissəsidir. Məqsəd də NİDA-nın faəliyyətini zəiflətmək, insanların gözünü qorxutmaqdır. Amma plan tərsinə işlədi. Bizim həbsimizdən sonra NİDA-nın sıraları daha da genişlənib”.
“Elə yazıblar, elə bil, Üsəma bin Ladenlə iş birliyimiz olub”
Rəşad Həsənov da ifadəsində həbsinin siyasi sifariş olduğunu bəyan etdi. O bildirdi ki, təqsirləndirilən şəxslərdən Şahini ümumiyyətlə, tanımayıb; Bəxtiyar və Məmmədi tanısa da, onlarla yaxın münasibətləri olmayıb; Zaur və Üzeyirlə NİDA-nın Idarə Heyətinin üzvləri kimi, normal münasibətləri olub; Rəşadətlə isə dost olublar. Rəşad Həsənov onların üzünə duran, ittiham tərəfin şahidi Anar Abbasovdan da danışdı: “Əminəm ki, məhkəmə də, ittiham tərəfi də onun dediklərini ciddi qəbul etmədi. Iddia edir ki, mənim zorakılıqdan danışdığım toplantıda iştirak edib, amma burada məni tanımır. Iş materiallarında yazılanlardan fərqli olaraq, mən nəinki fevralın 28-də, ümumiyyətlə, fevralın ikinci yarısında ”Venesiya” kafesində olmamışam.
Martın 7-də axşam Üzeyir zəng eləyib, Şahin adlı üzvümüzün evinə Molotov atılıb tutulduğunu bildirdi. Şahini tanımırdım, doğrusu, elə bildim ki, evə atıblar Molotovu. Mən Türkiyədə oxumuşam, təhsil aldığım universitet də çaxnaşmalarla məşhur idi. Ona görə ən azı, Molotovun nə olduğunu bilirdim. “Gənclik”də Üzeyirlə görüşdük, məlum oldu ki, evlərinə qoyublar. Şahingilə gedib, atası ilə ötən iclasda danışdığımız söhbəti elədik. Həmin gecə səhərə yaxın “facebook”da bir nəfərin yazdıqlarından öyrəndik ki, Məmmədi də tutublar.
Molotov butılkalarını martın 9-da televiziyada gördüm, hamısı da eyni idi, laboratoriya analizlərinə oxşayırdı. Telekanallardakı süjetdə Bəxtiyarın danışığında bir yerdə səs kəsilir, amma dodaqların tərpənməsindən hiss olunurdu ki, “Rəşad” sözü deyilir. Bildim ki, onlardan əleyhimizə ifadə alırlar. Qabaqlayıcı tədbir kimi təcili brifinq keçirdik və bunu lentə aldıq. Brifinqdə Idarə Heyətinin 7 üzvünün hamısı iştirak edirdi. Bəyan etdik ki, gələcəkdə brifinqdə dediklərimizdən fərqli ifadəmiz ortaya çıxsa, bilin ki, təzyiqlər nəticəsində alınıb. Çünki şərlənərək həbs olunacağımı gözləyirdim, ona görə də martın 14-də həbs olunana qədər dostlarımla sağollaşmışdım.
Mən hər zaman qeyri-zorakı, dinc mübarizənin daha effektli olduğunu bildirmişəm. Yazıblar ki, guya, yaşadığım evdə axtarış zamanı şarlar, kibrit qutusu, benzinli əski tapılıb, özü də mətbəxdəki şkafın üstündən. Məni həbs edib martın 15-də sanksiya üçün məhkəməyə aparanda qaldığım evdə də axtarış aparıblar. Mən o qədər kəmağıl idim ki, Molotov hazırlamaq üçün lazım olan əşyaları uşaqların həbsindən sonra da gətirib qaldığım evdə saxlayım, özü də mətbəxdə? Heç olmasa, məni belə təhqir etməyəydilər, hələ soyuducudan çıxarmadıqlarına şükür edirəm.
Həbsimlə bağlı qərarda yazıblar ki, guya, istintaqdan yayınmışam, martın 10-dan axtarışa verilmişəm. Yalandır, 10-dan sonra xeyli ictimai yerlərdə olmuşam, nə bir çağırış vərəqəsi olub, nə də zəng.
Əsgər ölümlərinə son aksiyasına gəlincə, biz yanvarın 11-də “Ambassador” oteldə əsgər ölümlərilə əlaqədar tədbir keçirmək istəyirdik. Tədbirdən yarım saat əvvəl dedilər ki, icazə vermirik, buranı bağlayarlar. Qapalı məkanlarda müzakirələrə imkan verilmirsə, çıxış yolu küçələrə çıxıb etirazı ifadə etməkdir.
Ittiham aktında yazıblar ki, polisi qorxutmaq istəmişik. Necə? Yaxud, destruktiv qüvvələrlə iş birliyi qurmuşuq. Destruktiv qüvvələr kimdir, deyin, biz də bilək. Ittiham aktını elə yazıblar ki, görən də desin, Üsəma bin Ladenlə iş birliyimiz olub.
Bütün bunlardan görünür ki, həbsim siyasi sifarişdir, bunlar siyasi mübarizəni belə aparır. O zaman daha heç kim iddia eləməsin ki, bizdə siyasi məhbus, vicdan məhbusu yoxdur, bu, xaricdən Azərbaycana təzyiq vasitəsidir və s. Mən siyasi məhbus deyiləmsə, bəs nəyəm? Qulduram?
“15 il həbsə razıyam, yalan danışmağa yox!”
Mən heç kimdən mərhəmət diləmirəm, ədalət tələb edirəm. Cinayət törətmişəmsə, hətta bu barədə düşünmüşəmsə və bunu sübut edən bircə fakt – səs yazısı, görüntü varsa, ortaya qoysunlar, istənilən cəzanı çəkməyə hazıram. Mənim üçün ədalət hər şeydən üstündür. Mən əxlaqıma görə yalan danışmaram. 15 il həbsə razıyam, amma yalan danışmağa yox!”
Rəşad Həsənovun sərbəst ifadəsindən sonra Ilkin Rüstəmzadə onunla bağlı maraqlı bir məqamı açıqladı. Bildirdi ki, ona istintaqda müstəntiqlər Rəşad Həsənovun əleyhinə ifadə verməyi təklif edib. Ilkinin sözlərinə görə, müstəntiqlər Rəşadın 2009-cu ilin yayında Nyu-Yorkda olarkən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə görüşdüyünü iddia edib. Müstəntiqlər bildirib ki, belə bir görüş 2012-ci ilin dekabrında Bakıda da Rəşad Həsənovla Mərkəzi Kəşfiyyat İdarəsinin üç polkovniki arasında olub.
Rəşad Həsənov isə bu haqda deyilənlərin yalan olduğunu bəyan etdi.
Məhkəmə prosesi sabah davam edəcək.
Aytən Məmmədova
***
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü prosesdən sonra NİDA-çılar Kürdəxanıdakı istintaq təcridxanasına aparılarkən yolda Zaur Qurbanlının vəziyyəti pisləşib. Bu barədə “Azadlıq” radiosuna Zaur Qurbanlının anası Səkinə Qurbanlı məlumat verib.
“Uşaqlar məhkəmədən sonra Kürdəxanıya aparılanda maşındakı isti və havasızlıqdan Zaur Qurbanlının astmatik tutması olub, havası çatmayıb. 7 nəfərik maşında 10 nəfər olub, üstəlik maşın təcridxananın həyətində yarım saata yaxın dayanıb. Məhbuslar qapını döyüb, aparıldıqları maşının pəncərəsinin, qapısının açılmasını tələb ediblər ki, içəri bir az hava gəlsin. Nəzarətçilər məhəl qoymayıblar, uşaqlar qapını döyəcləməkdə davam ediblər. Nəzarətçilərdən biri maşının içinə bibər qazı buraxıb, bunun nəticəsində Zaurun vəziyyəti daha da ağırlaşıb, İlkin Rüstəmzadənin gözləri zədələnib, ümumiyyətlə bu bütün uşaqlara pis təsir edib”.
Səkinə Qurbanlının dediyinə görə, həkim yardımından sonra Zaurun vəziyyəti bir qədər yaxşılaşıb.
“Zaur zəng eləmişdi, güclə danışırdı, dedi şikayət ediblər, rəis müavini maşına bibər qazı vuran əməkdaşın cəzalandırılacağını bildirib. Biz valideynlər çox narahatdıq, niyə bizim övladlarımıza belə zülm edirlər”.
Həlilik məsələyə penitesiar xidmətdən və istintaq təcridxanasından hər hansı münasibət öyrənmək mümkün olmayıb.