Əli Kərimli: “Yalnız saxtakarlar bu sənədə qarşı çıxa bilər”
İctimai Palatanın bugünkü dinləməsi seçki islahatlarına həsr edilmişdi. İP Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunun moderatorluğu ilə keçirilən tədbirə ölkədəki bir sıra ictimai-siyasi xadimlər, hüquqçular, seçki ekspertləri dəvət edilmişdi.
İlk çıxışçı İP KŞ-nın üzvü Vidadi Mirkamal bir qrup hüquqçunun hazırlayaraq ictimiayyətə təqdim etdiyi “Seçki memorandumu”nun yaranma zərurəti haqda məlumat verdi. O dedi ki, bu sənəd demokratik seçki mühitinin yaranması üçün ortaya çıxıb. V.Mirkamalın sözlərinə görə, bugünədək alınan ilkin rəylər göstərir ki, cəmiyyət sənədi normal qəbul edib. “Bu rəylər göstərir ki, memorandum ətrafında demokratik hərəkatı, pərakəndə müxalifəti konsildasiya etmək olar”-deyə o bildirdi.
Ekspert sözü: “Qanun o qədər bərbaddır ki…”
Daha sonra seçki eksperti Hafiz Həsənovun məruzəsi dinlənildi. Natiq birmənalı olaraq bildirdi ki, hazırkı Seçki Məcəlləsi bərbaddır, onunla azad, ədalətli seçki mümkün deyil. Hafiz Həsənov “Əgər siyasi iradə olarsa ən pis sənədlə normal seçki keçirmək olar” fikiri ilə polemikaya girib dedi ki, siyasi iradəsi olan hakimiyyət elə birinci növbədə normal qanunvericilik islahatına gedər. Daha sonra ekspert memorandumun ayrı-ayrı istiqamətləri ilə bağlı şərhlərini verdi.
Qulaqardı siyasəti
Keçmiş MSK üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı da sənədi təqdir etdi. O dedi ki, islahat adı altında müxtəlif vaxtlarda seçki Məcəlləsinə edilən dəyişikliklər qanunu eybəcər mürtəce hala salınıb. Gülağa Aslanlının sözlərinə görə ATƏT, Avropa Paralament qanunvericiliyin təkminləşdirilməsi üçün verdiyi 24 vacib təklifi hökumət hələ də qulaqardına vurur bundan isə dövlət və cəmiyyət olraq Azərbaycan itirir. G.Aslanlı dedi ki, Gürcüstanda bu yaxınlarda keçirilən demokratik seçkiləri izləyərkən bu ölkənin Seçki Məcəlləsi ilə yaxından tanış olub: “Gördüm ki, bizim hazırladığımız Seçki İslahatları Memorandumda nəzərdə tutulan dəyişikliklərin 90 faizi Gürcüstanın seçki Məcəlləsində var. Məhz indiki Seçki Məcəlləsinin və siyasi iradənin hesabına Cənubi Qafqazda hakimiyyətin seçki yolu ötürülməsi mexanizmini nümunə olaraq ortaya qoydu”.
Hökumət sifətindəki maskanı götürüb deməlidir ki, saxtakardır
İP KŞ-nin üzvü, AXCP sədri Əli Kərimli də memorandum ətrafında ətraflı çıxış etdi. O bildirdi ki, memorandumda prioritetlər elə seçilib ki, onların birinin belə qəbulu hökumətin seçkiləri tam nəzarətində saxlamaq imkanını əlindən çıxaracaq: “Açığı mən təsəvvür eləmirəm ki, seçkinin demokratik keçirilməsini istəyən hər hansı ictimai-siyasi qüvvə ona qarşı çıxa bilər. Yalnız saxtakarlar buna qarşı çıxa bilər.
İndi bizim əlimizdə unikal sənəd var ki, onun ətrafında ən müxtəlif siyasi qüvvələrin geniş konsensusunu əldə edək. Mən sənədin müəlliflərinə təşəkkür edərək, təklif edirəm: ayrı-ayrı siyasi qüvvələrin memorandumla bağlı müzakirələrindən sonra, məlum olsa ki, vətəndaş cəmiyyətinin, ictimai-siyasi qüvvələrin əksəri ona dəstək verir, sənədin hamılıqla qəbul olunmasının təqdimatı keçirilsin.
Vətəndaş cəmiyyəti nümayəndələri, bu prosesdə iştirak edən ayrı-ayrı ziyalılar, siyasi qüvvələr seçki xartiyası kimi bu sənədin altına imza qoysunlar. Cəmiyyət də görsün ki, artıq bir birinə münasibətinindən asılı olmayaraq, hökumətdən başqa, hamı azad seçki istəyir, seçki islahatı olmalıdır deyir. Hökumət də məcbur olub cəmiyyətin önündə maskasını çıxarıb etiraf etsin ki, islahatlara qarşıdır, çünki seçkini saxtalaşdırmaq istəyir.
Həllinə çox yaxın olduğumuz vəzifəni yerinə yetirə bilsək…
Seçkilərə xeyli qalmış biz seçki islahatları ilə bağlı daxili diskusiyalardan, əvvəlki illərdəki kimi təşəbbüs yarışlarından xilas olacağıq, buna enerji xərcləməyəcəyik.
Seçkilərə təxminən 10 ay qalmış Azərbaycan cəmiyyəti bu layihənin reallaşmasına fokuslaşacaq. Axı bzim məqsədimiz təkcə bu sənəd ətrafında konsensus yaratmaq deyil, ən vacibi o sənəddə göstərilənlərin reallaşadırılmasıdır.
Layihənin reallaşdırılması üçün də çox vaxtımız qalmayıb. Beynəlxalq praktikaya görə normalda seçki qanunvericiliyinə bütün dəyişikliklər seçkiyə təqribən 6 ay qalmış tamamlanmalıdır. Bu o deməkdir ki, biz bu sənədi seçkiyə 10 ay qalmış ümumi konsensusla qəbul etsək, sonra 3- 4 ay vaxtımz olacaq ki, onun qəbul olunması üçün mütəşəkkil kampaniya aparaq. İctimai rəy bu sənədi dəstəkləmək üçün səfərbər olunmalıdır.
Azərbaycanla seçki məsələləri üzrə əməkdaşlıq edən beynəlxalq təşklatlarla birgə işləməliyik. Hamı bu məsələdə eyni sözü deməldir. Azərbaycan hakimiyyəti elə bir təbiətdədir ki, təzyiq olmasa heç bir seçki islahatı getməyəcək. Təzyiqi artırmaq barədə ciddi şəkildə düşünməliyik. Bunların hamısı bir yerdə bziim hamımızın seçki islahatı üçün edə biləcəyimiz işlərdir.
Funksional əməkdaşlığın astanasında
Biz bu işləri görəndə daha bir pozitiv məqam çıxır ortaya. Nədir bu?
Demokratiyaya keçid demokratik qüvvələrinin bütün resuslarını, səylərini birləşdirməsini, bir yerə istiqamətlənməsini tələb edir. Müxtəlif səbələrdən ölkənin bütün ictimai- siyasi qüvvələri hələ də eyni istiqamətli fəaliyyət göstərə, vahid bir təşkialtda birləşə bilmir. Amma bu bizə pozitiv president yaradacaq. Bu ondan ibarətdir ki, hətta vahid siyasi təşkilatda birləşməyən, amma demokratiya, dəyişilik tərəfdar olan qüvvələr funksional əməkdaşlığın nümunəsini yaratmış olacaqlar.
Təkcə qanunla iş bitmir
Nəzəri cəhətdən bu qanunları dəyişib onları yerinə yetirməmək də olar. Necə ki sərbəst toplaşmaq hüququmuz konstitusiyada əskini tapsa da, ondan neçə illərdir istifadə edə bilmirik. Ona görə də sənədin qəbulu ilə yanaşı ikinci mühüm istiqamət real, qanunun işlək və üstünlüyünün təmin olunduğu mühiti fotrmalaşdırmaq olmalıdır.
İndi çalışmalıyıq ki, detallara varmadan, gərginlik yaratmadan, ən ümumi prinsiplər ətrafında bir ortaq məxcərə gələk, təzyiqlərimizi artıraq və ölkənin bütün demokratik qüvvələrinin səsylərini vahid bir istiqamətə yönəldək. Mən hamını konstruktiv mövqe tutmağa, layihəyə birmənalı dəstək verməyə çağırıram”.
Daha iki siyasi cəbhədən memoranduma dəstək
Açıq Cəmiyyət Partiyası sədrinin müşaviri Salman Əliyev təmsil etdiyi partiyanın hazırladığı bir sənədi təqdim etdi. Məlum oldu ki, Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı ACP-nin mövqeyi ilə müzakirəsi keçirilən sənəddə əksini tapan təkliflər üst-üstə düşür. “Gəlin birləşək, bir olaq, güclənək” deyə çıxış edən S.Əliyev İsa Qəmbəri və Əli Kərimlini Demokratik Məşvərət Məclisində iştirak etməyə səslədi. Daha sonra ACP-nin İP-in Dəyirmi masasına ünvanladığı rəsmi müraciəti oxudu.
Demokratik Qüvvələrin Məşvərət Məclisi adından çıxış edən Dünyəvi Boz Qurd Partiyasının sədri Şakir Ulubəy bildirdi ki, Məşvərət Məclisi bu sənədi bütövlüklə qəbul edib. Ona görə də bu sənədi Məşvərət Məclisinin də sənədi hesab etmək olar. Ş.Ulubəy bütün qüvvələri dialoqa çağırdı: “Hakimiyyətdə baş verən proseslər onu diqtə edir ki, biz koalisiya yaratmaq istiqamətində addım ataq. 31 dekabra kimi dünya azərbaycanlılarına birləşərək, böyük bir töhfə verək”.
Seçki, yoxsa boykot?
Sonra vəkil Qurban Məmmədov seçki və müzakirəyə çıxarılan sənədə münasibətini bildirdi. O, sənədin müzakirəsinə keçməzdən əvvəl dedi ki, əgər müxalifət hazırkı anti-demokratik şəraitdə seçkidə iştirak etsə, bütün xalqın inamını itirə bilər: “Çünki hamı bilir ki, seçkilər Azərbaycanda necə keçirilir. Ya seçki mühitini dəyişərək, təzyiq mexanizmlərini işə salmalı, ya da seçkidə iştirakdan imtina etməliyik. Xalq seçkiyə gedib bülletenləri götürüb müxalifətə təqdim eləməlidir ki, biz hakimiyyətə qarşı ciddi fakt ortaya qoya bilək. İndiki mühitdə seçkiyə getməyi mən hakimiyyətin seçki cinayətlərinə özümüzü şərik etmək hesab edirəm”.
Q. Məmmədov dedi ki, böyük iş görülsə də, Memorandum imzaya hazır deyil. Onun fikrincə, sənəddən öncə müxalifətin seçkiyə münasibəti aydın olmalıdır.
Memoranduma tanınmış vəkil Namizəd Səfərov da münasibət bildirdi. O, Memorandumu mütərəqqi sənəd adlandırdı. Lakin belə bir demokratik təklifləri hakimiyyətin heç vaxt qəbul etməyəcəyini dedi: “Azərbaycanda hakimiyyətin dəyişməsinin yolu seçkidən keçməyəcək. Biz meydan mübarizəsinin əsas yol olduğunu nəzərdən qaçırmamalıyıq”.
İP üzvü, professor Sultanhəmid Məlikov sənədi yüksək qiymətləndirdi. Həmçinin dedi ki, Azərbaycanda ya seçki adına heç nə olmayacaq, ya da tam demokratik seçkilər olacaq.
Seçki mütəxəssisi Bəşir Süleymanlı bildirdi ki, siyasi iradə olsa, bu sənəddəki təkliflər həllini asanlıqla tapar. Mübarizə və iş aparılmalıdır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli dedi ki, dəyişikliyin yolu ilk növbədə xalqın və müxalifətin aktivliyindən keçir. Aktivlik olmasa hətta demokratik seçki qanunu da dəyişikliklərə gətirib çıxarmayacaq.
“Məqsəd Əliyev rejimini tarixin arxivinə göndərməkdir”
Müsavat Partiyasının başqanı İsa Qəmbər həm xalqın qarşısında, həm hakimiyyətə qarşı, həm beynəlxalq birliklə dialoqda bu sənəd bizim işimizə çox ciddi şəkildə yarayacaq. Ona görə də mümkün qədər sürətlə bu sənədin rəsmiləşməsi istiqamətində çalışmaq lazımdır: “Müxtəlif formalarda ola bilər. Ayrıca bir tədbirdə keçirilib bu sənədi bəyənən qüvvələrin mövqeyi rəsmiləşə bilər. İctimai Palatanın demokratik müşavirə ideyası var idi. Onu yaxın zamanlarda reallaşdırmaq mümkün olsa, bu seçki islahatları ilə bağlı sənəd həmin müşavirənin ən önəmli sənədi kimi müzakirəyə çıxarıla və təsdiq oluna bilər. Yaxud da bu sənədin sadəcə texniki şəkildə imzalanıb cəmiyyətə, dünyaya təqdim edilməsini də həyata keçirmək olar”.
İsa Qəmbər vurğuladı ki, məsələ bu sənədin qəbul olunması ilə də bitməyəcək: “Məqsəd xalqın hakimiyyətini bərqərar etmək, Əliyev rejimini tarixin arxivinə göndərməkdir. 2013-cü ildə bunun üçün kifayət qədər real imkanlar var. Ümidsizliyə, pessimizmə son qoyulmalıdır”.
İnamsızlığa və boykota yox!
Seçkiləri baykot etməyin əleyhinə fikirləri səsləndirən İsa Qəmbər fəal mübarizənin gərəkliyini bəyan etdi: “Bizim bu gün əsas məqsədimiz cəmiyyətdə özünə inamı yaratmaqdır. Bunu biz fədakarlığımızla bərqərar eləyə bilərik. Beynəlxalq birliklə ciddi işləmək zərurəti vurğulanmalıdır. Son Avropa səfərimdə bu istiqamətdə müəyyən irəliləyişlər oldu. Avropada demokratiya dalğasına, Cənubi Qafqazda gedən proseslərə diqqət çox ciddidir”.
***
Sonda hüquq professoru Vidadi Mirkamal irəli sürülən təkilflər, səsləndirilən suallar ətrafında çıxış edərək, bildirdi ki, təkliflər, qeydlər nəzərdən keçiriləcək sənədin yekun variantında nəzərə alınacaq. V.Mirkamal dedi ki, uzağı dekabrın 31-də bütün demokratik qüvvələri bir araya gətirib bu memorandum ətrafında böyük koalisiya yaratmaq zərurəti meydana çıxıb.
Natiq