Rəqəmlər Əliyevin optimizmini darmadağın edir
Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatının 95 faizi neftdən asılı vəziyyətdədir. Azərbaycan hakimiyyəti uzun illər ərzində qeyri-neft sektorunun inkişafında maraqlı olmayıb və neftdən gələn milyardlar hesabına manevr ediblər. Neftdən asılı olan ölkələr üçün neftin qiymətdən düşməsi ağır zərbədir. Tendensiya onu göstərir ki, neftin qiymətinin düşməsi davam edəcək. Deməli, Azərbaycan bu mərhələdə ağır itkilərə məruz qalacaq. Amma ölkə başçısı Ilham Əliyev bunu inkar edir. O bildirir ki, neftin qiymətinin düşməsi ölkəyə heç bir mənfi təsir göstərməyəcək. Yəni, ölkə iqtisadiyyatı və vətəndaşlar bu mərhələdən gülə-gülə çıxacaq.
Ilham Əliyev həmişəki kimi reallıqları təkzib etməkdə israrlıdır. Iqtisadçı ekspertlər isə real vəziyyətin acınacaqlı olduğunu söyləyir.
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin eksperti Rövşən Ağayev sosial şəbəkədə 2015-ci ilin mümkün “büdcə ssenariləri”nə toxunub. Iqtisadçı qeyd edir ki, “Büdcə sistemi haqqında” Qanuna görə, əmək haqqı, pensiya, sosial müavinətlər və ödəniş, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər müdafiə olunan xərclərdir və bu xərclərə büdcə ili ərzində ixtisar tətbiq oluna bilməz: “2015-ci ildə bu xərclərin ümumi məbləği təxminən 6.3 milyard manatdır: Öz növbəsində əmək haqqı xərcləri 3.4 milyard manat, sosial müdafiə xərcləri 1.8 milyard manat, dövlət borclarının ödənilməsi ilə bağlı xərclər 1 milyard manat. Deməli, neftin ehtimal olunan ən aşağı qiyməti şəraitində belə hökumət 21.1 milyardlıq büdcə xərcinin 6.3 milyard manatını (30 faizi) mütləq maliyyələşdirməlidir”.
R.Ağayev neftin qiymətinin hazırkı 50-55 dollar intervalında rəqs eləcəyi təqdirdə hökumətin yerdə qalan və müdafiə olunmayan 14.8 milyardlıq büdcənin ixtisarına gedib-getməyəcəyi sualına cavab axtarmağa çalışıb: “Iki ssenari var: Birincisi, 2015-ci il ərzində neftin qiyməti hazırkı səviyyədə qalır və hökumət dövlət büdcəsi ilə bağlı xərclərini də olduğu kimi saxlayır. Bu halda Neft Fondunun büdcəsi proqnozlaşdırılan 10.2 milyard manat gəlirə qarşı ən yaxşı halda 6 milyard manat gəlirə malik olur. Hökumət isə büdcəyə Fonddan köçürülməli olan 10.3 milyard manatı tam ödəmək üçün Fondun əvvəlki illərdə formalaşan ehtiyatlarından da əlavə olaraq 4 milyard manat dövlət büdcəsinə cəlb edir. Ikincisi, il ərzində neftin qiyməti indiki həddə qalır və hökumət müdafiə olunmayan 14.8 milyardlıq hissə hesabına xərclərdə ixtisar aparır, uyğun məbləğdə Neft Fondunun transfertlərinin həcmi də azaldılır və Fondun ehtiyatlarına əl atmağa ehtiyac qalmır. Kritik vəziyyətlərdə ixtisar üçün hökumətin manevr imkanları var. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin çox kiçik hissəsi – cəmi 25 faizi ”toxunulmaz fond” adlandırılan əmək və sosial müdafiə xərclərinin payına düşür. Indi aydın görünür ki, son 10 ildə hökumət büdcəni 8 dəfə artıranda daha çox toxuna biləcəyi xərclərə pay ayırıb ki, geri çəkilməyə meydançası olsun”, – deyə iqtisadçı ekspert bildirir.
Deməli, hökumət müdafiə olunmayan hissənin hesabına vəziyyətdən çıxmağa cəhd edəcək. Bəs bu neftin mənfi təsiri deyil? Minlərlə insanın ixtisara düşməsi, tikintilərin dayandırılması, tikinti materialları bazarında alış-verişin dayanması, sürücülərin işsiz qalması və s. əhalinin zərbə alması deyilmi?
“Neftin qiymətinin ucuzlaşmasından ARDNF-in itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər”. Bu fikirləri isə iqtisadçı-ekspert Qubad Ibadoğlu özünün “Facebook” səhifəsində bildirib.
Iqtisadçı yazıb ki, bu il Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilat ötən ilki səviyyəsində qalarsa, dünya bazarında UK Brent xam neftinin 1 barelinin qiyməti 2015-ci ildə pis ssenari üzrə orta hesabla 40 dollar olarsa, Dövlət Neft Fondu (DNF) 3 milyard 714 milyon, orta ssenari üzrə 50 dollar olarsa, 4 milyard 704 milyon, yaxşı ssenari üzrə 60 dollar olarsa, 5 milyard 942 milyon ABŞ dollarlıq mənfəət neftinə sahib ola bilər: “Bu isə o deməkdir ki, ötən illə müqayisədə Dövlət Neft Fondunun gəlirləri il ərzində 1 barelin qiyməti 40 dollar olarsa, 9 milyard 116 milyon, 50 dollar olarsa, 7 milyard 586 milyon, 60 dollar olarsa, 6 milyard 348 milyon ABŞ dolları azala bilər. Yəni DNF-nin neftin qiymətinin ucuzlaşmasından itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər. Nəzərə alsaq ki, ARDNF-in bu il ərzində yalnız dövlət büdcəsi qarşısında öhdəliyi 10 milyard 388 milyon manat və ya 13 milyard 233 milyon ABŞ dollarıdır, onda Fondun cari ildəki gəlirləri yalnız büdcəyə nəzərdə tutulan transfertin pis halda 28 faizini, orta halda 35,5 faizini, yaxşı halda isə 47,9 faizini ödəyə bilər. Yerdə qalan vəsaitlərin maliyyələşdirilməsi üçün yeganə mənbə Fondun aktivləridir”.
Q.Ibadoğlunun fikrincə ARDNF aktivlərdən istifadə zamanı əlavə cərimələrlə üzləşə bilər: “Aktivlərin müxtəlif banklarda və bazarlarda yerləşdirildiyini nəzərə alsaq, o halda onun idarəedilməsi siyasətində indidən dəyişikliklər aparılmalıdır. Əks tədqirdə lazım olan sərbəst vəsaitin büdcəyə və digər strateji layihələrə yönəldilməsi vəsaitlərin idarəedilməsinə dair mövcud müqavilələrin pozulmasına, bu səbəbdən də əlavə cərimə və itkilərə səbəb ola bilər. Odur ki, təklif edirəm ki, ARDNF 2015-ci il üçün aktivlərinin idarəedilməsi siyasətində dəyişikliklər aparmalı, sabitləşdirmə funksiyasını təmin edə biləcək vəsait mənbələri formalaşdırmalıdır ki, onun təyinatı üzərində istənilən zaman sərbəst sərəncam vermək imkanı yaransın”.
Hər iki ekspertin ortaya çıxardığı faktlar göstərir ki, neftin qiymətdən düşməsi Azərbaycana pis “sürpriz”lər hazırlayır.
Bəs, Ilham Əliyevin aşırı optimizmi nədən xəbər verir? Bu sualın iki cavabı ola bilər.
Ya Ilham Əliyev xalqı aldadır, ya da etiraf edir ki, neft gəlirlərinin heç vaxt xalqa aidiyyatı olmayıb. Və buna görə də neftin qiymətdən düşməsi sadə camaata təsir etməyəcək.
Vəziyyət bu qədər sadədir. Gözlə görünən fəlakəti, xoşbəxtlik kimi təqdim etməyi bacaran hakimiyyətimiz var.
Akif