Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar öz təsirini göstərməkdədir. Rusiyanın valyutası hər ötən gün mövqelərini itirməkdədir. Prosesin qarşısının alınması istiqamətində Rusiya Mərkəzi Bankının atdığı addımlar isə yetərli deyil. Hazırda Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhran ölkəmiz üçün də risklər yaradır. Bu risklər əsasən iki istiqamətlidir. Birinci istiqamət Azərbaycanın dövlət vəsaitlərinə yaranan təhlükədən gedir. İkinci istiqamət isə Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana göndərdiyi vəsaitlə bağlıdır. Rusiya iqtisadiyyatını vuran sanksiyalar soydaşlarımızdan da yan keçməyəcək.
Vahid Əhmədov: «Azərbaycan valyuta ehtiyatlarının bir hissəsini rublda saxladığından müəyyən qədər təsirlər olacaq»
Millət vəkili, iqtisadçı Vahid Əhmədov hesab edir ki, rublun məzənnəsindəki düşüş heç şübhəsiz Rusiyada yaşayan soydaşlarımıza təsir edəcək. V.Əhmədovun sözlərinə görə, digər bir təsir Azərbaycan dövlətinin valyuta ehtiyatlarına olacaq: «Soydaşlarımız Rusiyada yaşayır və işləyir. Baş verənlər onların Azərbaycana göndərdiyi vəsaitə təsir qaçılmazdır. Digər bir tərəfdən Azərbaycan valyuta ehtiyatlarının müəyyən hissəsini xaricdə saxlayır. Bu valyuta ehtiyatları əsasən funtsterlinqdə, dollarda və müəyyən hissəsi rublda saxlanılır. Ona görə müəyyən qədər təsiri olacaq. Ümumiyyətlə bu proses hələ bir müddət davam edəcək”.
Samir Əliyev: «Rus rublunun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında göstərir»
Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhranın bizim üçün də risklər yaratdığını deyən iqtisadçı Samir Əliyev vurğuladı ki, böhran dərinləşdikcə onun neqativ təsiri daha qabarıq hiss etməyə başlanılacaq: «Rusiyanın beynəlxalq ehtiyatları son 2 həftədə 3,6 milyard dollar azalaraq $458,3 milyardan $454,7 milyarda düşüb. Fitch ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə ehtiyatlar ilin sonuna $450 milyarda, 2015-ci ilin sonuna isə $400 milyarda düşə bilər».
İqtisadçının sözlərinə görə, problemlər bununla bitmir. Maliyyə Nazirliyniin hesablamalarına görə, neftin qiymətinin $110-dan $93-ə düşməsi nəticəsində ixracın ildə $55 milyard azalmasına gətirib çıxaracaq: «Ölkədə inflyasiya təzyiqi artır. İnflyasiya İqtisadi İnkişaf Nazirliyinin hətta son dəfə artıraraq proqnozlaşdırdığı 7,4%-lik səviyyəni ötərək 8%-ə çatıb. Bu azmış kimi Rusiyanın Avropaya təsir rıçaqlarından biri, ildə 63 milyard kubmetr qaz ixrac etməyə imkan verən “Cənub axını” qaz kəmərinin dəyəri ümumilikdə təxminən 45% artaraq 28 milyard avrodan 40 milyard avroya yüksəldiyi məlum olub.
İqtisadiyyatda müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 20%-dən çox ucuzlaşaraq 40 rubla düşüb. Təkcə sentyabrda ucuzlaşma 7,5% olub. Mərkəzi Bank iyun ayından sonra bazara müdaxilə etməməyə üstünlük versə də oktyabrın əvvəli müdaxilə etmək məcburiyyətində qalıb. Mərkəzi Bank valyuta dəhlizinin sərhədlərini yenidən artıqmaq məcburiyyətində qalıb. Hazırda bu hədlər 35,85-44,85 rubl təşkil edir. Bloombergin hesablamalarına görə, Rusiya Bankı oktyabrın 2-dən sonra rublun dəstəklənməsi üçün bazarda 2 milyard dollar satmalı olub. Bu, mart ayından sonra ən böyük göstəricidir».
S.Əliyevin sözlərinə görə, hazırda haqlı olaraq Azərbaycan mətbuatını rublun ucuzlaşmasının Azərbaycana hansı təsir etdiyi düşündürür. S.Əliyev qeyd etdi ki, ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşması ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir: «Nəzərə alandakı Rusiya soydaşlarımız üçün “iş yeridir” bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar. Ancaq qonşu olmasına rəğmən ticarət əlaqələri olmayan Ermənistanın milli valyutasının dəyişməsinin Azərbaycana təsiri olmadığı fikrini söyləyə bilərik. Qalan ölkələr isə bu və ya digər formada təsir göstərir. Ona görə də bu ölkədə baş verən iqtisadi hadisələrin bizə təsirinin olması labüddür. Rus rublunun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında göstərir. Rublun il ərzindən 20%-dən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə $1,2 milyard həcmində pul göndərilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq bu rəqəmin artdığını görə bilərik. Bu pullar təbii ki rubla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxar. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəğəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə miqrantlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir».
S.Əliyevin sözlərinə görə, rublun ucuzlaşmasında ikinci zərər Neft Fondunun Rusiyadakı aktivlərində yaranır. Fond 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. 2013-cü ilin sonuna olan məlumata görə, Fondun ehtiyatlarında rublun payı 2,07%-dir. Eyni zamanda Fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində hər birinin nominal dəyəri 0,041 rubl olan səhmləri ucuzlaşaraq 0,038 rubla düşüb: «Həm VTB bankın səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin “əriməsinə” gətirib çıxarıb. Daha bir təsir rublun ucuzlaşmasının Azərbaycanın ixrac potensialını zəiflətməsidir. Milli valyutamız məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu onların rəqabət qabiliyyətliliyini aşağı salır».
S.Əliyev onu da vurğuladı ki, rublun ucuzlaşması ilə yanaşı neftin qiymətinin də düşməsi rublun devalivasiyasını vacib edir. Bu isə Azərbaycana da təsirsiz ötüşməyəcək: «Müxtəlif hesablamalara görə, neftin barelinin 10 dollar ucuzlaşması büdcə gəlirlərinin 600-1500 milyard rubl azalması deməkdir. Ekspertlərin digər hesablamalarına görə, dolların 1 rubl bahalaşması büdcəyə əlavə olaraq 150-180 milyard rubl gəlir gətirir. Deməli, rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Təbii ki devalvasiyanın Rusiya üçün mənfi təsirləri çox olacaq. Təəssüf ki bundan Azərbaycana pay düşəcək».
Xəyal