Samir Əliyev: «Hazırda əhalinin xərclərinin yarısının ərzağa yönəlməsi gəlirlərin aşağı olması ilə bağlıdır»
ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) dünya ölkələrinin əhalisinin qazancının hansı hissəsinin ərzağa sərf olunduğunu əks etdirən hesabatla çıxış edib. Azərbaycan bu göstərici üzrə dünyanın ən geridə olan ölkələri arasındadır və Pakistan, İndoneziya kimi ölkələrlə yanaşıdır.
Hesabata görə dünyada ərzağa qazandıqlarının ən az hissəsini xərcləyən Amerika əhalisidir. Bu ölkədə əhali qazancının cəmi 6.6 faizini ərzağa sərf edir. Qalanını isə keyfiyyətli tibbi xidmətə, təhsilə, istirahətə, əyləncəyə və digər məqsədlərə xərcləyir. İnkişaf etmiş ölkələrdən Böyük Britaniya, Kanada və Almaniya əhalisi isə qazancının orta hesabla 9 faizini ərzağa sərf edir.
ABŞ Kənd Təsərrüfatı Departamentinin araşdırmasına görə daha varlı ölkələrin əhalisi gəlirlərinin daha az hissəsini ərzağa xərcləyir. Bunun intuitiv mənası var. Belə ki, insanın fiziki olaraq sərf edə biləcəyi ərzağın yuxarı həddi var və ölkələr varlandıqca onların əhalisi də qazandıqlarının daha çox hissəsini səhiyyə, əyləncə və istirahət kimi sahələrə sərf edə bilirlər. Məsələn, Cənubi Koreya əhalisi 1975-ci ildə qazancının üçdə birini ərzağa sərf edirdi, hazırda isə bu rəqəm cəmi 12 faizdir.
Araşdırmaya görə əhalinin qazancının hansı hissəsini ərzağa sərf etməsi bir tərəfdən onun gəlirlərinin səviyyəsi ilə bağlıdırsa digər tərəfdən ərzaq qiymətlərinin də buna təsiri var. Məsələn, orta statistik amerikalı ildə ərzağa 2273 dollarr xərcləyir. Söhbət ev şəraitində istifadə olunan ərzaqdan gedir. Orta statistik Almaniya sakini isə ildə 2481 dollarlıq ərzaq alır. Fransada bu rəqəm 3037 dollar, Norveçdə isə daha böyük-4485 dollardır. Bunda Avropada ərzaq qiymətlərinin nisbətən baha olmasının da rolu var.
Maraqlıdır ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin araşdırmasına görə qazancının ən çox hissəsini ərzağa sərf edən Azərbaycan əhalisidir. Azərbaycanda əhali qazancının az qala yarısını-48.5 faizini ərzağa sərf edir. Pakistanda bu rəqəm 45.4 faiz, İndoneziyada 44.1 faiz, Nigeriyada 44.9 faiz, Əlcəzairdə 43.8 faiz, Gürcüstanda 42.1 faiz, Belarusda 44 faiz, Ukraynada 42.2 faizdir. (virtualaz.org)
İqtisadçı Samir Əliyev hesab edir ki, Azərbaycanda bu cür acınacaqlı durumun yaranmasının səbəbi əhalinin gəlirlərinin aşağı olmasıdır. S.Əliyev bildirdi ki, əhalinin gəlirləri az olduqca xərclərdə ərzağın payı bir o qədər artıq olur: «Ərzaq məhsulları insanın əsas tələbatıdır. İnsan geyiminə fikir verməyə bilər. Amma insan özünü ac saxlamaz. Hazırda Azərbaycan vətəndaşının il ərzində qazanldığı gəlir 3200 manat edir. Bu bir aya 267 manat gəlir deməkdir. Azərbaycan vətəndaşının geyimə, nəqliyyata, kommunal xərclərə aylıq ödənişi 200 manat edir. Bu minimal xərcdir. Hazırda əhalinin xərclərinin yarısının ərzağa yönəlməsi gəlirlərin aşağı olması ilə bağlıdır. Gəlirlər artdıqca bu rəqəm də azalır».
S.Əliyev bildirdi ki, inkişaf etmiş ölkələrdə əhalinin gəlirləri çox olduğundan onların ərzağa xərcləri azdır. Əlavə qalan vəsaitləri isə onlar təhsilə, səhiyyəyə və səyahətə xərcləyirlər.
Xəyal