Vahid Məhərrəmov: «Hər il belə elan verirlər, ancaq bunun müqabilində məhsul qəbul etmirlər»
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün cari ilin iyul ayının 2-dən yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buğda Nazirliyin “Səngəçal” və “Gəncə” Taxıl elevatorları, həmçinin, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “FATOĞLU” MMC, N. Quliyev adına “Bakı-Taxıl” ASC, “Araz ASC” və “Aveta” MMC müəssisələri vasitəsilə qiyməti bir ton üçün 240 AZN olmaqla qəbul edilir.
Dövlət Taxıl Fonduna qəbul olunan taxılıq keyfiyyəti ilə bağlı şərtlər də açıqlanıb.
Digər sahələrdə olduğu kimi ölkəyə buğdanın gətirilməsi də inhisarçıların nəzarətindədir. Belə olan halda bğdanın bir tonu üçün nəzərdə tutulan qiymətin də inhisarçıların maraqlarına cavab verdiyini ehtmial etmək olar. Əslində bu sahədə vəziyyət necədir?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son bir ayda dünya bazarında buğdanın qiymətinin təxminən 10 faiz ucuzlaşdığını deyir. Ucuzlaşmaya səbəb isə il məhsuldarlıqda gözlənilən artımdır. Lakin tam dəqiq proqnoz avqust ayında müəyyən olunacaq: «Həm Çində, həm Hindistanda buğda istehsalı artdığı üçün bu il məhsuldarlıqda artım gözlənilir. Azərbaycanın ölkəyə idxal etdiyi buğda 4-cü sinif buğda standartına uyğun gəldiyi üçün bu nisbətən ucuzdur. Yəni idxal olunan buğdanın bir tonu 250 dollardan hesablanır. Ölkə daxilində güman ki, 3-cü sinif buğdanın hər tonuna 240 manat ödəniləcək. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda 3-cü sinif buğda standartına uyğun gələn buğda demək olar yoxdur. Əvvəlki illərdə bu standarta uyğun buğda qəbul edilməyib. Hər il belə elan verirlər, ancaq bunun müqabilində məhsul qəbul etmirlər».
Ekspert məhsulun keyfiyyətinin aşağı düşdüyünü də qeyd edir. Bununla bağlı dəfələrlə hökumətə müraciət olunsa da, tədbir görülməyib: «Neçə ildi hökumətə deyirik ki, ölkəyə müəyyən avadanlıqlar gətirilməlidir. Biçindən sonra qısa müddətdə buğda qurudulmalıdır, təmizlənməlidir, siniflərə ayrılmalıdır. Belə olan halda fermer onda nə qədər 1-ci, 2-ci və 3-cü sinif buğdanın olduğunu biləcək və bu buğdanı da taxıl fonduna təqdim edə biləcək».
Fizzə