Rövşən Ağayev: «Büdcə xərclərinin bölgüsündə bir proporsionallıq olmalıdır»
Samir Əliyev: «Düşünürəm ki, xərclər əvvəlcədən bərabər paylanmalıdır»
Azərbaycanda dövlət büdcəsinin xərclərinin bölgüsündə proporsiyanın gözlənilməməsinə dair hər il yazılsa da, eyni vəziyyət 2014-cü ildə də özünü göstərib. Xüsusilə, ilin son ayında – dekabrda digər aylarla müqayisədə iki dəfədən artıq xərclənmənin həyata keçirilməsi diqqəti çəkir.
Çünki ötən ilin ikinci yarısında neftin ucuzlaşması büdcənin icrasında müəyyən problemlər yaratmışdı. Bu səbəbdən büdcənin xərclər hissəsi proqnoza nisbətən 1,3 milyard manat kəsirlə icra edildi. Ilk baxışdan hökumətin investisiya xərclərinə əl gəzdirdiyini ehtimal etmək olar. Amma ötən ilin büdcə icrasına dair ilkin təhlillər onu deməyə əsas verir ki, əsaslı vəsait qoyuluşlarında böyük ixtisarlar aparılmayıb. Bunu elə Azərbaycan Mərkəzi Bankının aylar üzrə büdcə bölgüsünə dair statistikasına əsasən demək olar. Bəllidir ki, ilin son ayında xərclərin “şişməsi” məhz investisiya layihələri ilə bağlı müqavilələrin son rübdə bağlanması ilə əlaqədardır. Ötən il büdcə xərclərinin 20 faizinin dekabr ayında istifadə edilməsi investisiya xərclərinin ixtisarı ilə bağlı ehtimalları şübhə altına alır. Beləliklə, 2014-cü ilin dekabr ayında 3.6 milyard pul xərclənib.
Xatırladaq ki, belə qeyri-bərabər proporsionallıq 2010-cu ildən ekspertlərin diqqətini çəkməyə başlayıb. Belə ki, 2010-cu ildə 11.8 milyardlıq büdcənin, demək olar, 30 faizi, yəni 3,3 milyard manatının yalnız dekabr ayında xərcləndiyi müəyyən olunmuşdu. Hər il dekabr ayında orta göstəricidən iki-üç dəfə çox vəsait xərclənib. Bu isə haqlı olaraq büdcə vəsaitlərinin ilin sonunda xərclənməsi deyil, “silinməsi” təsəvvürünü yaradır və eyni zamanda büdcə vəsaitlərindən səmərəsiz istifadənin təzahürüdür(“Bizim Yol”).
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin eksperti Rövşən Ağayev bildirib ki, “Büdcə sistemi haqqında” Qanunda büdcənin proporsional bölüşdürülməsi məsələsi dəqiq şəkildə tənzimlənmir: “Reallıq ondan ibarətdir ki, qanunda büdcənin aylara və rüblərə görə bölgüsünə dair dəqiq mexanizmlər, normalar təqdim edilmir. Sadəcə olaraq qanunda göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı, yəni Maliyyə Nazirliyi büdcənin aylıq bölgüsünü aparmalıdır. Ona görə də proporsiyanın pozulmasını qanunsuzluq, hüquqdan kənara çıxma kimi təqdim edə bilmirik”.
Lakin iqtisadçı hesab edir ki, büdcənin xərclərinin bölgüsündə bir proporsionallıq olmalıdır: “Diqqət yetirdikdə, proporsionallıq ilin 9 ayında gözlənilsə də, sonuncu rübdə ciddi pozulur. Baltikyanı ölkələrin təcrübəsindən çıxış edərək deyək ki, bu dövlətlərdə Maliyyə Nazirliyi büdcənin aylıq və rüblük proqnozlarını açıq saxlayır. Yəni büdcənin xərclər üzrə bölgü proqnozunu təsdiqləyir və bu, ictimaiyyət üçün açıq olur. Burada mütləq deyil ki, xərclər 12 ay üzrə bərabər şəkildə bölünsün. Büdcə xərclərinin hansısa işləri, məsələn, nəqliyyat vasitələrinin alınması, hərbi sahədə və digər bu kimi sifarişlər ilin bütün aylarında həyata keçirilmir, müəyyən ayda, rübdə aparılır. Bütün bunlar sadəcə olaraq, ictimaiyyət üçün açıq, şəffaf olmalıdır”.
Iqtisadçı Samir Əliyev də bildirdi ki, hər il ilin son ayları büdcə vəsaitləri daha çox xərclənir. Bu təkrarlanan tendensiyanın səbəbinə gəlincə, S.Əliyev bildirdi ki, büdcədə xərclənməyən vəsaitin qalmaması üçün son aylarda xərclər bir neçə dəfə artırılır. “Bu tendensiya isə büdcə vəsaitlərinin təyinatından yayınma, kənar xərclənməsi ilə bağlı çoxlu suallar yaradır. Bu arzuolunmaz haldır və düşünürəm ki, xərclər əvvəlcədən bərabər paylanmalıdır”.
Iqtisadçı Oqtay Haqverdiyev isə bildirdi ki, ilin sonunda büdcə xərclərinin artması qanunsuz deyil. Amma bununla belə bu cür xərcləmə də düzgün yanaşma deyil: “Büdcədəki vəsaitlər sona qədər xərclənməsə, xəzinəyə geri qaytarılır. Ilin sonunda isə xərclərin artması investisiya layihələri ilə bağlıdır. Ilin sonunda tikinti xərcləri bağlanır. Amma bu addım atılmasa, daha yaxşı olar”.
Xəyal