Dövlət Statistika Komitəsi vətəndaşları necə çaşdırır?
Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Azərbaycan bazarındakı kənd təsərrüfatları məhsullarının bu ölkəyə daşınması bahalaşmaya səbəb olub. Özü də cüzi bahalaşmadan söhbət getmir. Bir neçə günün ərzində kənd təsərrüfatı məhsullarının qiymətində əhəmiyyətli bahalaşma olub.
Faizlə götürsək, qiymətlərin bir neçə 100 faiz bahalaşdığını söyləmək olar. Hakimiyyət isə hər vəchlə bunu ört-basdır etməyə çalışır. Hakimiyyət təmsilçiləri iddia edir ki, bahalaşmanın Rusiyaya dəxli yoxdur. Digər tərəfdən onların iddialarına görə, qiymət sıçrayışı hiss edilməz səviyyədədir.
Dövlət Statistika Komitəsi isə bahalaşmanı ört-basdır etmək üçün diqqəti istehsalçı qiymətlərə yönəldib. ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 faiz bahalaşıb.
Bu sadəcə vətəndaşları çaşdırmaqdan başqa deyil. Vətəndaşlar alış-verişi bağ-bostandan, tarladan, zəmidən etmir. Alış-veriş pərakəndə və topdansatış mərkəzlərindən edilir ki, burada qiymətlərin artım səviyyəsi 2.3 faizdən dəfələrlə çoxdur. Məsələn, əgər pomidorun 1 kiloqramı bir həftə əvvəl 50 qəpik idisə, indi 1 manat 50, bəzi yerlərdə 1 manat 80 qəpikdir. Dövlət Statistika Komitəsi hesablasın görək, bu qiymətlərdəki fərq 2.3 faizdirmi?
Qurumun açıqlaması həmçinin sual doğurur ki, niyə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2.3 faiz artdığı halda satış qiymətlərində bahalaşma yüksəkdir? Bəlkə bu möhtəkirliklə bağlıdır? Sualın cavabını Dövlət Statistika Komitəsinin öhdəsinə buraxırıq.