Natiq Cəfərli: «Müşavirədə bank sektorunun tamamilə inhisarçılığa alınması prosesində son akkordlar vurulub»
Ilham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ən çox diqqətçəkən məqamlardan biri də ölkə başçısının banklarla bağlı fikirləridir.
Xatırladaq ki, Əliyev bankların iqtisadiyyatın real sektoruna vəsait ayırmalı olduğu halda bunu etmədiklərini deyib. Dövlət başçısı bankların daha çox istehlak kreditləri verdiklərini, investisiya kreditlərinə diqqət ayırmadıqlarını bildirib.
Ölkə başçısının bu fikirləri ilə baxışdan normal görünür. Lakin məsələ bundadır ki, ölkədə banklar ya hakim ailəyə, ya da həmin müşavirədə iştirak edən məmurlara məxsusdur. Həmçinin ölkədə normal mühit olmadığından investisiya kreditlərinə tələbat da azdır. Ölkədə fəaliyyət göstərən 40-dan artıq bankın kredit portfeli 15-17 milyard civarındadır. Həmin vəasitin də təxminən 5 milyardı əhalinin əmanətidir, yerdə qalanı isə oliqarxlara məxsusdur. Ölkə başçısı da investisiya kreditləri verməyi tələb edir. Azərbaycanda investisiya kreditlərini də də yalnız həmin oliqarxların yaxınları ala bilər. Çünki bütün sahələr məhz onların nəzarətindədir.
Amma istənilən halda dövlət başçısının çıxışından sonra müəyyən dəyişikliklər gözləmək olar. bu gözləntilər nədən ibarətdir?
Iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, müşavirədə bank sektorunun tamamilə inhisarçılığa alınması prosesində son akkordlar vurulub. Indiyə qədər inhisarçılığa alınmayan və müəyyən dərəcədə müstəqil fəaliyyət göstərməyə cəhd edən banklar bir müddətdən sonra tamamilə inhisarçı bir qrupun əlinə keçəcək.
Ekspertin sözlərinə görə, investisiya kreditlərinə gəldikdə, Azərbaycan iqtisadiyyatı elə bir pis vəziyyətdədir, inhisarçılıq, korrupsiya elə bir dəhşətli dərəcədədir ki, investisiya kreditlərinin alınmasının sərfəli olub-olmamağı müzakirə edilməlidir. Yəni prezidentin çıxışında istehlak kreditlərinin faizinin çox yüksək olduğu, istehsal kreditlərinin verilmədiyi deyildi. Bu, nəticədir. Amma səbəblər bu deyil: “Səbəblər odur ki, Azərbaycanda inhisarçı iqtisadi model qurulub, xarici investorların ölkəyə gəlişində ciddi əngəllər var. Neft-qaz sektorunda tamam ayrı oyun qaydalarıdır və Azərbaycan hakimiyyəti o oyun qaydalarına riayət etmək məcburiyyətindədir. Amma real sektora Azərbaycan investorları gəlmir. Çünki investisiyaların əsas çəkisini dövlət investisiyaları tutub. Bu da təmir-tikinti sahələridir. Istehsalla, kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə, kiçik və orta biznesə kreditlərin verilməsində ona görə məhdudiyyətlər var ki, inhisarçı mühitdə, bu qədər korrupsiyalaşmış iqtisadiyyatda sadəcə bu investisiyalar özünü doğrultmur”.
Ekspertin fikrincə, söhbət tək investisiyaların qoyulmasından, kreditlərin həcmindən, yüksək faizdən getmir, həm də mühitdən gedir: “Azərbaycan DTT-yə üzv olmaq, oyun qaydalarını dəyişmək istəmir. Azərbaycanda inhisarçılıq və korrupsiya ilə mübarizə aparılmır. Bütün bunlar ona gətirib çıxarır ki, istehsal sahəsinə maraq azalır və banklar məcburən istehlak kreditlərinə yönəlirlər. Çünki, ən çox gəlir gətirən sahə istehlak kreditləridir. Rəqabətli mühit yoxdur. Istehlak kreditlərinin yönləndirildiyi ticarət şəbəkəsində əsas mal gətirənlər, idxalla, ixracla məşğul olanlar həmin oliqarxlardır, nazirlərə, onların yaxınlarına aid olan şirkətlərdir. Onlar ölkəyə gətirdikləri malların qiymətini öncədən inhisarçı qaydada tənzimləyirlər. Kreditlərin faizinin belə yüksək olması da məhz bu rəqabətsizliyin nəticəsidir. Ona görə də prezidentin danışdığı nəticədir. Səbəblər haqqında danışmır, ya da danışmaq istəmir. Səbəblər müzakirə olunarsa, araşdırılarsa, səbəblərin üzərinə gedib onu həll etməyə siyasi iradə olarsa, onun gətirdiyi faktlar, nəticə öz özünə aradan qalxacaq. Ancaq çox təəssüf ki, hələ ki söhbət nəticədən gedir. Səbəblər haqqında danışan yoxdur”.
Fizzə